EN

Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri illər keçsə də öz aktuallığını itirmir. Bu kəlam sadəcə bir ifadə deyil, dövlətin inkişaf strategiyasının, cəmiyyətin sabaha olan inamının əsas sütunudur. Bu gün ölkəmizin gələcəyi naminə görülən işlərin mərkəzində məhz təhsil dayanır və bu missiyanı daşıyan minlərlə təhsil işçisi var.

Həqiqi güc bilikdə, tərbiyədə və insan yetişdirmək məharətindədir. Bu gücün arxasında isə çox vaxt səssiz, təvazökar, amma fədakar bir ordu dayanır təhsil işçiləri.

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturlarında gecə-gündüz çalışan insanlar var. Onlar vətəndaş müraciətlərinə cavab verən, layihələr hazırlayan, müsabiqələr təşkil edən, təhsilin keyfiyyətini yüksəltmək üçün ardıcıl və sistemli şəkildə çalışan görünməyən qəhrəmanlardır.Məhz o qəhramanlar ki, bəzən bir valideynin ümidi, bir şagirdin arzusu, bir gəncin gələcəyi onların gördüyü işlərdən bir başa asılı olur.

Daşlı, palçıqlı kənd yollarından keçərək məktəbə gedən birinci sinif şagirdinin əlindən tutan müəllim də, o müəllimin arxasında dayanan təhsil sistemi də eyni amal uğrunda çalışır: savadlı, vətənpərvər, düşünən bir nəsil yetişdirmək. Bu gün Vətənini qoruyan əsgərin arxasında dünən ona “Ana dili”, “Tarix”, “Vətən sevgisi” öyrədən müəllim dayanır. Ordunun gücü təkcə silahda deyil, həmçinin məktəbdə formalaşan şüurda, düşüncədə, tərbiyədədir.

Təhsil işçiləri bəzən tənqidlə qarşılaşır, bəzən səssiz qalır, amma heç vaxt yolundan dönmür. Çünki onların işi sadəcə bir peşə deyil – bu, gələcək qarşısında məsuliyyətdir. Onlar bilirlər ki, bu gün göstərilən səbr, zəhmət və fədakarlıq sabah ölkənin inkişafına, dövlətin möhkəmlənməsinə çevriləcək.

Cəmiyyət olaraq biz təhsilə, xüsusən də təhsil işçilərinə daha çox dəyər verməliyik. Çünki bir millətin taleyi məktəb siniflərində yazılır. Orada təkcə dərs keçilmir – orada xarakter formalaşır, şəxsiyyət yetişir, vətənə bağlılıq aşılanır.

Təhsil uzun bir yoldur. Bu yol səbr tələb edir, zəhmət tələb edir, bəzən qarşılıq gözləmədən çalışmağı tələb edir. Hər kəs nəticəni görmək istəyir, amma az adam o nəticənin arxasındakı illərin zəhmətini, gecələrin yuxusuzluğunu, ruhən yorulan müəllimi görür. Bir həkim insanı sağaldırsa, bir müəllim cəmiyyəti sağaldır.

Bu gün cəmiyyət olaraq soruşmalıyıq:

– Təhsilə sadəcə diplom yolu kimi baxırıq, yoxsa şəxsiyyət, cəmiyyətə faydalı şəxslər yetişdirən  bir proses kimi?

Çünki təhsilə verilən dəyər, əslində öz gələcəyimizə verilən dəyərdir. Sinifdə səssiz oturan bir uşaq sabah alim, həkim, mühəndis, lider ola bilər. Onun taleyində bir cümlə, bir təşviq, bir “sən bacararsan” sözü həlledici ola bilər. O sözü isə çox vaxt müəllim deyir.

Bu gün Azərbaycan təhsilinin arxasında dayanan hər bir təhsil işçisi  böyük bir missiyanın daşıyıcısıdır. Onların əməyi görünməsə də, nəticəsi bütün ölkənin gələcəyində öz sözünü deyir. Təhsil bir insanı dəyişir, bir insan isə bütöv cəmiyyəti.

Kərimov Murad Davud oğlu,

Mərkəzi Aran Regional Təhsil İdarəsinin mütəxəssisi

Chosen
15
azedu.az

1Sources