Bakı, 9 aprel, AZƏRTAC
Qazaxıstan parlamenti Azərbaycan və Özbəkistanla yaşıl enerji tərəfdaşlığı sənədini təsdiq edib.
Astana, Bakı və Daşkənd 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalamışdı.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu ölkənin parlamentinin yuxarı palatası cümə axşamı 2024-cü ilin sonlarında Azərbaycan və Özbəkistanla imzalanmış yaşıl enerji tərəfdaşlığı sazişini təsdiqləyib.
Qazaxıstan Senatının verdiyi açıqlamada bildirilir ki, saziş Senatın iclasında təsdiqlənib və qanunvericilərin fikrincə, bu, enerji təhlükəsizliyinin gücləndirilməsinə, tranzit marşrutlarının şaxələndirilməsinə və ölkədə davamlı iqtisadi artımın təşviqinə töhfə verəcək.
Bəyanata görə, Senatın sədri Maulen Aşimbayev sazişin təsdiqlənməsinə dair qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, bu sənəd Astana, Bakı və Daşkənd arasında yaşıl enerjinin inkişafı üçün birgə fəaliyyəti müəyyən edir və üç tərəfin səmərəliliyi artırmaq üçün xüsusi işçi qrupu yaratmasını nəzərdə tutur. “Ümumiyyətlə, ümidvarıq ki, qanunun təsdiqlənməsi Qazaxıstanda bərpaolunan enerjinin inkişafına kömək edəcək və bu sahədə regional əməkdaşlığı gücləndirəcək”, - deyə Aşimbayev əlavə edib.
Bəyanatda qeyd edilib ki, saziş, həmçinin yeni enerji səmərəliliyi texnologiyalarının tətbiqini, Avropaya və digər bazarlara enerji ixracı üçün infrastrukturun inkişafını nəzərdə tutur.
Qazaxıstan parlamentinin aşağı palatası da ötən ay keçirilən səsvermə zamanı bu sazişi təsdiqləyib.