EN

Azərbaycanın bu ərazisində zəlzələlər gözlənilir

Son iki gündə Xəzər dənizində 5 zəlzələ faktı qeydə alınıb. Belə ki, yeraltı təkanlar Xəzər dənizində əsasən, cənub bölgəmiz olan Lənkəran, Astara bölgələrində baş verib. Bu kontekstdə yeraltı təkanların baş verməsinin səbəbi və əlavə təkanların gözlənilib-gözlənilməyəcəyi ətrafında suallar yaranır...

Poliqon xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son iki gündə Xəzər dənizi ərazisində ardıcıl zəlzələlərin qeydə alınması müəyyən narahatlıq yaratsa da, bu proses əsasən təbii geoloji faktorlarla izah olunur.

"Bir qədər təhlükəli görünsə də, ümumilikdə, Xəzər dənizi mürəkkəb seysmik aktiv zona hesab olunur və Azərbaycan da tektonik baxımdan fəal bölgədə yerləşir. Bu səbəbdən kiçik və orta maqnitudalı, əksər hallarda hiss olunmayan zəlzələlərin baş verməsi normal sayılır.

Son günlər baş verən təkanlar 30-60 km dərinliklərdə müşahidə olunur. Yəni bunlar yerin dərin qatlarında baş verməklə, həmin qatlarda tektonik gərginlik toplanır və bu gərginlik sistemli şəkildə, tədricən boşalır. Bu da bir neçə kiçik və ya orta maqnitudalı zəlzələ şəklində özünü göstərir. Xəzər dənizinin dərinliklərdə mövcud olan tektonik qırılmalar və geoloji pozuntular zəngindir. Onlar bir-birinə yaxın qovşaqlarda yerləşir. Həmin qırılmalar daha aktiv hərəkətə keçəndə, nəticədə ərazi seysmik baxımdan fəallaşır və zəlzələlər baş verir".

Q.Babayev həmçinin vurğulayıb ki, burada müşahidə etdiyimiz proses silsilə formasındadır, yəni seriya şəklində baş verir:

"Biz bunu seysmik sürü (earthquake swarm) adlandırırıq. Yəni bu, böyük zəlzələdən sonra yaranan afterşoklar deyil, əksinə, eyni zonada bir neçə zəif və orta güclü təkanın ardıcıl baş verməsidir. Hazırda Xəzər dənizində də məhz bunu müşahidə edirik.

Bu təhlükəli görünə bilər. Amma Azərbaycanda dağıdıcı, güclü, katastrofik zəlzələnin baş verməsi ehtimalı çox aşağı səviyyədədir. Mikro zəlzələlər adlanan kiçik zəlzələlər baş verir. Hiss olunan zəlzələlər isə ümumiyyətlə qaçılmazdır. Dağıdıcı zəlzələ ehtimalı də öz növbəsində aşağı qiymətləndirilir. Bir seysmik ocaq, bir qırılma aktivləşib intensivləşəndə zəlzələ baş verir. Təbii ki, bu zaman qonşu qırılmalar da hərəkətə gəlir və beləliklə, silsilə şəklində aktivlik yaranır".

Mütəxəssis onu da əlavə edib ki, qonşu ocaqlarda da aktivləşmə ehtimalı var:

"Nümunə olaraq, əgər Xəzər dənizindəki aktivlik Lənkəran-Talış zonasına yaxındırsa, Talış seysmik zonasının da silkələnməsi, titrəməyişi ehtimalı var. Çünki həmin zonada da zəngin qırılmalar və seysmik ocaqlar mövcuddur. Şimala doğru getsək, Quba-Xaçmaz, Siyəzən, Şabran da seysmik ocaqlarla zəngin ərazilərdir. Yaxın ocaq silkələnirsə, qonşu ocaqlar da bundan təsirlənə bilər".

Q.Babayev diqqətə çatıdırıb ki, ümumilikdə, panikaya əsas yoxdur:

"Dağıdıcı, katastrofik zəlzələlər ümumiyyətlə gözlənilmir. Amma hiss olunan zəlzələlər Azərbaycan üçün qaçılmazdır. Regionun seysmik mənzərəsi göstərir ki, bu il də ilk 6 ay ərzində hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Qonşu ocaqların da silkələnməsi ehtimalı var. Məsələn, Şamaxı-İsmayıllı zonası da silkələnə bilər. Buna səbəb isə, Xəzər dənizinin hazırda aktivləşməsi və bir-biri ilə əlaqədə olan ocaqların fəallaşmasıdır", - deyə o qeyd edib.

Poliqon.info

Chosen
6
15
poliqon.info

10Sources