EN

Müharibənin iqtisadi mərhələsi başlayır

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranla silah ticarətinə cəlb olunan ölkələr ABŞ-nin hədəfində ola bilər.

Prezident Donald Tramp bu barədə dünya ölkələrinə xəbərdarlıq edib. Ağ Evin rəhbəri öz “Truth Social” şəbəkəsində qeyd edib ki, İrana silah tədarük edən istənilən ölkəyə dərhal tarif tətbiq olunacaq. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə heç bir ölkəyə güzəştə getməyəcək. “İrana silah tədarük edən istənilən ölkənin ABŞ-yə satılan bütün mallarına 50% həcmində rüsum qoyulacaq və bu qərar dərhal qüvvəyə minəcək. Heç bir istisna və ya güzəşt olmayacaq”, - deyə ABŞ lideri vurğulayıb.

Maraqlıdır, ABŞ ilə münaqişə fonunda İrana hansı ölkələr silah tədarük edə bilər? Həmin ölkələrin siyahısında Hindistanın olması nə dərəcədə mümkündür? Belə demək olarmı ki, İranla müharibə artıq iqtisadi mərhələyə keçir? 

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, hazırkı münaqişə fonunda Moskva və Pekinin İrana silah satışı istisna deyil:

“Bildiyimiz kimi, ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub. Ağ Ev İrana silah satışının qarşısını almaq istiqamətində addımlar atmaq niyyətindədir. Hesab edirəm ki, Rusiya və Çini çıxmaq şərti ilə heç bir ölkə İrana silah tədarük edə bilməz. ABŞ kəşfiyyatı bu prosesə çox ciddi şəkildə nəzarət edir. Bəli, hazırkı münaqişə fonunda Moskva və Pekinin İrana silah satışı istisna deyil. Çinin neft müqabilində İrana silah ötürməsi mümkündür.

Hindistana gəlincə, Dehli də İrandan neft alır. Hindistan da neftin barteri əsnasında İrana silah ötürə bilər. Amma burada xüsusi bir məqamı nəzərdən qaçırmaq olmaz - hazırkı münaqişə fonunda Dehlinin İrana silah tədarükü, bu proses gizli şəkildə aparılsa belə, onsuz da aşkar olunacaq, Hindistan-ABŞ münasibətlərində ciddi böhrana gətirib çıxaracaq. Buna görə də Hindistan rəhbərliyi bu məsələdə ehtiyatlı davranmağa çalışacaq. Bundan başqa, cənub-şərqi Asiya ölkələri də İrana silah satışını həyata keçirə bilməz”. 

M. Əsədullazadənin fikrincə, İranla müharibə artıq iqtisadi mərhələyə keçir: 

“ABŞ İranın iqtisadiyyatının çökdürülməsi istiqamətində daha da güclü addımlar atmaqda qərarlıdır. Əgər İslamabadda ABŞ ilə İran nümayəndələri arasında baş tutan görüşdə bir sıra önəmli məsələlər üzərində razılaşma əldə olunarsa, ABŞ Tehrana qarşı iqtisadi tədbirlərini dayandıra bilər, hətta müəyyən iqtisadi və humanitar sahələrində sanksiyaları yumşal da bilər. Amma silah satışı ilə bağlı sanksiyalar öz qüvvəsində qalacaq. Bir məsələ də var ki, İsrailin Livanda hərbi əməliyyatları İslamabad görüşündə tərəflərin ortaq razılaşmaya gəlməsini sual altında qoyur”. 

Yunis Abdullayev

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
1
cebheinfo.az

2Sources