ain.az, Apa.az portalına istinadən məlumat verir.
Qarşı tərəfi dehumanizasiyaya məruz qoymayan yeni narrativlər yaratmalıyıq.
APA xəbər verir ki, bunu yazıçı və mədəni antropoloq Lusine Haratyan “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.
“Yeni narrativlərin yaradılması vacibdir — elə narrativlər ki, qarşı tərəfin dehumanizasiyası olmasın, əksinə, insanların insan kimi təqdim olunması ön planda olsun. Mediada nifrət nitqi nə qədər az olarsa, bu proses bir o qədər sağlam, uzunmüddətli və dayanıqlı olar, insanların həm prosesə, həm də sülhə aparan yola inamı artar. Məncə, bu, hər iki tərəfdə atıla biləcək çox konkret addımdır.
Keçmişi unutmaqdan söhbət getmir — hamımız keçmişi xatırlayırıq. Amma vacib olan odur ki, bu keçmiş yalnız qarşı tərəfin dehumanizasiyası üzərində qurulmuş formada təqdim olunmasın, daha çox insanlıq aspekti önə çəkilsin. Bu baxımdan yeni media hekayələrinə, yeni narrativlərə ehtiyac var. Sadəcə görüşlər və müzakirələr kifayət deyil, baxmayaraq ki, bunlar da artıq baş verir”- yazıçı qeyd edib.
Erməni ekspert münasibətlərin normallaşmasında medianın roluna da toxunub.
“Media məsələsinə gəlincə, bu gün paneldə müzakirə olunan əsas mövzulardan biri məhz bu idi. Medianın dialoqun qurulmasında və gündəliyin formalaşmasında rolu çox böyükdür. Avqust ayından sonra bu istiqamətdə müəyyən dəyişikliklər müşahidə olunur. “Sülh Körpüsü” təşəbbüsünün fəaliyyətə başlamasından sonra materialların, müsahibələrin sayı da artıb. Ermənistanlı ekspertlər Azərbaycan mediasına, azərbaycanlı ekspertlər isə Ermənistan mediasına müsahibələr verirlər.
Həmçinin, qeyd olunduğu kimi, nifrət nitqinin azalması çox vacibdir. Ən önəmlisi isə medianın vasitəsilə insanlara sülhün nə olduğunu izah etməkdir. Bir çox insan sülhün mahiyyətini tam anlamır. Eyni zamanda, sülh sazişinin gətirəcəyi üstünlüklər, müsbət və pozitiv tərəflər də izah olunmalıdır.
Biz bu istiqamətdə işi davam etdirəcəyik”,- Haratyan bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.