EN

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Azərbaycanda toylarla bağlı bir sıra adət-ənənələr zaman-zaman populyar olur, sonra dəbdən düşür, yeniləri yerini tutur. Kimin münasibətinin necə olmasından asılı olmayaraq, bütün bunlar əlavə vəsait, xərc deməkdir. Ona görə də bir çox ənənələr bəzən də israfçılıq kimi qiymətləndirlir, tənqid olunur. 

İndi isə toylarda yeni bir xidmət – “Bəyin dostları xidməti” təklif olunur. Bu, qeyri-adi ideya həm maraq, həm də müzakirə doğurub.

Bu xidmətin ideya müəllifi ilə söhbətimizdə bu fərqli təşəbbüsün necə yarandığını, məqsədini və insanların reaksiyasını öyrənməyə çalışdıq.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah”a danışan Tərahim Dadaşov deyir ki, “bəyin dostları xidməti” toy məclisində bəyə xüsusi dəstək göstərmək, məclisə əlavə ab-hava qatmaq məqsədi daşıyır. Bu xidmət çərçivəsində bəyin ətrafında olan şəxslər onunla birlikdə toyda aktiv iştirak edir, rəqsə dəvət edir, lazım gəldikdə toy başlamazdan əvvəl kortejdə də yer alırlar. Eyni zamanda maraqlı videoçarxların çəkilməsi də xidmətin bir hissəsi kimi nəzərdə tutulur.

İdeya müəllifi bildirib ki, “bəyin dostları xidməti”ndə bir nəfər üçün 150 manat ödəniş nəzərdə tutulub. Yəni qiymət iştirak edəcək dostların sayına uyğun dəyişir. Onun sözlərinə görə, xidmət tam şəkildə müştərinin istəyinə uyğun formalaşdırılır. Neçə nəfərin iştirak edəcəyi, mərasimdə hansı formada yer alınacağı və xidmətin hansı müddəti əhatə edəcəyi sifarişçinin seçiminə bağlıdır. Hətta istək olarsa, toyun əvvəlindən sonuna qədər bu xidmətdən yararlanmaq mümkündür.

Tərahim Dadaşov vurğulayıb ki, bu təşəbbüs onun şəxsi ideyasıdır və məqsədləri Azərbaycanda bu sahədə bir ilkə imza atmaq olub. Onun sözlərinə görə, hələlik ölkədə bu formatda xidməti reallaşdıran başqa bir nümunə ilə rastlaşmayıb.

Müsahibimiz deyir ki, elan cəmi 1 gündür paylaşılsa da, artıq bu qısa müddətdə xidmətlə maraqlanan və ətraflı məlumat almaq istəyən şəxslər olub. O, əlavə edib ki, təşəbbüs təkcə toylarla məhdudlaşmır.

Paylaşım “bəyin dostları xidməti” adı ilə təqdim olunsa da, xidmət digər mərasimlər üçün də nəzərdə tutulub.

Hətta kollektiv yalnız oğlanlardan ibarət deyil. Ehtiyac olduqda xanımlar da bu xidmətə cəlb oluna bilər və onlar gəlinin yaxın çevrəsi, rəfiqələri kimi çıxış edə bilərlər.

T.Dadaşov qeyd edib ki, əgər bu sahəyə tələbat artsa, gələcəkdə xidməti daha da genişləndirməyi planlaşdırır.

Chosen
6
11
konkret.az

10Sources