Qarabağ – Sabah 2:2 (1:1)
Qarabağ (Ağdam): 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 2. Mateus Silva, 18. Dani Bolt, 10. Abdulla Zubir (k) (11. Emmanuel Addai, 75), 9. Xoni Montiel, 35 (8. Marko Yankoviç, 75). Pedro Bikalyo, 15. Leandro Andrade (22. Musa Qurbanlı, 80), 20. Kadi Borges, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 24. Jeremi Qnali, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 32. Hikmət Cəbrayılzadə, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah (Bakı): 92. Stas Pokatilov (k), 27. Timoteuş Puxaç, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 80. Akim Zedadka, 19. Aron Maluda (10. Aleksey İsayev, 67), 13. İvan Lepinitsa (6. Abdulla Xaybullayev, 89), 7. Umarali Raxmonaliyev, 21. Velko Simiç, 11. Kahim Parris (99. Patrik Mbina, 86), 9. Xəyal Əliyev (20. Coy-Lens Mikels, 67).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 2. Amin Seydiyev, 53. Andrey Santos, 17. Tellur Mütəllimov, 22. Zinədin Uld Xaled, 70. Cesse Sekidika, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Qollar: U.Raxmonaliyev, 23 (0:1). K.Borges, 29 (1:1). K.Borges, 60 (2:1). U.Raxmonaliyev, 65-p. (2:2).
Vərəqələr: R.Daşdəmirov, 14 (qeyri-idman hərəkəti). X.Montiel, 47 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 80 (qeyri-idman hərəkəti). A.İsayev, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
3 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Bu iki komandanın oyununun maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini düşünmək üçün hər cür əsas var idi. Ölkənin ən güclüləri olması öz yerində, “Qarabağ” ötən il kubokun finalında məhz “Sabah”a uduzub, bu mövsüm də çempionluğu “bayquşlar”a vermək üzrədi...
Artıq 2-ci dəqiqənin tamamında Cəfərquliyevin ötürməsindən sonra Duranın zərbə mövqeyinə çıxması heç bir kəşfiyyatın olmayacağını, komandaların xoşbəxtliyi hücumda axtaracağını göstərdi. “Çərçivə”yə ilk zərbə isə künc zərbəsi yerinə yetiriləndən sonra Kadidən gəldi, sadəcə, Pokatilov yerində idi. 15-ci dəqiqədəki növbəti təhlükəli vəziyyət zamanı da Kadi ön plana çıxdı, ancaq Andradenin ötürməsindən sonra elə bərbad zərbə vurdu ki, deməyə dəyməz. Bir qədər sonra braziliyalı komandasının antiqəhrəmanı olmaq yolunda növbəti addımı atdı. Deməli, Bolt topu autdan oyuna daxil etdi, Simiç onu Kadidən “oğurlayaraq” irəlilədi, Parrisə, o da Xəyala ötürmə verdi, Xəyalın zərbəsini Koxalski ənənəvi şəkildə önünə qaytardı, Umarali rahatca hesabı açdı. Və bu məqamda Kadidə metamorfoza baş verdi. Qoldakı kobud səhvini yumağa çalışan braziliyalı qisas hissi ilə alışıb-yanan pələngə çevrildi. 29-cu dəqiqədə səhv növbəsi Solvetə çatdı. “Qarabağ”ın hücumu zamanı Pokatilov Andradenin təhlükəli ötürməsini dəf etdi, topa yiyələnən Zedadka və onün ötürmə verdiyi Solvet təhlükəni sovuşdura bilmədi. Daha doğrusu, fransalı müdafiəçi topu səliqəsiz şəkildə çıxardı, ardından Cəfərquliyevin ötürmə-zərbəsindən sonra top Kadinin ayağına gəldi, braziliyalı Rəhmanın müqavimətinə rəğmən, fərqlənə bildi. Top qapıdan keçməsəydi, referi “nöqtə”ni göstərəcəkdi. “Qarabağ” hissənin sonuna qədər 2-ci qolu da vura bilərdi. 39-cu dəqiqədə Andrade sağ cinahdan cərimə meydançasına asma etdi, Pokatikovu da keçən topa Duran toxunmağa borclu idi, amma bacarmadı. Ümumiyyətlə, kolumbiyalı cümə günü ən zəif oyunlarından birini keçirdi. 43-cü dəqiqədə isə Montiel penalti nöqtəsi yaxınlığından qapının boş küncünə düşə bilmədi. Hissənin son saniyələrində “Sabah” “Qarabağ”ı həyəcanlandırdı. Puxaçın cərimə zərbəsi zamanı top dirəkdən döndü.
2-ci hissə də ağdamlıların hücumlarıyla başladı. Hətta ilk 15 dəqiqədə az qala təkqapı oyun getdi. Bu üstünlük 60-cı dəqiqədə hesabda da əksini tapdı. Cərimə meydançasının qövsündən bir qədər arxada Montieldən ötürmə alan Kadi heç kimin gözləmədiyi halda qapını “nişan aldı” – 2:1.
Montielin 63-cü dəqiqədəki qeyri-dəqiq zərbəsindən sonra sanki “Qarabağ”a nəsə oldu. Cəmi bir dəqiqə sonra Parrisdən cərimə meydançasında ötürmə alan Simiçin qarşısını Medina çox yöndəmsiz hərəkətlə aldı. Nəticədə Koxalskinin qoruduğu qapıya penalti təyin olundu. Kadinin qəhrəmanlığından ruhlanan Umarali də dubl etməyi bacardı. Qalan dəqiqələr də qarşılıqlı hücumlar şəraitində keçdi. Meydan sahiblərindən Kadinin, qonaqlardan isə Lepinitsa ilə Simiçin fərqlənmək imkanı oldu. Amma hesab dəyişmədi. Bu isə o deməkdi ki, aprelin 22-də bizi daha bir maraqlı oyun gözləyir.