Əvvəlcə sizi güldürməkçün bir sovet lətifəsini xatırladacam. İlk vyetnamlı kosmonavt Yerə qayıdandan sonra ondan təəssüratlarını soruşurlar. Deyəndə ki, bəs barmaqlarım ağrıyır, jurnalistlər çox təəccüblənirlər ki, nə məsələdir? Vyetnamlı kosmonavt deyir ki: “Hara əlimi uzadırdım, üstündən vururdular ki, toxunma!”...
Gəlim məsələnin kökünə: 10 milyon nədir, 5 min nə? Çox da narahat olmayın, heç bir konspirologiya – filan yoxdur, 10 milyon əhalimizin sayıdır, 5 minsə son vaxtlarda aparıcı saytlardan birindəki bir yazıma “giriş”lərin sayıdır.
O ki qaldı vyetnamlı jurnalist haqqında lətifəyə, özümü daim bu vəziyyətdə hiss etmişəm, hara əl uzatmışam, vurublar ki, toxunma! Yenə sağ olsun bir-iki sayt, xüsusən də bu saytımız ki, imkan daxilində mənim kimilərə də yazmağa şərait yaradırlar.
Doğrusu, heç vaxt jurnalistlərdən gileyim-incikliyim olmayıb, sağ olsunlar, həmişə qiymətləndiriblər (təəssüf, daha çox mənəvi formada!), amma son illərdə bəzi mövzularla bağlı hərdən yazılarmı qaytarıblar və hətta utana-utana deyiblər ki, verə bilməyəcəyik. Həmin yazılar da son nəticədə yenə də elə bu saytda gedib. Bunu niyə deyirəm? Çox təəssüf, insanlarımızın bəzisi indi bu saytdan gileylənirlər, amma məncə, haqlı deyillər: odu söndürüb, közlə-küllə oynamaq da mənasız işdir...
Yenə də qayıdıram həmin 10 milyon, 5 min söhbətinə. Mən heç kimi kiməsə qarşı “cihada” çağırmıram, səfərbər etmirəm, ən azı ona görə ki, elə siyasi probemlər var ki, onlar hətta inqilablarla da həll olunmmur: tarixboyu dünyada çox prosesləri süni şəkildə, eləcə inqilablarla sürətləndirməyə çalışıblar. Amma nə alınıb? Böyük Fransa inqilabından sonra əvvəl general Bonapart gəldi hakimiyyətə, sonrasa kral özü!..
Sözsüz ki, daha çox keçmiş-klassik nümunədir bu: belədəsə, əgər imkanınız varsa, evinizdə hamınız divara yazıb yapışdırın ki, İNDİ 21-Cİ ƏSRDİR!
İnanmazsınız, həm də başqa tərəfə yozmayın, “perestroyka” vaxtı bir ziyalımız mənə danışırdı ki, Leninin şəklini mənzilində vanna otağının divarına vurubmuş, hər səhər əlini-üzünü yuyanda ona tüpürürmüş! Bəlkə də inanmayacaqsınız ki, yəni bizdə də belə bir şey olardı? Amma adam heç bir siyasi, hətta ictimai iddiası olmayan ziyalıydı və keçmişdə dədə-babası, deyəsən, bir az kübar insanlar olmuşdular.
Bilirsiniz, elə şeylər var, onların təkamüllə həllindən savayı yolu yoxdur. Burada bir detalı da xatırlatmaya bilmirəm.
90-ci illərdə AXCP-də yeni proqram problemi müzakirə olunanda partiyanın nisbətən savadlı hissəsi yarıciddi-yarızafat deyirdi ki, gəl, bu cəbhəçilərin bəzisini rədd edək, sənin proqramını qəbul edək və məsələ bitsin.
