Yaxın Şərqdə əldə olunan nisbi atəşkəsdən məmnun qalmayan dövlətlərdən biri də sözsüz ki, Rusiyadır. Ən azı o səbəbə ki, müharibə Moskvaya öz neftini baha qiymətə satmaq fürsəti yaratmış, enerji resursları ilə bağlı Avropanın – Ukraynanın mühüm müttəfiqinin ona ehtiyacını artırmışdı. Üstəgəl, rəsmi Kiyev Körfəzin ərəb ölkələri ilə PUA-dronlar istehsalı ilə bağlı çoxmilyardlıq müqavilələr imzalamaqla həm dünyadakı mövqeyini gücləndirib, həm də əlavə maliyyə qaynaqları tapıb. Ukrayna üçün başqa hansı üstünlüklər var?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Ukrayna müharibəsinin geosiyasi nəticələri artıq Avropanın sərhədlərini aşaraq Yaxın Şərq və Asiya məkanına yayılmağa başlayır: "Bu mənada vəziyyətə daha geniş strateji prizmadan baxmaq lazımdır. Son üç ildə Ukrayna faktiki olaraq müasir müharibə texnologiyalarının sınaq poliqonuna çevrildi. Bu, ilk baxışdan faciəvi reallıqdır, lakin eyni zamanda Kiyevə yeni strateji üstünlüklər qazandırdı. Ukrayna ordusu xüsusilə pilotsuz uçuş aparatları – dronlar sahəsində ciddi təcrübə topladı. Əgər müharibənin əvvəlində Ukrayna əsasən Qərbin təqdim etdiyi texnologiyalardan istifadə edirdisə, hazırda vəziyyət dəyişib. Bu gün Ukrayna özünün hücum dronlarını, kamikadze sistemlərini, dəniz dronlarını, anti-dron texnologiyalarını inkişaf etdirən ölkələrdən biridir.
Bu sahədə toplanmış təcrübə Ukraynanı qlobal hərbi texnologiya bazarında yeni oyunçuya çevirir. Xüsusilə Yaxın Şərq ölkələri üçün bu texnologiyalar həyati əhəmiyyət daşıyır. İranın raket və dron proqramı fonunda Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri belə sistemlərə böyük maraq göstərir. Bu gün Ukrayna tarixində ilk dəfə olaraq təhlükəsizlik sahəsində texnologiya ixrac edən ölkə roluna daxil olur”.
Hərbi ekspert deyib ki, Kiyevin Körfəz ölkələri ilə əməkdaşlığı təkcə silah müqavilələri ilə məhdudlaşmır. Bu əməkdaşlıq daha geniş geosiyasi kontekstdə baş verir: “Ərəb ölkələri üç əsas səbəbə görə Ukrayna ilə işləməkdə maraqlıdır. Birincisi, Ukrayna real döyüş şəraitində sınaqdan keçmiş texnologiyalara malikdir. İkincisi, Ukrayna Qərb hərbi sistemləri ilə tam inteqrasiya olunmuş bir platformadır. Üçüncüsü, Kiyev Rusiya və İran kimi ölkələrlə siyasi bağlılığı olmayan tərəfdaşdır. Bu əməkdaşlıq nəticəsində Ukrayna yalnız maliyyə qazanmır. O, həm də yeni diplomatik dayaqlar əldə edir. Yəni Kiyev artıq yalnız Avropanın deyil, həm də Yaxın Şərqin təhlükəsizlik arxitekturasında görünən aktora çevrilir”.
Hərbi ekspertin sözlərinə görə, Rusiyanın narahatlığının əsas səbəblərindən biri də enerji bazarındakı perspektiv dəyişikliklərdir: “Ukrayna müharibəsi nəticəsində Avropa Rusiya qazından kəskin şəkildə uzaqlaşdı. Bunun əvəzində LNG idxalı artdı, Yaxın Şərq enerji resurslarına maraq yüksəldi, alternativ enerji layihələri sürətləndirildi. Əgər Yaxın Şərqdə nisbi sabitlik bərpa olunarsa, dünya enerji bazarında təklif genişlənəcək. Bu isə Rusiyanın yüksək qiymətlərdən əldə etdiyi əlavə gəlirlərin azalması deməkdir. Başqa sözlə, Yaxın Şərqdə sabitlik paradoksal şəkildə Ukraynanın xeyrinə, Rusiyanın isə zərərinə işləyə bilər. Kiyevin qazandığı başqa bir üstünlük onun diplomatik çəkisinin artmasıdır. Müharibənin ilk mərhələsində Ukrayna daha çox yardım istəyən tərəf kimi görünürdü. Lakin zaman keçdikcə vəziyyət dəyişdi. Bu gün Ukrayna təhlükəsizlik təcrübəsini paylaşır, müasir müharibə taktikalarını təqdim edir, hərbi texnologiya sahəsində tərəfdaşlıqlar qurur. Bu isə onu beynəlxalq sistemdə passiv obyekt deyil, aktiv aktora çevirir”.
Hərbi ekspert Moskvanın narahatlığı bir neçə səbəblə izah edir: “Birincisi, Ukraynanın hərbi sənaye potensialı gözlənildiyindən daha sürətlə bərpa olunur. İkincisi, Ukrayna yeni maliyyə mənbələri əldə edir və bu, müharibə iqtisadiyyatını davam etdirməyə imkan yaradır. Üçüncüsü, Kiyev tədricən Avropa ilə yanaşı Yaxın Şərqdə də siyasi dayaqlar qazanır. Bu faktorların birləşməsi Ukraynanı tədricən regional böhranın iştirakçısından qlobal təhlükəsizlik sisteminin aktiv elementinə çevirir. Ukrayna müharibəsi hələ bitməyib və onun nəticələri də tam formalaşmayıb. Lakin artıq indidən görünür ki, bu müharibə təkcə dağıntı və itkilər gətirməyib. O, həm də yeni geosiyasi reallıq yaradıb. Bu reallıqda Ukrayna hərbi texnologiyalar sahəsində yeni imkanlar qazanır, Yaxın Şərqdə strateji tərəfdaşlar tapır, enerji bazarındakı dəyişikliklərdən faydalana bilir, beynəlxalq siyasətdə çəkisini artırır. Məhz buna görə Moskva üçün ən təhlükəli ssenari Ukraynanın yalnız müharibədə tab gətirməsi deyil. Əsl təhlükə ondan ibarətdir ki, Kiyev bu müharibədən daha güclü və daha təsirli aktor kimi çıxa bilər”.
E.Məmmədəliyev,
Musavat.com