EN

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr,

uzunmüddətli gərginlik ocaqları və qeyri-müəyyən təhlükəsizlik mühiti qlobal

sabitliyi ciddi şəkildə sarsıdır. Yaxın Şərqdə davam edən qarşıdurmalar, eləcə də

Rusiya-Ukrayna müharibəsi göstərir ki, müasir dövrdə silahlı münaqişələr və tərəflər

arasında qəti nəticə əldə etmək asan başa gəlmir.  

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə

açıqlamasında bildirib ki, bu gün bir çox münaqişə ya dondurulur, ya da

qeyri-müəyyən vaxta qədər uzanır. Tərəflər arasında hərbi əməliyyatlar davam

etsə də, nə tam qələbə, nə də dayanıqlı sülh əldə olunur. "Nəticədə

regionlar illərlə qeyri-sabitlik, humanitar problemlər və iqtisadi geriləmə ilə

üz-üzə qalır. Bu cür vəziyyətlər beynəlxalq hüququn effektivliyi və qlobal təhlükəsizlik

mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı sualları da gündəmə gətirir.

Belə mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan nümunəsi uğurlu model kimi ön

plana çıxır. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan

44 gün ərzində hərbi əməliyyatları qəti nəticə ilə başa çatdıraraq 30 ilə yaxın

davam edən mürəkkəb münaqişəyə son qoydu. Bu qələbə hərbi uğur olmaqla yanaşı,

həm də beynəlxalq hüququn bərpası kimi tarixə düşdü", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, münaqişənin uzanmaması və qeyri-müəyyən

mərhələyə keçməməsi əsas üstünlüklərdən biridir. Halbuki 30 il ərzində beynəlxalq

vasitəçilər münaqişənin uzanması üçün bütün vasitələrdən istifadə etdilər. Uzun

müddət aparılan  danışıqların nəticə verməməsi

müharibəni qaçılmaz edirdi. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki,

bu vəziyyət sona qədər davam edə bilməz. Ermənistan isə öz xoşu ilə bizim

tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Qarabağı Azərbaycandan

qoparıb Ermənistana birləşdirmək erməni havadarlarının əsas planı idi. Azərbaycan

xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı. Prezident İlham

Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla

azad etməyə tam hazır idi. Ali Baş Komandanın da söylədiyi kimi: "Biz güc

toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz

səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin

münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr

bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi".

N.Məmmədova vurğulayıb ki, Azərbaycan döyüş meydanında qalib

gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanınıb və qəbul

edilib: "Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi,

vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də qələbəmizi şərtləndirən əsas

amillərdən idi. Beləliklə, həm regionda yeni reallıqlar formalaşdı, həm də

postmünaqişə dövrü üçün konkret inkişaf gündəliyi müəyyən edildi. Müharibədən

sonra Azərbaycanın əsas prioritetlərindən biri təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi

oldu. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması,

infrastruktur layihələrinin həyata keçirilməsi və bölgənin iqtisadi

inteqrasiyası istiqamətində atılan addımlar ölkənin uzunmüddətli inkişaf

strategiyasının tərkib hissəsidir. Bu siyasət milli maraqlarla yanaşı, regionda

dayanıqlı sülhün təmin olunmasına xidmət edir".

Azərbaycanın regional əməkdaşlıq təşəbbüsləri ilə də diqqət

çəkdiyini deyən deputat bildirib ki, nəqliyyat və logistika layihələri, o cümlədən

Orta dəhliz kimi təşəbbüslər ölkəni Avrasiya məkanında mühüm tranzit və

iqtisadi mərkəzə çevirir. Bu layihələr həm iqtisadi, həm də siyasi sabitlik

üçün mühüm platforma rolunu oynayır. Nəticə etibarı ilə, müasir dünyada uzanan

münaqişələr fonunda Azərbaycan modeli göstərir ki, qətiyyətli siyasət, aydın

strateji məqsədlər və effektiv idarəetmə nəticəsində münaqişələrə qısa müddətdə

son qoymaq, postmünaqişə dövründə sabitlik yaratmaq mümkündür. Bu təcrübə beynəlxalq

müstəvidə də öyrənilməsi vacib olan nümunələrdən biri kimi qiymətləndirilir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources