EN

Azərbaycan mədəniyyəti Belçikada təbliğ olunur

Belçikada fəaliyyət göstərən BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Belçikanın Valloniya bölgəsində yerləşən Verviers şəhər Konservatoriyasında Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, konservatoriyanın direktoru Bernard Lange belə mədəni təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

BUTAM-ın rəhbəri Yasəmən Abbasi təşkilatın fəaliyyətindən bəhs edib, Verviers Konservatoriyasının rəhbərliyinə əməkdaşlıq üçün təşəkkürünü çatdırıb.

Mədəniyyətlərarası əlaqələr üzrə belçikalı ekspert Mişel İvor Azərbaycan musiqisinin zəngin irsindən, onun beynəlxalq səviyyədə tanıdılmasının vacibliyindən danışıb.

Ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycan mədəniyyətinin Avropada təbliğinin önəmini qeyd edib, Azərbaycan və Belçika arasında inkişaf etməkdə olan ikitərəfli əlaqələr barədə məlumat verib.

Yüz əlli nəfərə yaxın belçikalı və əcnəbi qonağın iştirak etdiyi tədbirdə BUTAM təşkilatı tərəfindən Azərbaycan musiqisinin tarixi, bu sahədə tanınmış şəxsiyyətlər, muğam və milli musiqi alətləri haqqında geniş təqdimat edilib. Azərbaycanın milli musiqi alətləri - tar, kamança və qaval Verviers Konservatoriyasına hədiyyə edilib.

Daha sonra Niderlandda yaşayan azərbaycanlı musiqiçilər - Sadıx Ağamalıyevin, Emin Sadıxlının və Cavid Səlimovun iştirakı ilə musiqili proqram təqdim olunub.

Belçikada fəaliyyət göstərən digər Azərbaycan təşkilatı FireLand Azərbaycanlılar Birliyinin rəqs qrupu tərəfindən təqdim edilən milli rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Azərbaycan mədəniyyətinin Belçikada tanıdılması və mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətli olub.

Chosen
35
3
azerbaijan-news.az

4Sources