EN

Yuvasını yandıran vulkan

İvan Qonçarovun “Uçurum” romanı haqqında

əvvəli ötən saylarımızda

Vera Markdan aralı dura bilmir, başını götürüb yenə Volqanın qarşı yaxasına adlayır, rəfiqəsinə pənah aparır. Az keçmiş oradan Rayskiyə sevgi, dostluq ətirli, komplimentlə dolu məktublar gəlməyə başlayır. Sonradan məlum olur ki, zarafat məqsədli o məktubları Verayla keşiş arvadı növbəylə yazırmışlar. Məktubların birində onlar Boris Pavloviçi ehtiyacı olan bir nəfərə yardım göstərməyə çağırırlar, bu çağırışın müqabilində Rayski deyilən ünvana 220 rubl pul göndərir. Sonra bilinəcək ki, bu məktubdan Veranın xəbəri olmayıb, onu qızın adından Mark Voloxov yazıb. Bundan əvvəl onun Rayskiyə 80 rubl borcu vardı, özü də qızıl-qırmızı bəyan eləyirdi ki, borcunu qaytarmayacaq.

Bu vaxt antik qamətli Ulyananın ərini atıb getdiyi, fransız Şarla qoşulub paytaxta qaçdığı xəbəri yayılır. Zavallı Leonti fikir çəkməkdən xəstə düşür. Nənə Borisə məsləhət görür ki, dostunu gözdən-nəzərdən qıraq qoymasın, onu öz evinə köçürsün. Bu yandan da Rayski Peterburqdan məktub alır, Ayanov ona yazır ki, Sofya Belovodova italyan qrafla münasibətinə görə adına ləkə salıb, qraf isə məsələ yoğunlayanda aradan çıxıb Parisə gedib, sən demə, orada onun nişanlısı varmış.

Rayski uçurumun başında durub Veranın getdiyi səmtə həsrətlə baxanda birdən qız onun böyründə peyda olur. Veranın özünə bənzəri qalmayıb, deyir ki, onu bu hala Boris Pavloviçin öyüb göylərə qaldırdığı ehtiras salıb. Rayski ondan kimi sevdiyini soruşanda Vera yenə doğru cavabdan yayınır. Rayskiyə elə gəlir qız havalanıb, əvvəl Veraya xoşbəxtlik kimi dilədiyi yanğı, ehtiras indi onu qorxudur, artıq cilovunu qırmış həmin çılğın ehtiras Veranı daşdan-daşa çırpıb məhv eləməkdədir. Qız Rayskiyə yalvarır ki, əl-qolunu qandallayıb onu uçurumun altına buraxmasın. Di gəl, parol əvəzi güllə səsi eşidiləndə Vera böyük çətinliklə qohumunun əlindən çıxıb görüş yerinə qaçır.

Verayla Mark uçurumun ayağındakı köşkdə saatlarla gərgin söhbət eləyirlər. Onların söhbəti stoisizmlə anarxizmin (yaxud da epikürizmin) dialoqu kimi fəlsəfi mahiyyət daşıyır. Əlbəttə, Qonçarov bu parlaq səhnəni iki filosofun quru polemikası kimi yox, iki sevgilinin qızğın mübahisəsi kimi qələmə alıb, həm də mükəmməl işləyib. Vera borc, sədaqət, məsuliyyət anlayışının üstündə möhkəm durur, onun fikrincə, gerçək sevgi heyvani instinktlə yox, bu anlayışlarla əkizdir. Qız əbədi, ölməz məhəbbət arzusundadır. Voloxovsa heç bir borc, öhdəlik tanımır; o, Veranı gerçəkdən sevir, ona yalan danışmır, di gəl, onun həqiqəti yalandan da zəhərlidir. Əbədi məhəbbət, ömürlük sədaqət, xoşbəxt ailə ondan ötrü yalan, illüziyadır, din, nikah, kilsə, dövlət, qanun, mülkiyyət onda ən yaxşı halda istehza doğurur. Vera bir il ərzində sevdiyi oğlandan istədiyi qəhrəmanı yarada bilməyib. Mark isə bu müddətdə qızın ürəyinə girsə də, ağlını, iradəsini ram eləməyi bacarmayıb.

