Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Niderlandın kralı Villem-Aleksanderin anası, prenses Beatriksin iqamətgahı və Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının saxlandığı anbarlar üzərində 2025-ci ilin noyabrında naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.
Bizimyol.info xəbər verir ki, "Algemeen Dagblad" qəzeti əldə etdiyi sənədlərə istinadla yazır ki, bu barədə məlumat bir neçə ay ərzində hakimiyyət tərəfindən ictimaiyyətdən gizlədilib.
Qəzetin məlumatına görə, noyabrın 22-si axşam saatlarında Niderlandın Kral Hərbi Polisi Drakenşteyn qalasının ərazisində üç dronun uçduğunu qeydə alıb. Qeyd edilir ki, orada prenses Beatriks yaşayır. Dronlar həmçinin monarx ailəsinin xüsusi mühafizə bölməsi və krallığın Mərkəzi Bankının xüsusi qorunan anbarının üzərindən keçib. Anbarda nağd ehtiyatlar və 14 minə yaxın qızıl külçə saxlanır. Qəzet qeyd edir ki, bu hadisələr eyni günlərdə Volkel və Eyndhoven hərbi aviabazalarının üzərində də dronların qeydə alındığı dövrlə üst-üstə düşür.
Dron operatorlarının kimliyi hələ məlum deyil və heç bir həbs həyata keçirilməyib. Niderland Müdafiə Nazirliyi daha əvvəl bu insidentlərin “təkcə həvəskar şəxslər deyil, həm də cinayətkar və ya xarici strukturlar” tərəfindən törədilə biləcəyini bildirmişdi.
Oxşar hadisələrin artması fonunda ölkə hakimiyyəti dronlara qarşı mübarizə vasitələrinin alınmasını sürətləndirib. Qəzet yazır ki, Niderland Silahlı Qüvvələrinin dronlarla mübarizə sistemlərinin gücləndirilməsinə 1,25–3 milyard avro ayrılması planlaşdırılır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.