EN

Atəşkəsə inamsızlıq neft bazarında qeyri-müəyyənliyi saxlayır

ABŞ və İran arasında 2 həftəlik atəşkəsin taleyi ilə bağlı qeyri-müəyyənlik neft bazarında narahatlığı artırıb.

“Yeni Sabah” Reuters-ə istinadla xəbər verir ki, buna görə də dünya bazarında neftin qiyməti yenidən yüksəlib, çünki investorlar Hörmüz boğazı ilə enerji daşımalarının hələ də məhdud qala biləcəyindən ehtiyat edir.

"Brent" markalı neftin fyuçersləri 1,96 dollar və ya 2,07 faiz bahalaşaraq bir barel üçün 96,71 dollara çatıb.

ABŞ-nin WTI markalı nefti isə 2,60 dollar və ya 2,75 faiz artaraq 97,01 dollar olub.

Əvvəlki ticarət sessiyasında hər iki etalon neft markasının qiyməti 100 dollardan aşağı düşmüşdü. Buna səbəb ilkin mərhələdə atəşkəsdən sonra Hörmüz boğazının yenidən açılacağı ilə bağlı gözləntilər idi. Hətta WTI nefti 2020-ci ilin aprelindən bəri ən kəskin günlük enişini yaşamışdı.

“Vanda Insights” şirkətinin qurucusu Vandana Harinin sözlərinə görə, Hörmüz boğazının yaxın vaxtlarda tam şəkildə açılması ehtimalı zəif görünür. O hesab edir ki, neft qiymətlərində dalğalanma davam edəcək.

Hörmüz boğazı İraq, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər kimi Körfəz ölkələrinin enerji ixracını dünya bazarına bağlayan əsas marşrutdur. Dünyada neft və qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçir.

Atəşkəsin davamlı olub-olmayacağı sual altındadır. İsrailin Livana hücumlarını davam etdirməsi fonunda İran daimi sülh sazişi ilə bağlı danışıqları davam etdirməyin məntiqsiz olacağını bildirib.

Bundan əlavə, neft daşıyıcıları da atəşkəsin şərtləri ilə bağlı daha çox detal bəlli olmadan Hörmüz boğazından keçidi bərpa etməyə tələsmədiklərini açıqlayıblar.

Tehran boğazdakı minalardan yan keçmək üçün gəmilərə marşrut xəritələri təqdim edilib.

“Standard Chartered” bankının analitikləri qeyd edirlər ki, logistika problemləri, təhlükəsizlik qorxuları, sığorta xərclərinin artması yaxın 2 həftədə Hörmüz boğazı vasitəsilə bazara əlavə enerji tədarükünün artmasını çətinləşdirəcək.

Regiondakı enerji infrastrukturu da təhlükə altında qalır. İran atəşkəsdən sonra da qonşu ölkələrdəki bəzi obyektlərə zərbələr endirib. Bunlar arasında Səudiyyə Ərəbistanında Hörmüz boğazını keçmək üçün istifadə olunan boru kəmərlərindən biri də var. Küveyt, Bəhreyn və BƏƏ də raket və pilotsuz uçuş aparatları ilə hücumlar barədə məlumat yayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources