
İlon Maskın atası Errol Mask bildirib ki, Avropa liderləri reallıqla əlaqəni tamamilə itiriblər və onların yanaşmaları artıq aktual deyil.
AFN.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində danışıb. "Avropa liderləri, bəlkə də hər məsələdə ABŞ Prezidenti Donald Trampla razılaşan NATO rəhbəri istisna olmaqla, reallıqdan tamamilə qopublar. Beləliklə, Avropa bir çox cəhətdən əhəmiyyətsizləşib, çünki oradakı liderlər lider deyil. Heç kim onların kim olduğunu dəqiq bilmir", — deyə ata Mask qeyd edib.
Errol Mask dünya liderləri arasındakı dialoq imkanlarını müqayisə edərək fikrini belə davam etdirib: "Lakin siz Tramp və Putin kimi razılığa gələn insanlardan danışdıqda, bəli, bu, mənim üçün mütləq məna kəsb edir. Onlar bunu edə bilərdilər. Siz məndən Tramp və Putin haqqında soruşduqda 'bəli' deyirəm. Amma məndən Tramp və Avropa İttifaqından olan qadın və ya Britaniya Baş naziri haqqında soruşduqda 'yox' deyirəm".
O, həmçinin vurğulayıb ki, hazırkı qlobal siyasi mənzərədə yalnız güclü və konkret mövqeyi olan liderlər real nəticələr əldə edə bilərlər, Avropadakı mövcud idarəçilik isə bu tələblərə cavab vermir.