EN

Hakim səhvi və emosional açıqlama AFFA heç kimə güzəşt etmədi

ain.az, Fanat saytına istinadən bildirir.

Aprelin 3-də AFFA-da illik Hesabat Konfransı keçirildi. Orada bəzi strateji gedişlər açıqlandı. Baş katib Cahangir Fərəcullayev assosiasiyanın prioritet istiqamətlərindən söz açdı. Konfransdan sonra mətbuatı maraqlandıran məsələlərə də aydınlıq gətirildi. Qurumun prezidenti Rövşən Nəcəf jurnalistlər önündə suallara hazır və sərbəst görünürdü. Medianı maraqlandıran bir çox nüanslar cavabsız qalmadı.

Həmin axşam həm də ölkə kubokunun 1/2 final oyunları keçirildi. "Qarabağ" - "Sabah" oyununda son illərin tamaşaçı rekordu bir anda iki dəfə artdı. Oyuna 21 mindən artıq azarkeş gəlmişdi. 

"Zirə" - "Turan-Tovuz" qarşılaşması da maraqla gözlənilirdi. Azarkeş marağından daha çox, görüş turnir nöqteyi-nəzərindən prinsipiallıq vəd edirdi. Cütlük qarşıya qoyulan məqsədə hələ çatmayıblar. Kubok yolu avrokuboklara vəsiqə baxımından əlavə şansdır. 

Sözügedən matçın hakimləri məsuliyyətsizliklə tək oyunu korlamadılar, etimad göstərənlərə də zərbə vurdular. Görüşdən dərhal sonra bölgə təmsilçisinin rəhbəri Ehtiram Quliyev kəskin çıxışı ilə yadda qaldı.

AFFA-nın mövqeyi, çıxaracaq qərarlar maraqla gözlənilirdi. Açığı, oyunda baş verənlər, maraqlı tərəflər, kənar təzyiqlər, vəziyyətdən sui-istifadə etmək istəyənlər, azarkeş emosiyaları federasiyanı çətin dilemma qarşısında qoymuşdu.

Belə situasiyalarda öyrəncəli olmuşuq: AFFA illərdir diktat rolunu seçir, özlərindən başqa hamını günahkar çıxarırdı. Yenilər təmkinli davranaraq araşdırma, ardıcıllıq mövqeyinə üstünlük verdilər. Bir-birini tamamlayan qərarlar onu göstərir ki, bu, zaman udmaq, vaxt qazanmaq niyyəti daşımırmış.

AFFA Ehtiram Quliyevin açıqlamasına səbirlə yanaşdı, tələsik mövqe tutulmadı. Federasiya "günahkar" axtarışına da  çıxmadı, birinci özlərindən başladılar. Psixoloji baxımdan ən doğrusunu etdilər.

İlk qərar hakimlərin səhvlərinin etirafı oldu. Premyer Liqa turuna nəzər yetirdikdə, baş hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilovun cəzalandılıdığı məlum oldu. Növbəti təyinatlar prosesin komitə çərçivəsindən çıxdığını, AFFA-nın nəzarəti tam ələ götürdüyünü göstərir.

Gedişat göstərirdi ki, cəzalar tək bununla bitməyəcək. AFFA təmkinli davranaraq Premyer Liqa turunun bitməsini gözlədi, emosiyaların pik həddə çatmasının qarşısını aldı. Hakim səhvlərinə görə oyun yenidən keçirilmir - qaydalar bunu deyir. "Turan-Tovuz"a olan olub artıq.

Son qərardan AFFA rəhbərliyinin gedən proseslərin fərqində olduğu göründü. Nə hakimlərə, nə bu işə cavabdehlərə "sağ ol" deyildi, nə də futboldankənar yersiz açıqlamalara yol verildi. Bəlkə də gələcək qalmaqalların qarşısı alındı. 

Konfrans günündə hakim olayının baş verməsi ən azı məsuliyyətsizlikdir.

Assosiasiyanın yeni heyəti, çıxarılan qərarlarla Azərbaycan futbolunda hər şeyin fərqində olduqlarını və nə daxildə, nə də kənarda heç kimə güzəştə getməyəcəklərini açıq bəyan etdilər.

Fanat.Az

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
fanat.az

2Sources