EN

Tikili o halda qanunsuz hesab olunur ki... Kompensasiya ilə bağlı açıqlama

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Sənədsiz evlərin sökülməsi və kompensasiya məsələsi son dövrlər cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Şəhərsalma layihələri çərçivəsində dövlət ehtiyacları üçün torpaqların geri alınması zamanı vətəndaşların mülkiyyət hüquqları ilə bağlı hüquqi mübahisələr yaranır. Qanunvericilik mülkiyyətin yalnız məhkəmə qərarı və ədalətli kompensasiya ilə özgəninkiləşdirilməsinə icazə versə də, rəsmi sənədi olmayan tikililər üçün bu proses kifayət qədər mürəkkəb xarakter daşıyır.Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, qanunsuz tikilmiş evlərlərin nə qədər müddətdir mövcud olduğu dövlət tərəfindən dəqiq şəkildə müəyyənləşdirilməlidir:“Eyni zamanda araşdırılmalıdır ki, bu tikili hansı səbəbdən, hansı şəraitdə və hansı hallarda qanunsuz şəkildə inşa edilib. Bu məsələlərin hərtərəfli şəkildə öyrənilməsi vacibdir, çünki yalnız bundan sonra obyektiv və ədalətli qərar qəbul etmək mümkündür. Bundan əlavə, diqqət yetirilməli digər mühüm məqam isə həmin qanunsuz tikilinin kommunal xidmətlərlə təmin olunmasıdır. Araşdırılmalıdır ki, bu evlərə su, elektrik və qaz kimi xidmətlər hansı əsaslarla və hansı formada təqdim olunub. Əslində, tikili o halda qanunsuz hesab olunur ki, dövlət tərəfindən ona heç bir rəsmi icazə verilməsin və kommunal xidmətlər göstərilməsin. Həmçinin, qanunvericiliyə əsasən, əgər hər hansı bir ərazidə qanunsuz tikinti aparılırsa, bu prosesin ilkin mərhələsində dövlətin müvafiq icra strukturları müdaxilə etməli, tikintinin qarşısını almalı, sənədləşdirmə aparmalı və məsələni hüquq-mühafizə orqanlarına yönləndirməlidir. Bu cür hallara görə hətta cinayət məsuliyyəti də nəzərdə tutulur”.Ekspertin fikrincə, əgər yaşayış evi artıq tikilibsə və orada uzun illərdir məskunlaşma varsa, yanaşma fərqli olmalıdır:“Belə hallarda dövlət vətəndaşın hüquqlarını nəzərə alaraq kompensasiya ödəməli və ya alternativ torpaq sahəsi təqdim etməklə onun köçürülməsini təmin etməlidir. Çünki dövlət bu sahədə müəyyən konstitusion öhdəliklər daşıyır. Ölkə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklər də götürüb. Bu çərçivədə mülkiyyət hüququnun qorunması xüsusi əhəmiyyət daşıyır. Qeyd olunur ki, dövlət vətəndaşların mülkiyyət hüququna təminat verməli və bu hüququn rəsmiləşdirilməsinə əsassız maneələr yaratmamalıdır. Doğrudur, mülkiyyət hüququ müəyyən hallarda məhdudlaşdırıla bilər, lakin bu yalnız o halda mümkündür ki, dövlət öz üzərinə düşən bütün zəruri öhdəlikləri yerinə yetirmiş olsun və qəbul edilən qərarlar qanunauyğun, əsaslandırılmış və ədalətli olsun”.Mövcud mənzərə göstərir ki, sənədsiz evlərin aqibəti təkcə hüquqi deyil, həm də geniş sosial spektri əhatə edən məsələdir. Hüquqi tənzimləmələrin mürəkkəbliyinə baxmayaraq, əsas yük icra strukturlarının üzərinə düşür. Belə ki, tikinti prosesinə vaxtında müdaxilə edilməməsi illər sonra həm dövlət, həm də vətəndaş üçün ağır maliyyə və hüquqi nəticələrə yol açır.

Vətəndaşların mülkiyyət hüququnun qorunması və kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi bu sahədəki gərginliyi azalda bilər. Məhkəmə qərarlarının və dövlət öhdəliklərinin ədalət prinsiplərinə söykənməsi gələcəkdə bənzər mübahisələrin qarşısının alınmasında həlledici rol oynayacaq. Prosesin necə davam edəcəyi və qanunvericilikdə yeni güzəştlərin tətbiq olunub-olunmayacağı isə hələlik açıq qalır.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
demokrat.az

1Sources