Onda da deyirdim, axı bunun nə faydası? Bizə lazımdır ki, insanlar bunları müzakirə etsin, şüurlu seçimlərini etsinlər, bu adamları partiyadan “qovsaq” belə, cəmiyyətdən qovası deyilik ki! Həm də eyni problemə praktik siyasətçinin yanaşması bir şeydir, analitikin- politoloqun yanaşması tamam başqa. Biri beş on şüar əzbərləyib, bir günün içində “böyük demokrat” olur, amma politoloji düşüncə adamı üçün demokratiya da ciddi, ağrılı siyasi-ictimai-sosioloji, hətta kulturoloji problemdir: ən vacib mərhələ bu ideyaların da mədəniyyətə, insanların zehninə həkk olunmasıdır.
Həm də indi dünyada əsasən üç böyük ideologiya qalıbdır. Praktiki siyasət adamı hesab edir və hətta əmindir ki, bunlardan biri daha düzgündür. Amma politoloji düşüncə adamı belə fikirləşmir: bu üç ideologiya biri-birinə yaxınlaşmaqda davam edir, amma kimsə deyə bilməz ki, onlardan yalnız biri doğrudur, mütləq həqiqətdir! Mütləq olan yalnız bir şeydir: ziddiyyətlə olsa da, “ziq-zaqlar”larla baş versə də, yalnız bir mütləq şey var ki, hər şey zaman–zaman insanların daha çox AZAD olmasına doğru gedir!..
Belədəsə, hələki neçə olkədə demokratiya yalnız bir həddədək özünü təsdiqlədə bilib: demokratik seçki həddinədək. Bəli, seçkini saxtalaşdırmaq olmaz, bunu hətta Afrika ölkələrində də başa düşürlər!
Neyləyək, buna da şükür, ölkələr var, özü də nə qədər desəniz, hətta bunu da hələ qəbul etmirlər.
Çox keçmişlərə baş vurmaq istəmirəm, amma İraqda, Liviyada, hətta Misirdə, bəli, Nəcib Məhfuzun vətənində, demokratiya alındımı? Yox, bir “marşal” getdi, digəri gəldi!
Çoxu bunun nə olduğunu bilmir, hətta psixoloji cəhətdən hazır deyil. Heç qardaş Türkiyənin nəzarətində olan Suriyayla bağlı böyük ümidlər yoxdur, hərçənd ki, bura müvəqqəti “prezident” təyin olunan “tərbiyəli uşağ”a oxşayır.
Ona görə də gənc millət olaraq demokratiyanın çox da dərinliklərinə başa vura bilmərik, amma seçkini saxtalaşdırmamağı, qanunla yaşamağı öyrənmək nədir, hətta tələb də edə bilərik.
Həm də bir məsələdə xüsusilə diqqətli olmalıyıq. Biz, nisbətən azadlıq sevər insanlar, demokratiyayla bağlı tərəddüdlər yaşayanda bəzi məmurlarımız daha da HƏVƏSLƏ OĞURLAMAĞA başlayırlar, ona görə, mənim fikrimcə, demokratiya gediləsi çox da uzaq yol deyil, yox, bəzi şeyləri hətta indi edə bilərik: seçkini saxtalaşdırmamaq, pis - yaxşı, heç olmasa, mövcud qanunlar əsasında yaşamaq...
Anlamalıyıq ki, bəzi keçmiş “məmur-ideoloqlar”ımızın vaxtındakı kimi, nə bilim, az qala, insanların yataq otağında, az qala, tualetində kamera yerləşdirməyə ehtiyac yox! Müasir insan kimi özümüzə sual verək: “Lap tutaq, yerləşdirdik! Orada nə görəcəyik! Ayıb deyilmi?”..
Dediyim budur ki, maarifçi jurnalistikaya hələ çox ehtiyac olacaq, insanları məlumatlandırmaqda, maarifləndirdirməkdə davam etməliyik. Əsas da bilirsiz, nədir? Kimisə nəyəsə indandırmaqdan əvvəl özümüz ona inanmalıyıq.
