EN

Müasir dövrün “kollektor” bəlası...

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Sökülən kollektor nə vaxtdan mövcuddur?

Son günlər yağan leysan yağışlar zamanı paytaxtda baş verən neqativ hadisələr bir daha göstərdi ki, şəhərsalma qaydalarına məhəl qoyulmaması nə qədər ciddi fəsadlara gətirib çıxara bilər. Xətai rayonunda kollektor xəttinin çökməsi nəticəsində fərdi yaşayış evlərindən birinin sökülməsi təkcə lokal hadisə deyil, illərdir yığılıb qalan problemlərin açıq şəkildə üzə çıxmasıdır.

Məsələ ondadır ki, bəzi yaşayış evləri vaxtilə mühəndis-kommunikasiya xətlərinin, xüsusilə kanalizasiya kollektorlarının üzərində və ya çox yaxınlığında inşa edilib. İlk baxışdan təhlükəsiz görünən bu tikililər əslində görünməyən risk zonasında yerləşir. Çünki torpağın altında yerləşən kollektor xətləri zamanla aşınır, çökmə ehtimalı artır və nəticədə üstündə yerləşən tikililər üçün ciddi təhlükə yaranır.

Bəs kollektorların üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti necə olacaq?

Kollektorların üzərində 1600 ev tikilib

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikili mövcuddur.

Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır:

“Mövcud vəziyyətin təhlükəsi kollektorlar üzərində ev inşa edilmiş bütün yaşayış obyektlərinə aiddir. Belə ki, su və ya kanalizasiya kollektorlarının üzərində yerləşən tikililər daimi risk altındadır. Məhz bu səbəbdən su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanuna ziddir”.

Xəbərdarlıq məktubları göndərilib...

Qeyd olunub ki, hazırkı halda kollektorun üzərində tikilən evlərin sahiblərinə bir neçə il ərzində dəfələrlə xəbərdarlıq məktubları göndərilib, şifahi və yazılı formada məlumatlar verilib, bildirişlər təqdim olunub:

“Vətəndaşların diqqətinə çatdırılıb ki, bu ərazidə hər an hadisə baş verə bilər və belə bir hal səbəbindən kollektorun istismarını, təmir və bərpasını icra etmək mümkünsüzləşir. Bu xəbərdarlıqlardan sonra məsələ, həmçinin hüquqi müstəviyə də daşınıb.

Qanunvericiliyin tələblərinə əsasən, su və kanalizasiya kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, həmçinin mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qadağandır. Bununla bağlı mütəmadi olaraq müxtəlif vasitələrlə vətəndaşlara məlumatlar verilir, xəbərdarlıq olunur”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, kollektor xətlərinin üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti, onların mərhələli şəkildə sökülüb-sökülməyəcəyi, eləcə də söküntü nəzərdə tutulduğu halda sakinlərə kompensasiya verilməsi və ya alternativ yaşayış yeri ilə təmin olunması məsələləri qurumun səlahiyyətlərinə aid deyil.

30-50 il əvvəl tikilmiş kollektorlar...

Magistral kanalizasiya kollektorları iri diametrli və illərdir torpağın altında fəaliyyət göstərən mühəndis qurğularıdır. Mütəxəssislərin fikrincə, əgər bu qurğular layihə tələblərinə uyğun inşa olunub və mütəmadi texniki nəzarət altındadırsa, onların üzərində yolun, hətta yüngül tikililərin yerləşdirilməsi mümkündür. Lakin problem əsasən nəzarətin zəiflədiyi hallarda ortaya çıxır. Kollektorlar üçün əsas təhlükə üç səbəbdən qaynaqlanır:

Birinci risk amili köhnəlmədir. Belə ki, ölkədə mövcud olan bir çox kollektorlar 30-50 il əvvəl tikilib və zamanla beton, metal konstruksiyalar, eləcə də birləşmələr aşınmaya məruz qalır.

İkinci təhlükə sızma və torpağın yuyulması ilə bağlıdır. Kollektorun divarlarında yaranan çatlar nəticəsində axıntılar torpağı tədricən yuyur, torpaq boşalır və üst qat zəifləyir. Nəticədə çökmə prosesi səssiz və mərhələli şəkildə başlayır, lakin son mərhələdə qəfil baş verə bilir.

Üçüncü risk faktoru isə normadan artıq yüklənmədir. Ekspertlər bildirirlər ki, layihədə nəzərdə tutulmayan ağır binaların, iri obyektlərin tikilməsi və intensiv ağır nəqliyyatın hərəkəti kollektor sistemləri üçün ciddi təhlükə yaradır.

Təhlükəsizlik eksperti Orxan Musayev mediaya açıqlamasında bildirib ki, məsələnin ən təhlükəli tərəfi qəfil çökmə hallarının baş verməsidir. Bu cür çökmələr çox vaxt əvvəlcədən ciddi əlamət vermədən, bir neçə saniyə ərzində baş verir.

Dünyada və regionda bu tip hadisələrin çoxsaylı nümunələrinin olduğunu vurğulayan ekspert deyib ki, nəticədə yollar çökür, avtomobillər yerin altına düşür, binalarda çatlar yaranır və bu artıq texniki yox, birbaşa insan həyatı ilə bağlı təhlükədir. Təcrübədə çökmə zonasında yaşayan insanların həyatını itirdiyi hallar da qeydə alınıb:

“Bu cür hadisələrin baş verməsindən əvvəl bəzi xəbərdaredici əlamətlər müşahidə olunur. Bunlara yollarda və həyətlərdə çatların əmələ gəlməsi, asfalt və torpağın tədricən çökməsi, pis qoxunun və kanalizasiya səslərinin yaranması, eləcə də yağışdan sonra ərazidə qeyri-adi boşluqların və çuxurların meydana çıxması daxildir”.

Onun sözlərinə görə, bu əlamətlər müşahidə edildiyi halda “keçər” yanaşması ilə davranmaq olmaz və dərhal aidiyyəti qurumlara məlumat verilməlidir. Çünki vaxtında görülən tədbirlər ağır fəsadların qarşısını almağa imkan verir.

Orxan Musayev vurğulayıb ki, ən böyük səhv kollektorların görünmədiyi üçün təhlükəsiz hesab edilməsidir. Onun fikrincə, yeraltı infrastruktura nəzarət yerüstü obyektlər qədər, hətta onlardan daha vacibdir. Kollektorların üzərində salınan hər bir yol və tikilən hər bir bina ciddi məsuliyyət tələb edir və bu məsuliyyət layihəçilərin, icraçıların və nəzarət edən qurumların üzərinə düşür:

“Vaxtında və düzgün şəkildə aparılan texniki baxışlar, monitorinq və nəzarət tədbirləri riskləri idarəolunan səviyyədə saxlamağa imkan verir. Əks halda isə bu cür halların ağır nəticələrə səbəb ola biləcəyi qaçılmazdır”.

Harada ev tikmək qadağandır?

Aşağıdakı zonalarda yaşayış evlərinin tikintisinə icazə verilmir:

Tarixi və mədəni abidələrin mühafizə zonaları

Avtomobil yollarının kənarları

Hərbi obyektlərə yaxın ərazilər

Su mühafizə zonaları

Magistral boru xətləri və kollektorların üzəri

Yüksək gərginlikli elektrik xətləri keçən sahələr

Sürüşmə və digər təhlükəli geoloji zonalar

Neft və qaz kəmərlərinin ətrafı

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

2Sources