EN

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

"Son günlərdə ölkədə hüquqi və qanuni əsaslarla fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin rəhbərləri AQC-yə müraciət edərək Azərbaycan Qiymətləndiricilər Palatası rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər".

Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, Palata AQC üzvü olan şirkətlərə və qiymətləndiricilərə inzibati metodlarla təzyiq edərək AQC-dən çıxmağı tələb edir. Əks təqdirdə, Palata üzvlüyündən xaric ediləcəkləri ilə hədələyir. Bunu isə şirkətlərin işində "qüsur" tapmaqla həyata keçirəcəklərini bildirirlər:

"Palata AQC üzvləri tərəfindən formalaşdırılıb. Yəni indiki Palatada təmsil olunanların əksəriyyəti AQC şinelindən çıxıb. Biz sektorun inkişafı üçün çalışırıq və dəfələrlə Palataya əməkdaşlıq barədə müraciət etmişik. Lakin qarşı tərəf monopoliya ideologiyası əsasında çıxış edir. Sektorun inkişafı üçün işlər görmək bir yana, iş görənlərin də qarşısını almağa çalışır. Bu nə deməkdir? Cənab Prezident sektorun inkişafı üçün Palatanın yaradılması barədə sərəncam verdi. Amma Palata öz fəaliyyəti ilə bunun əksini nümayiş etdirir. Bu, birbaşa Azərbaycan dövlətinin prinsiplərinə ziddir".

Vüqar Oruc onu da bildirib ki, təzyiqlərin qarşısını almaq üçün Cəmiyyət AQC üzvlərinin adlarını rəsmi saytdan çıxarmaq məcburiyyətində qalıb:

"Üzvlər müraciət edərək bildirirlər ki, onlar həm ictimai sektorda fəaliyyət göstərmək istəyirlər, həm də biznes maraqları var. Palatanın onları seçim qarşısında qoyması isə ciddi fəsadlara yol açır. Təəssüf edirəm ki, ölkədə dövlət tərəfindən qiymətləndirmə sektorunu tənzimləmə vəzifəsi qoyulan qurum öz resurslarını və bütün fəaliyyətini ictimai sektorun geriləməsinə, xüsusilə də AQC-nin fəaliyyətini məhdudlaşdırmağa sərf edir".

AQC İdarə Heyətinin sədri bildirib ki, Palatanın qanunsuz QR kod tələbi dövlət qurumları tərəfindən ləğv olunsa da proses Palata rəhbərliyi tərəfindən hələ də davam etdirilir:

"AQP həmçinin rəhbəri olduğum Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının üzv ölkələrində də əks təbliğat işi apararaq AQC-ni nüfuzdan salmağa və Türk dövlətlərinin cəmləşdiyi qurumunun daxilində nifaq yaratmağa çalışır. Biz bir daha ictimaiyyət vasitəsilə Palataya müraciət edərək bildiririk ki, sektorda bölücülük yaratmaq fəaliyyətindən çəkinsin. Biz birliyin və sektorun inkişafının tərəfdarıyıq və bunun üçün istənilən müsbət addım atmağa hazırıq".

Chosen
20
8
milliyol.az

9Sources