EN

Atəşkəsdən sonra...

Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa oluna bilərmi?

ABŞ-la İran arasında atəşkəsin əldə edilməsi Rusiya-Ukrayna danışıqlarının bərpasına şərait yarada bilər. Çünki ABŞ-ın İranla müharibəyə diqqət ayırması Kiyevə hərbi dəstəyi müəyyən qədər azaltmışdı. Bu da Rusiyanın artan hücumları qarşısında Ukraynanın vəziyyətini çətinləşdirib. Lakin Vaşinqtonun Tehranla atəşkəs razılığı nəticəsində  vəziyyəti dəyişmək mümkündür.

Vens: İndiyədək ciddi irəliləyiş əldə olunub

Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu və danışıqlar prosesinin başlanğıcından bəri Moskva ilə Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqelərinin xeyli yaxınlaşdığını bildirib. “Biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Əvvəlcə Rusiya və Ukraynanı münaqişəyə son qoymaq üçün heç olmasa nə istədiklərini ifadə etməyə inandıra bilmirdik. İndi buna nail olmuşuq. Ukrayna və Rusiyadan yazılı bəyanatlar almışıq, zaman keçdikcə onların mövqeləri daha da yaxınlaşır”, - deyən Vensin sözlərinə görə, tərəflərin mövqeləri hələ tam uyğunlaşmasa da o, danışıqların perspektivinə nikbin baxır. Danışıqlar artıq “bu və digər istiqamətdə bir neçə kvadratkilometr ərazi ilə bağlı müzakirələrə” qədər irəliləyib. Vitse-prezident onu da vurğulayıb ki, münaqişənin həllinə maraq göstərməyən Avropa siyasi rəhbərliyinin mövqeyi Vaşinqtonda məyusluq doğurur.

Rusiya üçtərəfli danışıqların bərpa olunmasını yubatmayacaq

Moskva da Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmağı düşünmür. Baxmayaraq ki, vəziyyət Amerika Birləşmiş Ştatlarının  İranla dialoq üçün kimi təyin etməsindən asılı ola bilər. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Ukrayna üzrə üçtərəfli danışıqların gedişi böyük ölçüdə Ağ Evin Tehranla dialoq üçün məhz kimi nümayəndə təyin edəcəyindən asılı olacaq. Onun sözlərinə görə, Rusiya üçtərəfli danışıqların bərpa olunmasını yubatmayacaq. Hələ mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında ABŞ-ın iştirakı ilə danışıqlarında “fasilə verildiyini” açıqlamışdı. Miroşnik deyib ki, bu formatda danışıqlar aparmaq üçün 3 tərəfin - Rusiya, ABŞ və Ukraynanın razılığı tələb olunur: “İndi çox şey ABŞ-ın İranla danışıqlarında onları kimin təmsil edəcəyi ilə bağlı qərarından asılıdır. Əgər söhbət eyni danışıqçılardan gedirsə, proses müəyyən qədər gecikə bilər. Amma bu, Ukraynada nizamlanma üçün danışıqlar yolunda davam etmək və ya irəliləmək üçün fundamental maneə yaratmır. Hər halda, inanıram ki, Rusiya tərəfdən danışıqlar prosesinin bərpasında heç bir maneə və ya gecikmə olmayacaq”.

