EN

“Tələbələrimiz iş axtarmayacaqlar, özləri iş seçəcəklər” Qarabağ Universitetindən REPORTAJ

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xankəndi, 9 aprel, AZƏRTAC

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universiteti regionun intellektual mənzərəsini yenidən formalaşdıraraq, Azərbaycanın ali təhsil sistemində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Qısa müddət ərzində innovativ infrastrukturu və beynəlxalq akademik standartlara əsaslanan tədris yanaşması ilə seçilən bu ali təhsil müəssisəsi artıq regionun strateji inkişafının və kadr potensialının əsas mərkəzinə çevrilib.

Universitetin ən dinamik və gələcəyəyönümlü bölmələrindən biri olan Biznes və iqtisadiyyat fakültəsi müasir idarəetmə prinsipləri və qlobal təhsil standartlarını tətbiq etməklə xüsusilə diqqət çəkir. Fakültə tərəfindən hazırlanan mütəxəssislər nəinki işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişində, həm də ölkənin qlobal rəqabətqabiliyyətliliyinin artırılmasında həlledici rol oynayacaq intellektual gücün formalaşmasına xidmət edir.

Müasir infrastruktur və geniş imkanlar

Biznes və iqtisadiyyat fakültəsinin yeni binası müasir universitet konsepsiyasına uyğun inşa olunub. Dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsiplərinin xüsusi nəzərə alındığı binada tədris, tədqiqat və inzibati fəaliyyətin səmərəli təşkili üçün geniş imkanlar yaradılıb.

Fakültədə hazırda 500 tələbə bakalavriat səviyyəsində 7 prioritet ixtisas — iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. 20 nəfərlik professor-müəllim, inzibati və texniki heyətin fəaliyyət göstərdiyi müasir binada 40 auditoriya, ən son avadanlıqlarla təchiz olunmuş kompüter laboratoriyası, zəngin kitabxana, oxu və akt zalları mövcuddur.

Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan verir. Burada tələbələrin həm fərdi, həm də qrup şəklində daha effektiv təhsil alması üçün hər cür şərait var. Xüsusilə kitabxanada tələbələrin qrup halında çalışması üçün ayrılmış otaqlar onların akademik nəticələrinin yüksəlməsinə müsbət təsir göstərir.

Fakültədə Qərb universitetlərinin qabaqcıl metodları tətbiq edilir

Fakültənin dekanı Kamran Məlikov bildirib ki, burada yaradılan şərait müasir və keyfiyyətli təhsil üçün bütün imkanları təmin edir: “Biz tədrisimizi müasir standartlara cavab verən binada həyata keçiririk. Binanın A blokunda tədris, B blokunda isə professor-müəllim heyətinin otaqları, kitabxana və akt zalları yerləşir. Binada yaradılan şərait Qərb universitetləri səviyyəsindədir. Tədris otaqları müasir avadanlıqlarla təchiz edilib. Fakültədə müasir fənlər kompüter laboratoriyasında tədris olunur. Müəllimlər fərdi otaqlarla təmin olunublar ki, bu da onlara məsləhət saatlarında tələbələrlə fərdi qaydada məşğul olmağa imkan verir. Müəllimlər üçün mətbəx şəraiti, print ofis yaradılıb. Kitabxana həftə sonu da fəaliyyət göstərir. Eyni zamanda, tələbələr saat 18-dən sonra da kitabxanadan istifadə edə bilirlər”.

Dekan qeyd edib ki, fakültədə tədris planı əmək bazarının tələblərinə cavab verir və mütəmadi yenilənir, beynəlxalq təcrübə əsasında formalaşdırılır. “Biz istəyirik ki, tələbələrimiz universiteti bitirdikdə müasir əmək bazarının tələblərinə cavab verə bilsinlər. Odur ki, tədris planlarını hazırlayarkən Qərb universitetlərinin alimləri ilə sıx əməkdaşlıq edirik. Növbəti tədris ilində biz iqtisadiyyat üzrə tələbələrə Oksford Universitetinin alimləri tərəfindən yenilənmiş tədris planına uyğun dərslər keçəcəyik. Bura süni intellekt, data analitikası, rəqəmsal iqtisadiyyat kimi müasir fənlər daxildir. Maliyyə və mühasibat ixtisasları üzrə proqramlar isə Böyük Britaniyanın aparıcı universitetlərinin mütəxəssisləri ilə birgə yenilənir. Bu ildən Biznes menecment ixtisasının da açılması nəzərdə tutulur. Bu ixtisas üzrə də tədris proqramı Qərb universitetlərinə uyğun olacaq”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, fakültədə tətbiq olunan tədris modelləri İngiltərə və ABŞ universitetlərinin yanaşmalarına əsaslanır. Müəllimlərin əksəriyyətinin xaricdə təhsil alması isə bu prosesə təkan verir.

