Tovuz şəhərində M. Musayev küçəsində fəaliyyət göstərən "Nəsimi" firmasına məxsus ərzaq bazarında planlı yoxlama keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkarlanıb. Belə ki, bazarda ət-süd məhsullarının satışı sahəsində döşəmə, divar səthlərinin hamar və təmirli olmadığı, müntəzəm təmizlik, dezinfeksiya işlərinin aparılmadığı müəyyənləşib. Eyni zamanda, ət və süd məhsullarının saxlanma temperaturuna riayət edilmədən satışa çıxarıldığı, etiket məlumatları olmayan qida məhsullarının realizə edildiyi müşahidə olunub.
Bundan əlavə, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi, istehsal prosesində yaranan tullantıların ağzı kip bağlanan qablara toplanıb kənarlaşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Nöqsanlarla bağlı bazarın səlahiyyətli nümayəndəsi barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Milli.Az