BAKI, 10 aprel. TELEQRAF
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təhsildə ölçmə və qiymətləndirmə sahəsində yeni dövr başlayıb.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) sədri Bayram Ali Ersoy Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransdakı çıxışı zamanı deyib.
B.A. Ersoy çıxışında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasındakı iş birliyinin strateji əhəmiyyətinə toxunub:
"TDT çərçivəsində ortaq ölçmə standartlarının inkişaf etdirilməsi, imtahanların qarşılıqlı tanınması və xüsusilə ortaq akreditasiya sisteminin qurulması artıq bir seçim deyil, zərurətdir. Bu addımlar Türk dünyasında təhsil və işçi qüvvəsinin hərəkətliliyini artıraraq qarşılıqlı etimadı gücləndirəcəkdir".
Bayram Ali Ersoy Azərbaycanla Türkiyənin mərkəzi imtahan sistemi ilə bağlı 90-cı illərdəki təcrübə mübadiləsinə diqqət çəkərək deyib:
"Bu gün texnoloji sahələr inkişaf etdikcə imtahan sisteminin də bu istiqamətdə irəli aparılmasında qətiyyətliyik. Türkiyənin sahib olduğu təcrübəni Azərbaycan və digər bütün türk dövlətləri ilə bölüşməyə hazırıq. Bu mənada, ortaq proqramların yaradılması, eləcə də imtahan nəticələrinin qarşılıqlı tanınması istiqamətində irəliləyişin əldə edilməsi vacibdir".