Rayski Veranın sevdiyi şəxsin kimliyini biləndə havalanmaq həddinə çatır. Səhərə qədər gözləyir ki, qızın gözlərinə baxsın. Halı özündə olmayan Vera evə çatanda huşunu itirir...

***

Beşinci hissədə Vera qohumuna Mark Voloxovla münasibətinin tarixçəsini danışır, xahiş eləyir ki, dediklərini nənəyə də çatdırsın. Marfanın doğum günündə Vera özündə güc tapıb qonaqların üzünə çıxır. Həmin gün Tuşin ona evlənmək təklifində bulunur; meşəbəyinin olub-keçənləri eşitdiyini düşünən Vera fürsətdən yararlanıb ürəyini onun ovcuna boşaldır, günahlarını boynuna alır.

Marfa məclisdən sonra gələcək qayınanasıgilə qonaq gedir. Rayski Verayla Markın qəziyyəsini nənəyə danışır. Tatyana Markovna havalanıb üç gün çölləri dolaşır, üçüncü gün bərk xəstələnir. Nənəsi yatağa düşdüyü vaxt Vera da azarlayıb qızdırma içində sayıqlayır. Nənə onun halından xəbər tutanda nəvəsinin başının üstünü kəsdirib ona özü qulluq, nəvaziş göstərir, onun tövbəsini qəbul eləyir, günahlarını bağışlayır.

Vera Markdan ikinci məktubu alır - sonuncu görüşdən sonra gələn birinci məktubun zərfi hələ də bağlıdır. Mark qızı görüşə çağırır, yazır ki, onunla evlənməyə hazırdır. Vera məsələni açıb Tuşinə də, nənəyə də söyləyir. Nənə onların görüşdüyü köhnə köşkü dağıtmaq əmri verir. Tuşin Veranın məktubunu Voloxova çatdırır, məktubda onların münasibətinə birdəfəlik son qoyulduğu bildirilir. Mark könülsüz də olsa buralardan çıxıb getməyə söz verir. Tezliklə Kozlov xəbər gətirir ki, Voloxov Novqorod quberniyasında yaşayan xalasının yanına köçmək, sonra da yunker rütbəsi alıb Qafqaza yollanmaq niyyətindədir.

Tuşin Veraya elçi düşmək istəyir, ancaq nənə Vera tam sağalanacan gözləməyi məsləhət görür. Şəhərdə söz gəzir ki, onlar tezliklə evlənəcəklər, fəqət Veranın bu söz-söhbətdən xəbəri yoxdur.

Rayski Verayla nənənin portretlərini tamamlayıb Vera haqqında romana başlayır, amma əsər üzərində iş epiqrafla ithafdan o yana keçmir. Onun beyninə yeni bir ideya girib - İtaliyaya gedib heykəltəraşlıq öyrənmək.

Beləcə, romanın finalı açıq qalır, biz Veranın Tuşinə ərə getməyimi, yoxsa nənəsi kimi ömürlük tənha qalmağımı seçəcəyini bilmirik. Rayskinin aqibəti də qaranlıqdır, otuz beş yaşdan sonra onun sənət möcüzəsi yaradacağı bəlkə də inandırıcı görünmür. Ancaq məsələ burasındadır ki, ilk romanı işıq üzünə çıxarılanda Qonçarov özü də elə o yaşdaydı. Bundan on iki il sonra “Oblomov” kimi ədəbi möcüzə, üstündən daha on il keçmiş “Uçurum” adlı şedevr yarandı. Bəlkə bu işlərdə elə Qonçarovun tənbəl qəhrəmanının da əməyi var? Kim deyə bilər ki, bayaqdan səhifələrini dolaşdığımız bu roman elə Rayskinin yazmaq istədiyi həmin o roman deyil?..

