EN

Atəşkəs arxasında gizli savaş: Yaxın Şərqdə yeni fırtına yaxınlaşır

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Tehranda parçalanma, Vaşinqtonda təzyiq bu gizli savaşın təhlükəli mərhələsinə qədəm qoymasına xidmət edir

ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəs ilk baxışda bölgədə gərginliyin azalması üçün bir nəfəs fasiləsi kimi görünür. Lakin səhnənin arxasında baş verənlər göstərir ki, bu razılaşma hələ sülhə aparan yolun başlanğıcı deyil, sadəcə yeni siyasi-psixoloji mübarizə mərhələsidir. İslamabad danışıqları ərəfəsində həm Tehran, həm də Vaşinqtonun verdiyi ziddiyyətli və sülühn əldə olunmasına xidmət etməyən sərt bəyanatlar bunu açıq şəkildə təsdiqləyir. 

Ən böyük problem odur ki, tərəflər atəşkəsə siyasi etimad yaratmaq aləti kimi yox, taktiki nəfəs dərmə fürsəti kimi yanaşırlar. Məhz buna görə qarşılıqlı ittihamlar, ultimatumlar və “maksimalist şərtlər” səngimir.

Tehranın irəli sürdüyü 10 maddəlik çərçivə planında uranın zənginləşdirilməsi hüququnun tanınması, sanksiyaların ləğvi, Hörmüzə nəzarət və regiondakı hərbi əməliyyatların dayandırılması kimi tələblər daha çox strateji kapitulyasiya sənədi görüntüsü yaradır. Vaşinqton isə paralel şəkildə bu şərtlərin heç birini rəsmən qəbul etmədiyini vurğulayır və öz 15 maddəlik yanaşmasının danışıqlar masasında olduğunu bildirir. 

Bu isə çox təhlükəli bir mənzərə yaradır: hər iki tərəf eyni danışıqları fərqli sənədlər üzərində qurduğunu iddia edir. Belə vəziyyətdə masa arxasında razılaşma əldə etməkdən çox, danışıqların özünün başlaması belə mürəkkəbləşir.Ultimatum diplomatiyası: sülh dili yox, təzyiq dili

ABŞ vitse-prezidenti C.D. Vensin açıqlamaları göstərir ki, Vaşinqton danışıqlara yumşalma niyyəti ilə yox, təzyiq üstünlüyünü qorumaq məqsədilə daxil olur. Onun “İran növbəti addımı atmalıdır, əks halda Prezidentin müharibəyə qayıtmaq üçün çox variantı var” mesajı diplomatik jestdən çox, klassik güc siyasətidir. 

Bu ritorikanın əsas məqsədi danışıqlardan əvvəl psixoloji üstünlük qazanmaqdır.

Tehran da eyni taktikadan istifadə edir. Livandakı əməliyyatların dayandırılmasını ABŞ-İran atəşkəsi ilə bağlamağa çalışması əslində nüvə və regional təhlükəsizlik mövzusunu daha da dolaşdırır. Çünki Vaşinqton açıq şəkildə bildirir ki, İsrailin Livandakı hərbi fəaliyyəti bu razılaşmanın tərkib hissəsi deyil.  Nəticədə tərəflər sülh dili ilə yox, qarşı tərəfi danışıqlarda daha çox güzəştə məcbur etmək üçün sərt bəyanat dili ilə danışırlar.İran daxilində dərin siyasi çat: əsas risk masadan kənardadır

Prosesin ən həssas nöqtələrindən biri Tehran daxilində görünən ciddi fikir ayrılığıdır. Mühafizəkar düşərgənin əsas fiqurlarından sayılan parlament sədri Məhəmməd Bağır Qalibafın danışıqlarda önə çıxması göstərir ki, bu mərhələdə qərarvermə prosesinə daha çox təhlükəsizlik və sərt xətt tərəfdarları nəzarət edir. Bu isə hazırda hakimiyyətdə olan islahatçı qanadda ciddi narazılıq yaradır.

İslahatçı çevrələrdə artıq açıq şəkildə belə bir sual səslənir: “Əgər danışıqlar qaçılmaz idisə, niyə ölkə əvvəlcə müharibəyə sürükləndi?” 

Bu sual sadəcə siyasi polemika deyil, İran hakimiyyət elitası daxilində legitimlik böhranının göstəricisidir.

Yəni Tehran bu masaya yalnız ABŞ-la yox, həm də öz daxili siyasi parçalanması ilə gəlir. Bu daxili fikir ayrılığı yekun razılaşmanın əldə olunmasını daha da çətinləşdirir. Çünki Vaşinqtonla əldə edilən istənilən kompromis Tehran daxilində “geri çəkilmə” kimi təqdim oluna bilər.

Xarici aktorların kölgə savaşı

Digər mühüm məqam bəzi xarici aktorların bu prosesin uğurla nəticələnməsində maraqlı görünməməsidir. Bölgədə gərginliyin qalması bir sıra güclər üçün enerji bazarına, təhlükəsizlik arxitekturasına və geosiyasi təsir zonalarına təsir etmək baxımından faydalıdır. Hörmüz boğazı ətrafında hər dəfə gərginliyin yüksəlməsi neft bazarlarında dalğalanma yaradır və bu da prosesə əlavə təzyiq aləti kimi daxil edilir.  Bu mənada atəşkəs yalnız Vaşinqton və Tehran arasında deyil, həm də regional və qlobal güclərin maraqlarının toqquşduğu böyük şahmat lövhəsinin bir gedişidir.

Bu “taym-aut” sülhə yox, yeni mərhələyə hazırlıqdır

Mövcud mənzərə göstərir ki, müvəqqəti atəşkəs daha çox hərbi qarşıdurmanın dayandırılması deyil, tərəflərin növbəti raund üçün siyasi mövqe toplaması məqsədi daşıyır.

Etimadsızlıq mühiti, maksimalist tələblər, Tehran daxilindəki parçalanma və xarici aktorların müdaxilə cəhdləri fonunda Vaşinqton–Tehran arasında uzunmüddətli razılaşmanın əldə olunması son dərəcə çətin görünür.

Bu prosesin əsas mahiyyəti budur: silahlar qısa müddətlik susa bilər, amma ultimatumlar danışdıqca sülh yenə də uzaqda qalacaq.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
3
olke.az

4Sources