EN

“Aldıqları kartofun pulunu vermədilər, 300 min manat ziyandayıq”

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Əziyyətlə əkilib-becərilmiş 350 ton yazlıq kartofu alıb bizi 300 min manat məbləğində ziyana saldılar”. 

Bu şikayətlə “Qafqazinfo”ya Cəlilabad rayon sakinləri olan fermerlər- Azad, Araz və Zakir Bədirovlar müraciət edib. 

Fermerlərin sözlərinə görə, qarşı tərəfə satdıqları kartofun pulunu ala bilmirlər: “Biz rayonun Kazımabad kənd sakinləri İlqar Ağayev və onun qardaşları - Museyib Ağayev və hazırda Rusiya Federasiyasında yaşayan Sabir Ağayev ilə əvvəlcədən razılaşdıq. Buna uyğun olaraq kartof məhsulları mövsüm ərzində mərhələli şəkildə birbaşa əkin sahəsindən götürülüb. 

Məhsulun daşınması bir neçə dəfə, fasilələrlə yük avtomobilləri vasitəsilə həyata keçirilib və bütün proses təsərrüfatda çalışan mövsümi işçilərin iştirakı ilə baş verib. İşçilər məhsulun yığılması, yüklənməsi və sahədən aparılması prosesinin birbaşa şahidi olublar, onlar bunu təsdiqləyə bilərlər”. 

Şikayətçilər qeyd edib ki, hər dəfə məhsul götürülərkən qarşı tərəf ödənişin qısa müddətdə ediləcəyini vəd edib, lakin bu, baş tutmayıb: “Razılaşmaya əsasən, kartofun 1 kiloqramının qiyməti 0,70 manat müəyyən edilib. Ümumi məbləğ 245 min manatdır”. 

Bədirovların sözlərinə görə, son 3–4 il ərzində Rusiyadan toxumluq kartof gətirilməsi adı ilə də onlardan müxtəlif vaxtlarda pul vəsaiti alınıb: “Nəticədə ümumilikdə ən azı 300 min manat məbləğində maddi ziyanımız oldu. Bütün bunlarla bağlı kifayət qədər əsaslı sübutlar mövcuddur. Həmin adamların etdiyi sadəcə aldatma və etibardan sui-istifadə etməkdir. Axı biz də əziyyət çəkirik. Bu qədər məhsulu əziyyətlə yetişdiririk. Onda da belə sui-istifadə edilir. Müvafiq qurumlara da rəsmi müraciət ünvanlamışıq. İstəyirik ki, pulumuz tez zamanda geri qaytarılsın”.

İddialarla bağlı qarşı tərəflərdən biri - Museyib Ağayevlə əlaqə saxladıq. O bildirdi ki, iddialar əsassızdır: “Hazırda iş istintaq çərçivəsində gedir. Ümumiyyətlə, mənim həmin şəxslərlə heç bir alqı-satqım olmayıb, qardaşımla satışları olub, ancaq deyilənlər şər-böhtandır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin regional qrupundan müraciətimizə cavab olaraq bildirildi ki, Cəlilabad rayonunun Cəfərxanlı kənd sakinləri Azad Bədirov, Zakir Bədirov və Araz Bədirovun 2022–2025-ci illər ərzində rayon sakinləri İlqar Ağayev və onun qardaşları Museyib və Sabir Ağayevə satdıqları kartof məhsulunun pulunun ödənilməməsi ilə bağlı müraciəti əsasında Cəlilabad Rayon Polis Şöbəsində təhqiqat aparılıb: “Göstərilən hallar hərtərəfli araşdırılıb, o cümlədən tərəflərin və şahidlərin izahatları alınıb, digər prosessual hərəkətlər həyata keçirilib. 

Araşdırma zamanı müraciətin cinayət xarakterli olmaması müəyyən edilib və tərəflərə məhkəmədə mülki iddia qaldırmaq tövsiyə olunub”.

Fidan Etibar 

Surxay Şahbazov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
qafqazinfo.az

1Sources