EN

"Narkotik vasitələrin mənbəyi müəyyən edilmirsə..." - Siyavuş Novruzovdan ÇAĞIRIŞ

"Milli qanunvericilikdə narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası ilə bağlı müvafiq müddəalarda yenidən dəyişikliklər aparılmalı, bu sahənin təkmilləşdirilməsi nəticəsində daha çox insana kömək göstərilməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Məsələn, İnzibati Xətalar Məcəlləsinə əsasən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən addımlar atılır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O əlavə etdi ki, narkomaniya və bu asılılıqdan əziyyət çəkən şəxslərin müalicəsi ilə bağlı daha ciddi və sistemli işlər aparılmalıdır:

"Gündəlik xəbərlərdə müxtəlif məkanlarda narkotik vasitələrin aşkarlanması ilə bağlı məlumatlar yayılır, lakin bir çox hallarda onların mənşəyi məlum olmur. Bu isə cəmiyyətdə ciddi narahatlıq doğuran amillərdəndir. Narkotik vasitələrin mənbəyi müəyyən edilmirsə və bu istiqamətdə effektiv mübarizə aparılmırsa, bu, qarşıda daha ciddi problemlərin mövcud olduğunu göstərir. Digər tərəfdən, narkomaniya sosial bəla kimi qiymətləndirilməli və bu sahədə qabaqlayıcı tədbirlər gücləndirilməlidir. Qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, cəmiyyətin maarifləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsi üçün zəruri infrastruktur yaradılmalı, regional tibb müəssisələri bu istiqamətdə ixtisaslaşdırılmalı və müasir avadanlıqlarla təchiz olunmalıdır. Bu tədbirlər dövlət proqramları çərçivəsində sistemli şəkildə həyata keçirilməlidir. Narkomaniya ilə mübarizə yalnız bir qurumun deyil, bütün cəmiyyətin ortaq məsuliyyəti kimi qəbul olunmalıdır".

NURİYYƏ

Chosen
61
1
redaktor.az

2Sources