EN

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

"Son illər dünyada olduqca gərgin geosiyasi vəziyyət hökm sürür.  Dünyanın müxtəlif yerlərində müharibələr, qanlı toqquşmalar gedir. Baş verən bu müharibələrdə hər gün yüzlərlə insan həyatını itirir, şəhərlər viran qalır, dünya iqtisadiyyatı dərin böhrana sürüklənir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, bunların əsas səbəblərindən biri BMT-nin zəif, gücsüz bir təşkilat olmasıdır. Dünyada artıq beynəlxalq hüquq işləmir, kim güclüdür, o da haqlıdır prinsipləri əsas rol oynayır. 

Azərbaycanın həm şimalında, həm də cənubunda ağır müharibələr getdiyini diqqətə çatdıran ekspert qeyd edib ki, məhz Prezident İlham Əliyevin uzaqgörən, müdrik, eyni zamanda, qətiyyətli siyasəti nəticəsində ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda bu gün əmin-amanlıq, sabitlik hökm sürür: "Müsbət hal odur ki, Azərbaycanın cənubunda İranla ABŞ arasında gedən qarşıdurmada atəşkəs elan olunub. Atəşkəsin elan olunması qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. 40 gün davam edən ABŞ-İran müharibəsi Yaxın Şərqdə vəziyyəti kəskin şəkildə dəyişdirəcək duruma yaxınlaşmış, bütün region dövlətlərinin bu münaqişəyə cəlbolma riskini artırmışdır. Münaqişənin dərinləşməsi hərbi müstəvi ilə yanaşı, qlobal səviyyədə enerji təhlükəsizliyinə, beynəlxalq ticarət əlaqələrinə öz mənfi təsirini qabarıq şəkildə göstərə bilər. Artıq bir sıra dövlətlərdə yanacaq qıtlığı yaranıb, ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Nəqliyyat-logistika marşrutlarının və kommunikasiya xətlərinin təhlükəsizliyi də sual altında qalmışdır". 

K.Əliyeva vurğulayıb ki, bu baxımdan atəşkəs haqqında razılığın əldə olunması genişmiqyaslı böhranın qarşısının alınması istiqamətində olduqca əhəmiyyətli bir addım olub. Türkiyə və Pakistanın bu istiqamətdə diplomatik səyləri də öz bəhrəsini verib. O diqqətə çatdırıb ki, Azərbaycan dövləti ABŞ-İran arasında əldə olunmuş razılaşmanı alqışlayır və tərəflər arasında dialoqun baş tutmasının, məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarıdır. Azərbaycan tək regionda deyil,  beynəlxalq aləmdə sabitliyin, əmin-amanlığın, dövlətlər arasında əməkdaşlığın yaranmasını təşviq edir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources