EN

Videonuzu icazəsiz tiktokda paylaşıblarsa, məhkəməyə verin — Təzminat ala bilərsiniz

Sosial şəbəkələrdə başqasının görüntüsünü icazəsiz paylaşmaq ciddi hüquqi fəsadlara yol açır. Bir çox istifadəçi TikTok və ya digər platformalarda maraqlı məzmun yaratmaq naminə ətrafdakı insanları lentə alır. Lakin qanunvericilik bu məsələdə vətəndaşın razılığını əsas şərt kimi müəyyən edir.

KONKRET.az xəbər verir ki, Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, şəxsin foto və ya videosunun çəkilməsi onun razılığı olmadan həyata keçirilirsə bu hal qanun pozuntusu hesab olunur.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin şəxsi toxunulmazlıq hüququnu qoruyur. Şəxsi həyatın gizliliyini pozan hərəkətlər həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.

“Belə halların baş verməsi, xüsusilə şəxsin iradəsinə zidd şəkildə çəkiliş aparılması, vətəndaşa öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanı verir. Əgər çəkiliş prosesində şəxsin açıq və ya dolayı razılığı əldə olunubsa, yaxud tərəflər arasında birgə çəkiliş formatı mövcud olubsa, bu halda həmin görüntülərin hazırlanması və istifadəsi hüquqi baxımdan daha fərqli qiymətləndirilir. Yəni razılıq olduğu situasiyalarda, ümumiyyətlə, görüntülərin yayılmasına görə xüsusi hüquqi məsuliyyətin yaranması ehtimalı xeyli azalır”.

Vəkil bildirib ki, razılığın mövcud olmadığı hallarda vəziyyət tamamilə dəyişir.

“Şəxsin icazəsi olmadan çəkilən görüntülərin yayılması onun şəxsi hüquqlarının pozulması kimi qəbul edilə bilər və bu zaman vətəndaş məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olur. Qanunvericilikdə mənəvi zərərin konkret və sabit məbləği müəyyən edilmədiyindən, bu məbləğ ilk növbədə iddiaçı tərəfindən müəyyən edilir və iddia ərizəsində göstərilir. Lakin son qərar məhkəməyə məxsusdur və məhkəmə işin hallarını, təqdim olunan sübutları və zərərin miqyasını nəzərə alaraq tələb olunan məbləği azalda və ya yenidən qiymətləndirə bilər”.

Chosen
31
1
konkret.az

2Sources