EN

Yollar niyə yağışa dözmədi?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər baş verən intensiv yağışlar nəticəsində bir sıra yollarda fəsadlar yaranıb. 

Hətta asfalt örtüyündə çökmə müşahidə olunur. Məsələn, Xocəsən, Hövsan, Masazırda asfalt yolla bağlı problemlər yarandı. Hətta Hövsan qəsəbəsində sakinlərin rastlaşdığı vəziyyətlə bağlı sosial şəbəklərdə yayılan videoda qəsəbənin yollarında 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığı öz əksini tapıb. 

Digər belə hadisələrdən biri kimi Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrliyində, Yasab kəndi ərazisində güclü yağıntılar nəticəsində sel suları yolun torpaq yatağını yuyub. Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininin məlumatına görə, Agentliyin balansında olan avtomobil yollarında yağıntılardan sonra cari təmir işləri davam etdirilir. Təkcə cari ilin mart ayı ərzində rekord göstərici əldə olunub, təxminən 90 min kvadratmetr sahədə asfalt örtüyünün cari təmiri həyata keçirilib. 

Ümumiyyətlə, yağış yağması nəticəsində yolların belə tez sıradan şıxmasına səbəb nədir? Yollar standartlara uyğun çəkilmir? 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, son günlər yağan intensiv yağışların yollara bu qədər tez ziyan vurmasının əsas səbəbi təkcə yağışın güclü olması deyil, eyni zamanda yol infrastrukturunun bəzi hallarda kifayət qədər dayanıqlı qurulmamasıdır: 

“Əgər yol tikintisi zamanı drenaj sistemi (yağış sularının kənarlaşdırılması) düzgün layihələndirilmirsə və ya ümumiyyətlə zəifdirsə, su asfaltın alt qatlarına sızır, torpaq yumşalır və nəticədə çökmə baş verir. Bu xüsusilə Xocəsən, Hövsan, Masazır kimi ərazilərdə, torpaq qatının zəif və ya qeyri-sabit olduğu yerlərdə daha tez özünü göstərir. 

Digər tərəfdən, bəzi hallarda yolun əsasını təşkil edən qatların (əsasən qum-çınqıl və ya beton əsas) standartlara uyğun sıxılmaması və ya keyfiyyətsiz materiallardan istifadə olunması da asfaltın uzunömürlü olmamasına səbəb olur. 

Yağış sadəcə problemi üzə çıxarır, yəni əslində məsələ tikinti keyfiyyəti, texniki normalara əməl olunması və nəzarət mexanizmlərinin effektivliyindən qaynaqlanır. Bundan əlavə, yeraltı kommunikasiya xətlərində (su, kanalizasiya) sızmalar da torpağın yuyulmasına və yolun çökməsinə gətirib çıxara bilər. 

Yəni problem kompleksdir: həm təbii amillər, həm də insan faktorunun – layihələndirmə, tikinti və nəzarət mərhələlərinin – rolu böyükdür”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

yollar Adil Nəbiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
cebheinfo.az

2Sources