EN

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

Leysan Məmmədovun adı çəkiləndə təsəvvürdə dövlətə xidmət yox, büdcə vəsaitlərinin “leysan” kimi axıb talanması canlanır. Buna səbəb Hesablama Palatasının rəsmi audit sənədləri, illərlə yığılıb qalmış rəqəmlər və milyonlarla manatlıq “yeyinti” faktlarıdır.

Gənclər və İdman Nazirliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə rəhbərlik etdiyi 15 il ərzində Leysan Məmmədovun “imza” atmadığı tikinti qalmayıb. Şəmkirdən Astaraya, Sumqayıtdan Qəbələyə qədər ucalan olimpiya komplekslərinin hər kərpici bu maxinasiyalara “şahidlik” edib.

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etmək idi. Lakin Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib.

Leysan Məmmədovun adı bizə və hüquq-mühafizə orqanlarına heç də yad deyil. Gənclər və İdman Nazirliyində 15 il ərzində tikinti sektoruna rəhbərlik edən bu şəxsin fəaliyyəti Hesablama Palatasının audit hesabatlarında “yeyinti” və maxinasiya faktları ilə əks olunub. İddialara görə Olimpiya komplekslərinin inşasında milyonlarla manatın mənimsənilməsinə görə ölkədən çıxışına “stop” qoyulub. Görünən odur ki, Məmmədov öz “zəngin təcrübəsini” indi də Ağdam, Füzuli və Xocavənddə tətbiq etməyə başlayıb. Belə ki, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində aşkar olunan mənimsəmə faktları təmir-bərpa adı altında milyonlarla vəsaitin necə buxarlandığını ortaya qoyur.

Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən üç iri müqavilənin “Platin” MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq üç nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. Tenderin qalibi “Platin” MMC adlı şirkətdir. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri İsfəndiyar Məmmədov olsa da, iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni hər şey “ailə daxilində” həll edilir.

Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadratmetri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda, sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Hər kvadratmetrdə yaranan 200 manatlıq “süni fərq” dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir.

Bundan əlavə, 2025-ci ilin yanvarında Ağdam şəhərində yaşayış massivlərinin tikintisi ilə bağlı keçirilən tenderlərdə daha sərfəli qiymət təklifləri olmasına baxmayaraq, “SMTS” MMC qalib elan edilib. Müqayisələr göstərir ki, digər şirkətlərin təklifləri ilə fərq ümumilikdə 8,5 milyon manatdan çoxdur ki, bu da dövlət büdcəsi üçün əlavə yük hesab olunur.

Nəticədə ortaya 20 milyon manatdan çox yoxa çıxan vəsait çıxır. Bu qədər pulun necə “əridiyini” görmək üçün uzağa getmək lazım deyil. Evlərin təmirə başlamazdan əvvəlki fotoları ilə indiki sənədləri üz-üzə qoyanda hər şey gün kimi aydın olur. Görəsən, bu qədər aşkar mənimsəməyə imza atanlar hansı məntiqlə hərəkət edirlər? Dövlətin vəsaitini bu qədər rahatlıqla şəxsi maraqlara qurban vermək sadəcə qanun pozuntusu deyil, həm də böyük məsuliyyətsizlikdir.

Görünür, bəziləri üçün Qarabağın bərpası müqəddəs vəzifə olmaqdan çıxaraq növbəti “tender poliqonu” və büdcə talanı fürsətinə çevrilib. İllərlə müxtəlif vəzifələrdə dövlətin milyonlarını mənimsəyələrin hələ də eyni ssenarilərlə hərəkət etməsi, quruculuq işlərinə kölgə salmaqdan başqa bir şey deyil. Amma unutmaq olmaz ki, şəhid qanı ilə alınmış o torpaqlarda qurulan hər bir binaya görə mənimsənilmiş hər qəpiyin hesabı gec-tez sorulacaq.

( ardı var…)

Demokrat.az

Chosen
2
14
veteninfo.az

10Sources