Bir siyasi təhlilçi kimi bütün prosesləri ən azı kənardan izləməyə məcburuq. Biri indi daha çox müxalifətçilik edir, qeyrisi az! İnanın, heç birinin ayağına heç kiçik çınqılın da dəyməsini istəmirik. Amma, bəylər, adamın suallar ürəyini deşir axı! Qardaşlar, bir vaxt hamı həqiqi müxalifətçilik edəndə niyə üzünüzü başqa səmtə tutmuşdunuz? Niyə bizim kimi onlarla (bəlkə çox!) insan məcbur olub başqa partiyalara üz tutmalıydı, hansına görə başqalarını bilmirəm, şəxsən mən bugünədək özümü bağışlaya bilmirəm, çünki məndən inciməsinlər, amma özüm də yeni “siyasi ünvan”ımın, hara məcbur olub getməyimin fərqindəydim. Özü də təkcə mənmi?
Hər şey yana, siyasi partiyalarda da insanların bir çoxu “gəlmələri”, “yeni gələnlər”i sevmirlər, hərənin bir motivi olur: biri səni heç ağlına belə gətirmədiyin halda özünə rəqib hiss edir, digəri düşünür ki, adam partiyada nəyisə dəyişəcək və s. və i.
Burada nisbətən son illərin də bir detalını deyim. Daha bir aparıcı müxalifət partiyasında parçalanmalar başlamışdı, neçə adam sədrliyə iddia edirdi! Biri sədrlik məsələsi alınmayandan sonra guya tamamilə yeni təşkilat yaratmaq fikirinə düşdü. Niyə də yox? Hətta bizim “yaxın”, keçmiş “məsləkdaşlardan”–“tərəfdaşlardan” – “silahdaşlardan” (nə edim, heç də həmişə ürəyimdəki “buzları” əridə bilmirəm –üzürlü sayın) birini də dəvət etmişdi. Gözləyirdim ki, məni də dəvət edəcək. Amma etmədi! Bilirsiniz, niyə? Adam özünə SİYASİ DÜKAN açmaq istəyirdi! Mən onun nəyinə gərəkdim? Əksinə, problem olacaqdım...
Bilirsiniz, həyatda insana ən çox əzab verən sual nədir? Bəlkə nəsə başqa cür olardı? Amma tarix çox qəddardır: nəyisə korrektə etmək olmur! Həm də özün də bilirsən ki, böyük hesabla heç nə olmayacaqdı, hər şey necə olmuduşdusa, yenə elə olcaqdı! Amma bu “bəlkələr” adama rahatlıq vermir ki, vermir...
Lap əvvəlki silahdaşlara üz tutub deyirəm ki, inciməyin, belə incə mətləblər sizlik deyil, çünki o təşkilatın intellektual liderləri sizlər deyildiniz axı! Bəs filankəs partiyadan gedəndən sonra niyə “islahatlar”ınızı davam etdirmədiniz, niyə belə tez tükəndiniz? Partiya, hətta ona yaxın qəzetlər nə günə düşdülər – halbuki bir vaxt müstəqil, azad düşüncəli gənclər belə nəsə savadlı bir şey yazanda ilk olaraq o qəzetlərə üz tuturdular...
Az iş görülmüşdümü beş-üç il ərzində? Yaranandan hamının “qaragürüh” dediyi təşkilat intellektual siyasi partiyalardan birinə çevrilmişdi. Qəzetləri hamıya nümunə idi! Doğrudanmı, bütün bunlar onları ”siyasi bazar”da daha “baha qiymətə” satmaq üçün idi?..
Sizləri də, sizin də əməyinizi qəti inkar etmirik, məsələn, o vaxt hətta özünüzün də sezmədiyiniz bir detalı daim qeyd edirdik: heç bir müxalifət partiyasının Məclisində bu qədər diplomlu hüquqşünas yox idi - bunu da qeyd etməyi vacib bilirik! Və ya o çevrədə nə qədər istedadlı jurnalist vardı və yaxud da yetişmişdi!..
Yenə heç nə demir, kimisə nədəsə ittiham etmirəm, ən azı ona görə ki, nəninki məqamı, heç zamanı da deyil.
Təkrar deyirəm ki, heç birinizin ayağına çınqılın belə dəyməsini istəmirəm. Həm də ona görə ki, nə vaxtsa siz də hamımız kimi, bəziniz hətta ola bilsin, daha çox, nəsə etmisiz, gəl, suallar adamın ürəyini deşir.