EN

Məleykə Abbaszadə: Son 10 ildə DİM-də 6 milyondan çox insan imtahan verib VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Bu gün Dövlət İmtahan Mərkəzinin onilliyini qeyd edirik. Bu, bizim üçün sadəcə təqvimdəki tarix deyil, milyonlarla vətəndaşımızın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələdir. Bu, ədalətli rəqabətin intellektual əsası, başqa sözlə intellektual əməliyyat sistemidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

“Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib: Bu, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır. DİM artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxıb. Biz ədalət infrastrukturunun mühüm elementinə çevrilmişik.

Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırmışıq. Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial yüksəliş mexanizminin fəaliyyətinə zəmin yaradırıq”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Chosen
1
4
azertag.az

6Sources