Hindistanın paytaxtı Dehlidə və digər bölgələrdə kəndlərdən gəlmiş minlərlə miqrant işsizlik və qaz çatışmazlığı səbəbindən geri qayıdır.
“The İndependent” nəşrinin məlumatına görə, böhran, əsasən, qlobal enerji təchizatındakı pozuntular və Yaxın Şərqdəki gərginlik səbəbindən yaranıb.
Dehlidə gündəlik qaz balonları 4 dəfə bahalaşıb, iş yerləri bağlanıb. Buna görə gündəlik maaşla yaşayan işçilər ərzaq almaqda çətinlik çəkirlər. Minlərlə ailə bu səbəbdən işlərini tərk edərək kəndlərinə geri qayıdır. Onlar şəhərlərdə artıq normal həyatın olmamasından şikayətlənirlər.
Ekspertlər qeyd edirlər ki, qeyri-rəsmi işçilər və qeydiyyatsız miqrantlar ən çox zərər görən qruplardandır. Sosial müdafiə təşkilatları isə vəziyyəti “humanitar böhran” kimi qiymətləndirir və insanların panikaya düşməməsi üçün təcili tədbirlər görülməsini tələb edirlər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”