İngiltərə nəhəngi ''Mançester Yunayted'' iki qapıçının gələcəyi ilə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, söhbət Andre Onana və Altay Bayındırdan gedir.
Onana məlum olduğu kimi cari mövsümü icarə əsasında ''Trabzonspor''da keçirir. ''Deyli Meyl'' nəşrinin yazdığına görə təcrübəli kamerunlu əlcək sahibi yayda ''Yunayted''ə geri dönəcək və onunla yollar birmənalı şəkildə ayrılacaq. Ən pis halda o yenidən başqa kluba icarəyə veriləcək. Manikunianlar 30 yaşlı qapıçının satışından 30 milyon avro qazanmağı planlaşdırırlar.
''Trabzonspor''un özündən başqa ona ''Beşiktaş'' da maraq göstərir. Amma Türkiyədən hər hansı bir klubun Onanaya görə bu qədər məbləğ ödəyəcəyi inandırıcı görsənmir. Ona ''Monako''nun da marağı davam edir. Eləcə də Onananın Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı da var. Ötən yay ona bu ölkədən olan ''Neom'' təklif göndərmişdi.
''Deyli Meyl''də hazırda ''Yunayted''in ikinci qapıçısı statusunda olan Altay Bayındır haqda da xəbər dərc olunub. Türkiyəli qapıçının da bu yay komandadan ayrılması ehtimalının yüksək olduğu vurğulanılıb. Onun vətəninə qayıdacağı güman edilir.
Əslində Altay artıq bu qış Türkiyəyə qayıtmağa çox yaxın idi. Çünki transfer dönəminin bitməsinə yaxın ''Beşiktaş''dan rəsmi təklif almışdı. Sadəcə ''Yunayted'' ''pəncərə''nin bağlanmasına qədər yeni qapıçı tapa bilməyəcəyindən çəkinərək onu buraxmaq istəmədi. ''Beşiktaş'' yenə də Altay uğrunda mübarizədə əsas favorit sayılır və yayda ''ağ-qaralar''ın bu transfer üçün növbəti addımı atacağı gözlənilir. Ancaq tərəflər maddi məsələdə də razılığa gəlməlidi. Çünki Bayındırın manikunianlarla 2027-nin yayına qədər müqaviləsi var.
Bu mövsüm 6 oyunda forma geyən və 11 qol buraxan 28 yaşlı qapıçının transfer dəyəri 7 milyon avro civarındadı. Onananın isə ''Yunayted''lə 2028-ə qədər müqaviləsi var. Bu qapıçı bu mövsüm Türkiyə karyerasında 26 oyuna çıxaraq 35 qol buraxıb və 6 görüşdə qapısını toxunulmaz saxlayıb.
''Qırmızı şeytanlar''ın 2023-də 50 milyon avroya transfer etdiyi Onananın indiki dəyəri yalnız 12 milyon avrodu.