EN

​Ermənistanda seçki:

Ermənistanda 2026-cı il parlament seçkiləri ölkənin gələcək siyasi kursunu müəyyən edəcək ən kritik mərhələlərdən biri kimi qiymətləndirilir. Hazırkı baş nazir Nikol Paşinyan seçki yarışına yenə favorit kimi qatılır. Amma bu dəfə nəticə əvvəlki illərlə müqayisədə bir qədər qeyri-müəyyən görünür. Son sorğular onun hələ də öndə olduğunu göstərsə də, cəmiyyətin böyük hissəsinin qərarsız qalması seçkinin taleyinin hələki həll olunmadığını göstərir. Paşinyanın taleyinin daha çox daxili faktorlardan asılı olduğunu söyləmək mümkündür. 2020-ci ildə Azərbaycanla uğursuz müharibədən sonra hakimiyyətə qarşı narazılıq tam aradan qalxmayıb. Kilsə ilə hakimiyyət arasında gərginlik, müxalifətin küçə aksiyaları və hətta çevriliş iddiaları fonunda siyasi mühit kifayət qədər qütbləşib. Bununla yanaşı, Paşinyan “Real Ermənistan” xətti ilə daha praqmatik siyasət yürütməyə, iqtisadi və təhlükəsizlik risklərini azaltmağa çalışır. Bu siyasi kursun seçicilərin bir hissəsi üçün cəlbedici göründüyünü inkar etmək mümkün deyil. Ermənistanda iyunda keçiriləcək parlament seçkilərində xarici faktorlar da mühüm rol oynayır. Sözsüz ki, burada söhbət birbaşa Rusiyadan gedir. Moskva ilə münasibətlər son illərdə açıq şəkildə soyuyub: İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşır, Qərblə əməkdaşlığı genişləndirir. Bu isə Rusiya mediasında və siyasi dairələrində Paşinyana qarşı tənqidi ritorikanın güclənməsi ilə müşayiət olunur. Analitiklərin fikrincə, Kreml Paşinyanın tam getməsindənsə, onu zəiflətmək və daha idarəolunan vəziyyətdə saxlamaq ssenarisinə üstünlük verir. Digər tərəfdən, Ermənistan artıq açıq şəkildə Rusiya-Qərb rəqabətinin meydanına çevrilib. ABŞ və Avropa İttifaqı İrəvanla əlaqələri gücləndirməyə çalışdığı halda, Moskva regiondakı təsirini itirməmək üçün müxtəlif rıçaqlardan istifadə edir. Bu isə seçkini təkcə daxili siyasi yarış deyil, həm də geosiyasi seçimə çevirir. Hadisələrin inkişafı göstərir ki, Paşinyanın qalmaq şansı hələ də yüksəkdir. Lakin bu qələbə əvvəlki kimi rahat görünmür. Seçkinin taleyi həm daxildəki narazı elektoratın davranışından, həm də xarici güclərin, xüsusilə Rusiyanın dolayı təsirindən asılı olacaq.

Nazim Hüseynzadə / Metbuat.az

Chosen
30
metbuat.az

1Sources