Tədrisin keyfiyyət göstəricisi: Beynəlxalq proqramlar və karyera imkanları

Fakültədə yaradılan tədris mühiti tələbələrin yalnız nəzəri deyil, həm də praktiki biliklər əldə etməsinə yönəlib. Tələbələr beynəlxalq proqramlarda iştirak edir, müxtəlif sertifikatlar əldə edirlər.

Bu baxımdan maliyyə və mühasibat sahəsində ACCA beynəlxalq sertifikatlarının əldə olunması, eləcə də “Enactus proqramı” çərçivəsində qazanılan uğurlar diqqət çəkir.

Dekan bildirib ki, tələbələr artıq müxtəlif şirkətlərdən iş təklifləri alır, bu da tədrisin keyfiyyətinin göstəricisidir.

Abituriyentlərin gələcək karyerasında universitet seçimi həlledici rol oynayır

Fakültənin müəllimi İsa Şəfiyev hesab edir ki, ali təhsil müəssisəsi seçimi abituriyentlərin gələcək karyerasında həlledici rol oynayır: “Abituriyentlər ixtisas seçərkən həmin ixtisasın hansı universitetdə daha keyfiyyətli tədris etdiyinə diqqət yetirməlidirlər. Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin təchizatı və müəllim heyəti, tədris sistemi olduqca mükəmməldir. Fakültədə beynəlxalq təcrübənin tətbiqi daha bir üstünlükdür. Burada təhsil alan tələbələr gələcəkdə iş axtarmayacaqlar, özləri iş seçəcəklər. Artıq bir çox müəssisələr tərəfindən tələbələrimizə iş təklifləri edilir”.

Müasir əmək bazarının tələblərinə cavab verən bu cür kadr hazırlığı strategiyası Qarabağ Universitetini qısa zamanda rəqabətədavamlı elm ocağına çevirib. Fakültədə yaradılan beynəlxalq standartlara uyğun mühit, gənclərin nəinki yerli, həm də qlobal miqyasda nüfuzlu mütəxəssis kimi formalaşmasına zəmin yaradır. Xankəndidə atılan bu uğurlu addımlar regionun iqtisadi dirçəlişinə və intellektual potensialının güclənməsinə xidmət edən strateji yolun tərkib hissəsidir.

Xankəndidə təhsil almağın qüruru

Maliyyə ixtisası üzrə ikinci kurs tələbəsi Gülər Rəhimli Qarabağ Universitetində təhsil almağın onun üçün xüsusi məna daşıdığını deyib: “Qarabağ Universitetinin azad olunmuş torpaqlarda yaradılması məni çox qürurlandırdı. Bu universitetdə maliyyə ixtisası üzrə təhsil almaq mənim arzum idi və bu arzumu reallaşdırdım. Xüsusən tədrisin ingilis dilində aparılması mənim üçün çox önəmlidir. Çünki gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bu baxımdan tədrisin ingilis dilində olması mənə çox böyük kömək edir. Universitetin kitabxanasından mütəmadi istifadə edirəm. Xüsusilə imtahan dövründə burada daha səmərəli hazırlaşıram. Otaqlarda dostlarımla müzakirələr edirik və imtahanlara daha yaxşı hazırlaşırıq. Bizim universitetin Azərbaycanda ən yaxşı ali məktəblərdən biri olduğunu düşünürəm. İnanıram ki, universitetin tələbələri dünya səviyyəsində tanınacaqlar”.

Şübhəsiz ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsində bərqərar olan innovativ tədris ekosistemi rəqəmsal dövrün və qlobal iqtisadiyyatın çağırışlarına adekvat cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsində strateji platforma rolunu oynayır. Burada ən müasir texnoloji imkanlarla təchiz edilmiş infrastruktur dünyanın qabaqcıl ali təhsil müəssisələrinin ən yaxşı təcrübələri ilə sintez olunaraq, tələbələrə fundamental nəzəri biliklərlə yanaşı, həm də çevik praktiki vərdişlər qazanmaq imkanı verir. Bu mühit yalnız təhsilin keyfiyyətini yüksəltməklə kifayətlənmir, eyni zamanda, gənclərin uğurlu karyera yolunun formalaşmasına möhkəm zəmin yaradır. Beləliklə, Qarabağ Universiteti özünün innovativ yanaşması ilə Azərbaycanın ali təhsil xəritəsində yeni və parlaq bir səhifə açmaqdadır.

Müxbir – Tahir Ağaməmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
azertag.az

1Sources