EN

ABŞ nin NATO nu tərk etməsi Rusiya üçün misilsiz qələbə olar Türkiyəli general

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"Müasir dünya nizamının sütunlarından biri olan NATO üçün ən qorxulu ssenari ABŞ-nin alyansı tərk etməsi artıq sadəcə nəzəri müzakirə mövzusu deyil, həm də ciddi geosiyasi risk kimi qiymətləndirilir. Belə bir addım həm təşkilatın mahiyyətini, həm də qlobal təhlükəsizlik memarlığını kökündən sarsıda biləcək tektonik bir dəyişiklik deməkdir. ABŞ-nin gedişi alyansın digər üzvləri üçün hərbi, iqtisadi və siyasi müstəvidə ağır nəticələr vəd edir".

Bu fikirləri Redaktor.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz açıqladı.

O qeyd etdi ki, NATO-nun hərbi büdcəsinin, kəşfiyyat şəbəkəsinin və texnoloji üstünlüyünün əsas payı məhz ABŞ-nin üzərinə düşür:

"Vaşinqtonun alyansdan çıxması ilk növbədə Avropanı "nüvə çətiri"ndən məhrum edərdi. Alyans daxilində qalan iki nüvə dövlətinin - Fransa və Böyük Britaniyanın arsenalı kəmiyyət və strateji imkanlar baxımından Rusiyanın nüvə gücü qarşısında kifayət qədər zəif qalır. Bundan əlavə, peyk kəşfiyyatı, strateji logistika və yüksək texnologiyalı silah sistemləri sahəsində yaranacaq nəhəng boşluğu Avropa ölkələrinin qısa müddətdə doldurması faktiki olaraq qeyri-mümkündür. Hazırda bir çox Avropa ölkəsi müdafiə xərclərini ÜDM-in 2%-i səviyyəsinə çatdırmaqda çətinlik çəkdiyi halda, ABŞ-nin gedişindən sonra bu rəqəmin kəskin artırılması məcburi reallığa çevriləcək. Öz təhlükəsizliklərini təkbaşına təmin etmək məqsədilə büdcənin hərbi sahəyə yönəldilməsi təhsil, səhiyyə və infrastruktur layihələrinin ixtisarı deməkdir. Bu isə Avropa cəmiyyətlərində daxili narazılığa və siyasi qeyri-sabitliyə yol aça bilər".

General əlavə etdi ki, NATO daxilində birləşdirici və "münsif" rolunu oynayan ABŞ-nin yoxluğu daxili rəqabəti alovlandıra bilər:

"Xüsusilə Almaniya, Fransa və Polşa arasında alyansın yeni liderliyi və strateji kursu uğrunda nüfuz savaşı başlaya bilər. Bu qeyri-müəyyənlikdən ən çox narahat olan isə Şərqi Avropa ölkələridir. Rusiya ilə birbaşa sərhəddə yerləşən Baltikyanı dövlətlər və Polşa özlərini müdafiəsiz hiss edərək ya sürətli silahlanmaya, ya da Moskva ilə fərdi, birtərəfli razılaşmalara meyillənə bilərlər. Vaşinqtonun geri çəkilməsi Rusiya üçün misilsiz bir strateji qələbə olardı. Moskva Avropa üzərində həm hərbi, həm də diplomatik təzyiqlərini artıraraq qitənin nizamını öz maraqlarına uyğun yenidən dizayn etmək fürsəti qazanar. Belə bir vəziyyətdə Avropa İttifaqı üçün yeganə çıxış yolu illərdir müzakirə edilən, lakin reallaşmayan "Vahid Avropa Ordusu" ideyasını təcili tətbiq etməkdir. Avropa artıq yalnız "iqtisadi nəhəng" deyil, həm də bütün məsuliyyəti öz üzərinə götürən bir "hərbi güc" olmaq məcburiyyətində qalacaq. Yekun olaraq, ABŞ-siz NATO qlobal statusunu itirərək məhdud imkanlı regional bir ittifaqa çevrilər. Bu ssenari Qərbin kollektiv müdafiə ruhunu sarsıtmaqla yanaşı, dünyanı daha proqnozlaşdırılmaz və təhlükəli bir geosiyasi dövrə sürükləyər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
1
redaktor.az

2Sources