“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Energetika Xidmətində uzun illər elektrik montyoru vəzifəsində çalışmış, 45 illik şərəfli və səmərəli əmək fəaliyyəti ilə kollektivin dərin hörmət və rəğbətini qazanmış Məmmədov Sahib Feyzi oğlu təqaüd yaşına çatması münasibətilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Fəxri fərman” və qiymətli hədiyyə ilə təltif edilmişdir.
QHT.az xəbər verir ki, Sahib müəllim əmək fəaliyyətinə başladığı ilk gündən etibarən öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşmış, ona həvalə olunan vəzifələrin öhdəsindən daim layiqincə gəlmişdir. O, Energetika Xidmətinin etibarlı və təcrübəli əməkdaşlarından biri kimi uzun illər ərzində istehsalat proseslərinin fasiləsiz və təhlükəsiz təşkili istiqamətində mühüm xidmətlər göstərmiş, çətin və məsuliyyətli şəraitdə belə öz prinsipial mövqeyi, zəhmətkeşliyi və sədaqəti ilə seçilmişdir.
45 illik şərəfli əmək yolu ərzində qazandığı nailiyyətlər, göstərdiyi fədakarlıq və şirkətə bağlılığı onun peşəkar həyatının ən parlaq göstəricilərindəndir.
“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kollektivi və rəhbərliyi adından Məmmədov Sahib Feyzi oğlunu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, bundan sonrakı həyatında firavanlıq və sevinc dolu günlər arzulayırıq. İnanırıq ki, Sahib müəllimin zəngin həyat və əmək təcrübəsi bundan sonra da onun üçün daim uğur və hörmət mənbəyi olacaqdır.
Zəhra Ağayeva