***

Qonçarov deyirdi ki, bu romanın üç başlıca qəhrəmanı vür: Rayski, nənə, bir də Vera. Göründüyü kimi, müəllifin əsas heyətində Mark Voloxovun adı yoxdur. Turgenevdən fərqli olaraq o, yeni tip personajı, nihilisti, anarxisti özünün aparıcı qəhrəmanına çevirməyib - bu, həm də o deməkdir ki, Qonçarov bu tipajları dövrünün mütərəqqi lokomotivi, qabaqcıl ictimai generatoru saymırdı, onları xeyir qüvvətək görmür, onlara rəğbət bəsləmirdi. Əlbəttə, bunu deməklə mən oxucunu belə yaşarı, daim aktual əsərlərə sırf ictimai-fəlsəfi, sosial-siyasi yöndən yanaşmağa çağırmıram, əksinə, bir çox halda bu tip baxışlara qarşı çıxıram - izləyənlər bilərlər. Vulqar sosioloji metod adətən əsərin dərinliyinə varmağa (əlbəttə, əgər o dərinlik varsa) mane olur, səthi yanaşmaya aparıb çıxarır. Biz Qoqol, Turgenev, Dostoyevski, Çexov, Balzak, Zolya, Kafka kimi dahi müəlliflərin əsərlərindəki dərinliklərin nisbətən dayaz mətnlərə hesablanmış arşınlarla ölçüldüyünü dönə-dönə görmüşük. Elə Qonçarovun özünün yaradıcılığına - “Oblomov” romanına da bu cür yanaşan az olmayıb. Mən bunu böyük qəbahət də saymazdım, adını çəkdiyim-çəkmədiyim müəlliflərin yaradıcılığından, əlbəttə, istənilən qədər sosial ideya, ictimai qənaət də çıxarmaq olar, bununla belə həmin qənaətlər hansısa əsərin alt qatlarına dalmağa əngəl törətməməlidir.

Bu baxımdan “Uçurum” romanının verdiyi mesajları da yazıldığı dövrlərin ictimai-fəlsəfi polemikaları kontekstində yozanlar olub, indi də var. Məlumdur ki, İvan Qonçarov mühafizəkar insan idi, dövlət işində çalışırdı, dinə, kilsəyə rəğbət bəsləyirdi, qərbçiliyin, sosializmin, liberalizmin hər cür ifrat təzahürünə qarşıydı, keçmişə, ənənəyə candan-könüldən bağlıydı. Ancaq onun Turgenevlə münaqişəsini sırf belə bir ictimai-siyasi müstəviyə çəksək, yəni “Uçurum”u yalnız konservatorlarla liberalların, xristianlıqla pozitivizmin, dinlə ateizmin ideoloji davası çərçivəsində nəzərdən keçirsək, üzdən getmiş olarıq. Kim nə deyir desin, Turgenevin nihilist qəhrəmanı Bazarov müəllifinin yaradıcılığı kontekstində müsbət obrazdır: təkcə ona görə yox ki, mühafizəkar dəyərlərə, köhnəliyə amansız savaş açır, yeniliyin alovlu tərəfdarı kimi ortaya çıxır; ilk növbədə ona görə ki, insan azadlığının Avropa ədəbiyyatında o vaxtacan misli-bərabəri görünməmiş yeni bir modelini - anarxist insan tipini ortaya qoyur. Bu, bir fəlsəfi inancdır, yazıçının bəşər cəmiyyətinin gələcəyinə yönəlmiş təklifi, layihəsidir. Bu layihənin mahiyyətini təxminən belə ifadə eləmək olar: fərdin başının üstünü kəsdirmiş hər növ ictimai təsisatı, hər cür zor alətini, xurafat mənbəyini aradan qaldırıb insanı mütləq azadlığına, asudəliyinə qovuşdurmaq, həzzi, şövqü, ehtirası həyatın mühərrikinə, hərəkətverici qüvvəsinə çevirmək, bu üsulla qorxunu, həyəcanı, xofu sıfıra endirmək.

davamı növbəti sayımızda

F.Uğurlu

1Sources