EN

Qaşım Maqomedov: "Əsas məqsədim Olimpiya çempionu olmaqdır"

Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun əsas məqsədi Olimpiya çempionu olmaqdır.

Bunu Azərbaycan taekvondoçusu Qaşım Maqomedov yeni medalların təqdimetmə mərasimində deyib.

Gümüş medalın karyerasındakı ən yüksək zirvələrdən biri olduğunu qeyd edən Q.Maqamedov bu uğurla kifayətlənmək niyyətində deyil:

"Olimpiya oyunlarının gümüş medalı maksimum nəticə deyil, maksimum qızıldır. Final döyüşündə iştirak etmək mənə anlatdı ki, qələbənin bir addımlığında olmuşam, deməli, qızıl qazanmağa qadirəm. Əsas məqsədim Olimpiya çempionu olmaqdır. Bununla belə, qarşıda gələn Avropa və dünya çempionatlarını da diqqətdən kənarda qoymaq olmaz. İdmanda qazanıla biləcək bütün titullara sahib çıxmaq istəyirəm".

Hazırlıqların yüksək səviyyədə davam etdiyini vurğulayan taekvondoçu bir aydan sonra keçiriləcək Avropa çempionatına ciddi hazırlaşdıqlarını deyib:

"Məşqlərimiz əla keçir, hazırda təlim-məşq toplanışındayıq. Heyətlə, rəhbərliklə və məşqçimiz Məmməd müəllimlə birlikdə formaya giririk. Həmçinin medal məsələsini işıqlandırdıqları üçün jurnalistlərə də təşəkkür edirəm. Sizin sayənizdə bu məsələ dünya ictimaiyyətinə çatdırıldı".

Dünya çempionatının Olimpiya oyunlarından daha çətin keçməsinə toxunan müdafiəçi bunu iştirakçı sayı ilə əlaqələndirib:

"Olimpiadada 16 nəfər olur və biz aylarla konkret rəqiblərə hazırlaşırıq. Dünya çempionatında isə 128 ölkə təmsil olunur, altı döyüş keçirməlisən. Qarşına kimin çıxacağını əvvəlcədən dəqiq bilmirsən, ona görə də hər kəsə fərdi yanaşma tapmaq çətin olur. Yerindəcə qələbənin açarını axtarmalı olursan".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Chosen
43
1
news365.az

2Sources