EN

Neft qiymətlərindəeniş- bazarda müvəqqəti rahatlıq, uzunmüddətli qeyri-müəyyənlik ÖZƏL

ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşması qlobal enerji bazarına dərhal təsir göstərib. Müharibə riskinin müvəqqəti azalması fonunda neft qiymətləri kəskin enərək bir barel üçün 100 dolların altına düşüb. Analitiklər bunu həm bazar reaksiyası, həm də geosiyasi gərginliyin zəifləməsinin nəticəsi kimi qiymətləndirirlər.

Bu atəşkəsin qlobal enerji bazarında uzunmüddətli təsirləri nə qədər davamlı ola bilər? Neft qiymətlərindəki bu eniş Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Bu atəşkəsin enerji bazarına təsiri əsasən qısamüddətli və psixoloji xarakter daşıyır. Müharibə riski azalan kimi qiymətlərin düşməsi normaldır, amma bunun   davamlı olması üçün siyasi vəziyyətin sabit qalması vacibdir. İki həftəlik atəşkəs bazarda müvəqqəti rahatlıq yaradır, lakin tərəflər arasında uzunmüddətli razılaşma olmazsa, risklər yenidən qiymətlərə təsir edəcək. Bu səbəbdən yaxın dövrdə neft bazarında dalğalanma davam edəcək, qiymətlər həm aşağı, həm də yuxarı istiqamətdə tez dəyişə bilər.
Bazarın tez reaksiya verməsinin bir səbəbi də neftin bahalaşmasi fonunda bir necə gun əvvəl OPEK+ təşkilatını hasilatı artırmasi ilə bağlıdır. Son günlər təklifin artması Hörmüz boğazınin bağlı olduğu şəraitdə də neft bazarını yüksək qiymətlər səviyyəsində sabitləşdirmişdi. Uzunmüddətli təsirin davamlı olması üçün yalnız atəşkəs yox, regionda dayanıqlı sülh, nəqliyyat marşrutlarının tam təhlükəsizliyi və enerji təchizatının sabitliyi lazımdır. Əks halda bazar hər yeni xəbərə reaksiya verəcək və sabitlik gecikəcək.
Neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına ikitərəfli təsir edir. Bir tərəfdən, ölkə neft ixracatçısı olduğu üçün qiymətin enməsi dövlət büdcəsinə daxilolmaları azalda bilər. Bu, xüsusilə neft gəlirlərindən asılı olan sahələrdə maliyyə imkanlarını məhdudlaşdırar. Digər tərəfdən isə ucuz neft qlobal inflyasiyanı zəiflədərək idxal olunan məhsulların maya dəyərini aşağı sala  və bu da daxili bazarda bəzi qiymətlərin sabitləşməsinə kömək edə bilər.
Əgər qiymətlər uzun müddət aşağı səviyyədə qalsa, iqtisadi artım tempinə mənfi təsir göstərə bilər. Amma qısa müddətli eniş daha çox müvəqqəti balans yaradır və ciddi risk sayılmır. Azərbaycanda əsas risk qiymətlərin uzun müddət aşağı qalması ilə bağlıdır, qısamüddətli dalğalanmalar isə adətən idarə oluna bilir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
olaylar.az

1Sources