Qarşılıqlı hücumlar davam edir

Hazırda tərəflər bir-birinə hücumları  davam etdirir. Belə ki, dünən Rusiya ordusunun yalnız  Ukraynanın Xerson, Xarkov və Zaporojye vilayətlərinə hücumları nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, Rusiya qoşunları regionu atəşə tutub, nəticədə 4 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb. Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, son sutka ərzində Rusiya ordusu pilotsuz uçuş aparatları və idarə olunan raketlərdən istifadə edərək vilayətin 18 yaşayış məntəqəsinə zərbələr endrib. Bildirilib ki, 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov qeyd edib ki, Zaporojyeyə hücum nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Ukrayna isə ilhaq edilmiş Krımın Feodosiya şəhərindəki “Dəniz Neft Terminalı” SC-nin neft bazasını pilotsuz uçuş aparatları ilə hücuma məruz qoyub və müəssisədə yanğın baş verib. Yerli sakinlər partlayışlar və ardınca baş verən yanğın barədə məlumat veriblər. İki rezervuar yanıb, ümumilikdə yanğın bir neçə kilometr məsafədən görünüb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Krımdakı “Dəniz Neft Terminalı” SC Krım yarımadasına və Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərinə dəniz yolu ilə yanacaq-sürtkü materiallarının tədarükünün əsas qovşağıdır.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bəyan edib ki, ordu strateji təşəbbüsü qoruyub saxlayır və Rusiya qoşunlarının genişmiqyaslı hücuma başlamasının qarşısını alır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin üstünlüyünün əsas amillərindən biri pilotsuz uçuş aparatları bölmələridir. Bu bölmələr hazırda düşmənə ən geniş miqyasda və təsirli zərbələr vurur. Sırski qeyd edib ki, mart ayında Ukrayna pilotsuz sistem bölmələri tərəfindən vurulan Rusiya ordusunun şəxsi heyətinin ümumi itkisinin nisbəti 29 faiz artıb: “2025-ci ilin dekabrından başlayaraq ardıcıl dörd aydır ki, pilotsuz sistem bölmələrimiz Rusiya ordusunun səfərbər etdiyindən daha çox şəxsi heyəti zərərsizləşdirib”.

Baş komandanın bildirdiyinə görə, artıq pilotsuz hərbi bölmələr orta hesabla gündə 11 mindən çox döyüş tapşırığını yerinə yetirir. Bundan əlavə, mart ayının nəticələrinə əsasən fevral ayının statistikası ilə müqayisədə 50 faiz daha çox təsdiqlənmiş hədəf vurulub, onların sayı 150 mindən çoxdur.

Zelenski Putinlə harada görüşməyi təklif edir?

Bu yaxınlarda Ukrayna lideri Zelenski Pasxa bayramı münasibətilə atəşkəsin elan olunmasını təklif etmişdi. O ümid edirdi ki, ABŞ Kiyev və Moskva arasında “Pasxa atəşkəsi” təklifini dəstəkləyəcək. “Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu demişəm və bu gün də təkrar edirəm: biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik”, - deyə o söyləyib. Lakin Rusiya tərəfi bunu rədd edib və təklifə Ukrayna ərazisinə güclü hücumlarla “cavab” verib. Zelenskinin “Pasxa atəşkəsi” ilə bağlı Roma Papası XIV Leo ilə telefon danışığı da heç bir nəticə verməyib.

Belə olan halda, Ukrayna Rusiyaya “enerji atəşkəsi” təklifi irəli sürüb. “Əgər Rusiya enerji sektorumuza hücumları dayandırmağa hazırdırsa, biz də eyni şəkildə cavab verməyə hazır olacağıq. Amerikalılar vasitəsilə belə bir təklifi Rusiya tərəfinə çatdırmışıq”, - deyə Prezident vurğulayıb. Lakin rəsmi Moskva atəşkəs təkliflərinə münasibət bildirməyib.

Ona görə də, Zelenski hesab edir ki, Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı tab gətirməsi üçün təcili olaraq Amerikanın əlavə “Patriot” sistemlərinə ehtiyacı var. Zelenski Kiyevin hələ də ballistik raketləri zərərsizləşdirmək üçün bu sistemlərə təsirli alternativinin olmadığını vurğulayıb. Bununla belə, Ukrayna lideri İtaliyanın RAI radiostansiyasına müsahibəsində Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib: “Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Lakin görüşə biləcəyimiz bir çox yer var, məsələn, Yaxın Şərqdə, Avropada, ABŞ-da”. O, həmçinin ABŞ-nin Yaxın Şərqə yönəlmiş diqqəti səbəbindən Rusiya ilə üçtərəfli görüşün təxirə salındığını, lakin prosesin yenidən başlayacağını vurğulayıb.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov isə “Bloomberg”ə açıqlamasında bildirib ki, ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti 12 apreldən sonra Kiyevə səfər edə bilər. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində respublikaçı senator Lindsi Qremin olması da mümkündür. Budanov əlavə edib ki, Amerika nümayəndə heyətinin səfərindən sonra Ukrayna daha əhəmiyyətli təhlükəsizlik zəmanətləri ala bilər.

N.BAYRAMLI

Chosen
18
50
yeniazerbaycan.com

10Sources