Premyer Liqada daha bir mövsüm sona yaxınlaşır.
Ən yaxın izləyicisi "Qarabağ"ı 10 xal qabaqlayan "Sabah"ın çempionluğunu çox uzaqda deyil kimi görünür.
11-ci pillədə yer alan "Qəbələ"dən nə az, nə çox 11 xalı geri qalan "Karvan-Yevlax" yenidən Birinci Liqaya qayıtmalı olacaq.
Cavabsız qalan əsas sual isə 4-cü pilləni hansı komandanın tutacağıdır.
Hazırda bu sırada yer alan "Zirə"ni qarabaqara izləyən "Neftçi"dən cəmi 3 xal ayırır.
"Ağ qaralar" "qartallar"la mübarizədən qalib ayrıla bilərmi?
Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Şahin Diniyev mövcud durumu şərh edib:
"Sabah" və "Qarabağ"ın avrokuboklara gedəcəyi bir neçə tur əvvəldən məlumdur. Qalır hansının Çempionlar Liqasında, hansının Konfrans Liqasında olacağı.
Burada kubok məsələsi də var. "Zirə" və "Turan Tovuz"dan biri finala çıxacaq. Vacib məqamdır. "Qarabağ" finala çıxarsa Avropa Liqasında oynamaq üçün mütləq kuboku qazanmalıdır. Bəlkələrə söykənən cavablar çoxdur.
Çempionata baxası olsaq, burada "Neftçi"nin geridən sürət yığdığını görürük. Son oyunlarda həm yaxşı futbol oynayır, həm də yaxşı xallar yığır. 3 xallıq sistemdə bu şeylər qaçılmazdı.
Əgər hər hansı fors-major hal yaşanmasa, özü-özünə problem yaşatmasa, stresə düşməsə "Turan Tovuz" üçüncü pilləni əldən verməyəcək.
Düşünürəm ki, "Neftçi" "Zirə" ilə 4-cü pillə uğurunda mübarizə aparacaq. 3 xal böyük fərq deyil. Son turda "Turan Tovuz" və "Zirə"nin xal itirməsi də "Neftçi"yə yeni nəfəs gətirdi.
2 turdan sonra "Neftçi"nin məhz "Zirə" ilə oyunu var. Həmin görüş çox vacibdir. 6 xallıq qarşılaşma olacaq. "Neftçi"nin ehtiyatda "Qarabağ"la oyunu var. Düzdü, ağır görüşdü, amma "Neftçi" oyununu tapıb. Şansları var, lakin nə qədər bacaracağını oyunda biləcəyik".
XANOĞLAN