EN

"Hüquqi bazası olmayan bir atəşkəs elan olunub" -AÇIQLAMA 

"Hazırda ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs anlaşması olduqca önəmli bir nəticədir. Ancaq problem ondadır ki, bu anlaşma ətrafında yaranmış situasiya həm müəmmalı, həm də olduqca mürəkkəbdir. Çünki hər iki tərəf bir-birinin şərtlərini qəbul etmək istəmir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi.

"Rəsmi Tehran ABŞ-nin irəli sürdüyü 15 bənddən ibarət atəşkəs şərtlərinə ciddi şəkildə etiraz edir. Eyni zamanda Ağ Evdə də İranın göndərdiyi 10 bənddən ibarət atəşkəs şərtləri qəbul edilməyib. Belə anlaşılır ki, atəşkəs barədə anlaşma var, ancaq bu atəşkəs anlaşmasının şərtləri, bəndləri, maddələri, yəni müddəaları mövcud deyil. Bu baxımdan da olduqca qəliz, həm də müəmmalı bir situasiyadır. Hansı şərtlər daxilində atəşkəsin iki həftə davam edəcəyi demək olar ki, bəlli deyil. Belə vəziyyətdə də qarşı duran tərəflərin cəmisi iki həftə ərzində sülh anlaşması ətrafında razılaşma əldə edə biləcəkləri olduqca şübhə doğurur. Üstəlik, qarşılıqlı anlaşmaya əngəl törədən kənar faktorlar da mövcuddur. Çünki İsrail Livana zərbələr endirməkdə davam edir. Rəsmi Tehran isə iddia edir ki, Livanla bağlı məsələ də atəşkəs anlaşmasının müddəalarına daxildir. Ancaq Ağ Evdən bunu təkzib edirlər və bildirirlər ki, anlaşmaya Livan məsələsi qətiyyən daxil deyil. Yəni yenə də olduqca ziddiyyətli bir situasiyadır".

Elçin

Müsahibimiz vurğuladı ki, indiyə qədər verilmiş açıqlamalar da, tutulan mövqe də, həm ABŞ, həm də İran tərəfindən bəyanatlar da tamamilə ziddiyyətlidir:

"Bu da o deməkdir ki, faktiki olaraq heç bir hüquqi bazası olmayan bir atəşkəs elan olunub və iki həftə ərzində hüquqi baza yaratmağa çalışacaqlar. Ancaq bütün müşahidələr onu göstərir ki, ABŞ və İran arasında real sülh anlaşmasının əldə olunması olduqca çətindir və hətta demək olar ki, mümkün olmaya biləcək bir istiqamətə yönəlib. Bu baxımdan hesab etmək olar ki, əgər ABŞ savaşa başlayarkən səbəb göstərdiyi məsələlər, tələblər hələ də aktuallığını qoruyursa, o zaman Amerika Birləşmiş Ştatları hərbi əməliyyatları bərpa etməli olacaq. Ən yaxşı halda isə bu Yaxın Şərq savaşı dondurulmuş münaqişə statusu qazana bilər. Yox, əgər Ağ Evdə artıq savaşın başlanması üçün göstərdikləri bəhanələrdən və yaxud da səbəblərdən imtina ediblərsə, onda deməli situasiya tamamilə fərqli istiqamətlərə də yönələ bilər".

Aytəkin TOFİQQIZI

Chosen
11
1
redaktor.az

2Sources