Gənclərimiz ailə qurmağa niyə tələsmirlər
Əvvəllər deyərmişlər ki, tez evlənən və səhər tez oyanan irəli düşər. Yuxudan sübh tezdən oyanmaq, əslində, yaxşıdır, amma erkən evlənmək xüsusilə indiki sivil dünyada bir qədər mübahisəli məsələdir. Elə əvvəllər bunu alqışlamaq, təbliğ etmək istəyənlərin özü də məsələnin dərinliyinə bir o qədər varmaq istəməyiblər. Çünki "tez alışan tez sönər", "tələsən təndirə düşər" fikirlərini də onlar söyləyiblər.
İnsan ömrü ilin fəsillərinə bənzəyir. Hər fəslin isə öz özəlliyi var. Yazda çiçəklər açır, yayda, payızda meyvələr yetişir, qışda bəyaz qar yağır... Bunların hər biri öz zamanında gözəldir.
Ailə qurmağın da öz vaxtı var. Tələsmək olmaz. Amma gecikmək də heç də yaxşı hal deyil.
Oğlunun yaşı 35-ə yaxınlaşan bir ananın gileyini eşitdik: "Evləndirmək istəyirik, yaşı keçir. Yaxın dostlarından öyrənmişəm ki, gözaltısı yoxdur. Odur ki, arada özüm məsləhət bildiyim qızların adını çəkib seçim etməyin, ailə qurmağın vaxtının ötdüyünü yadına salıram. Susur. Yaş üstünə isə yaş gəlir. O gün baxıram ki, artıq saçlarına dən düşməyə başlayıb..."
Bir qız anasının da narahatlığını bölüşdük: "Orta məktəbi əla qiymətlərlə bitirdi, universitetə daxil olub orada da yaxşı oxudu, təhsilini ağılla-kamalla başa vurdu. Xeyli vaxtdır öz ixtisası üzrə də işləyir. Yaxından-uzaqdan, tanış-bilişdən söz açanlar, qapıya gəlmək istəyənlər var. Eşitdiyimə görə, öz iş yoldaşlarından da elçi düşənlər olub. Ancaq qız daşı ətəyindən töküb bir Allah bəndəsinə "hə" demək istəmir. Yaş isə keçir..."
Bəlkə də bu iki ananın ürək çırpıntılarını bəyan etməzdik. Əgər həmin fikirlərlə rahatlıq tapmayan ata-analar az olsaydı... Amma təəssüf ki, artıq ailə həyatı qurmaq yaşı keçən övladlarının sabahı üçün nigaran olan belə valideynlər çoxdur. Onların dediklərini eşitsək də, eşitməsək də, statistik rəqəmlərdən xəbərimiz olsa da, olmasa da, real vəziyyət göz qabağındadır. Hər birimizin çevrəsində neçə-neçə gənc - istər qız, istərsə də oğlan var ki, ailə qurmağa tələsmir, daha doğrusu, gecikir. Qısası, bu, bir həqiqətdir ki, son illərdə Azərbaycanda cavanların nikaha daxil olma yaşı artıb. Bu isə ölkədə nikahların sayının azalmasına səbəb olur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycanda 48546 nikah bağlanıb. Halbuki ondan əvvəlki ildə 49508 nikaha daxilolma qeydə alınmışdı. Fərq 952 nikahdır, başqa sözlə, əhalinin hər 1000 nəfərinə nikahların əmsalı 4,9-dan 4,7-yə enib. Cari ilin ilk ayında isə ötən ilin eyni dövründəkindən 1795 az ailə qurulub. Bu isə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların əmsalının 5,4-dən 3,4-ə düşməsi deməkdir.
Cavanların nikaha daxilolma yaşının artması bunun başlıca səbəblərindəndir. Yenə də statistikaya müraciət edək. Qoy əsl mənzərəni rəqəmlərin özü yaratsın. 2014-cü, 2015-ci və 2016-cı illərdə kişilərin nikaha daxilolma yaşı orta hesabla 28,6 idi. Həmin rəqəm getdikcə artaraq 2017-ci ildə 28,8-ə, 2018-ci ildə 29-a, 2019-cu ildə 29,4-ə və 2020-ci ildə 30-a çatdı. 2014-2016-cı illərdə qadınlar orta hesabla 24,1 yaşında ailə qurmuşdular. Sonrakı illərdə bu rəqəm tədricən artdı və 2017-ci ildə 24,2 olduğu halda 2020-ci ildə 25,2-yə qədər yüksəldi.
Bu tendensiya özünü ilk nikaha daxil olanların yaşında da göstərir. Birinci nikaha daxil olan qadınların orta yaşı 2015-ci ildəki 23,6-dan 2020-ci ildə 24,3-ə çatdı. Birinci nikaha girən kişilərin yaşı isə həmin dövr ərzində 27,5 olduğu halda ilbəil artaraq 2020-ci ildə 28,5 təşkil etdi. Ən son rəqəmlər isə belədir: 2024-cü ildə kişilər orta hesabla 30,2, qadınlar 25,1 yaşında evləniblər. İlk dəfə nikaha daxil olanların orta yaşı isə kişilər arasında 28,6, qadınlar arasında 24 olub.
Bunların orta rəqəmlər olduğuna bir daha dərindən nəzər salsaq, vəziyyət tam aydın olar. "Kişilərin nikaha daxil olma yaşı orta hesabla 30-dur" deyəndə düşünə bilərik ki, bu, o qədər də narahatlıq doğuran rəqəm deyil. Lakin həmin orta rəqəm tələsib 19-21 və sonrakı yaşda ailə quranların, eləcə də 30-dan sonra evlənənlərin yaş göstəricilərindən yaranır. Beləliklə, 35 və daha yuxarı yaşda nikaha daxil olanların da sayının çoxluğu ortaya çıxır.
Bəs gənclərimizi ailə qurmağa gecikdirən səbəb nədir? Sosioloqlar bunun bir səbəbini gənclərin daha mükəmməl təhsil almaq istəyi ilə bağlayırlar. Məsələn, onların bir çoxu ali təhsilin bakalavr pilləsindən sonra magistraturanı da başa vurmaq istəyir. Gənc daimi iş yeri tapınca, özünü bir mütəxəssis kimi doğruldunca, ailə dolandırmaq imkanına çatınca isə xeyli vaxt keçir. Bu proseslərin davam etdiyi dövrdə cavanların heç də hamısı evlənmək barədə fikirləşmir.
Müşahidələr göstərir ki, indi gənclər daha sərbəst və müstəqildirlər, o mənada ki, quracaqları ailəni özləri, artıq yaşa dolmuş valideynlərinə ziyan vurmadan dolandırmaq istəyirlər. Gənc ailələrin başlıca istəyi isə ayrıca mənzildə yaşamaqdır. Əlbəttə, cavanların, necə deyərlər, ayaq üstə durmağı bacarandan, əli çörəyə çatandan sonra evlənmək məqsədləri təqdirəlayiq haldır. Amma çox gecikməyin də heç yeri deyil.
Görək gənclərin özləri və onların çevrəsindəki insanlar nə deyirlər? Yaşı 35-ə yaxınlaşan Natiq deyir ki, gəlini haraya gətirim? Atamın, anamın, nənəmin və yaşca məndən kiçik bacımın yaşadığı üçotaqlı "xruşşovka"ya, ya kirayə mənzilə? Bu gənc haradasa haqlı olsa da, hər halda çıxılmaz vəziyyətdə deyil. Əvvəla, onun ata evi var və nənəsi hamının adından deyir ki, gəlinin gözümüz üstündə yeri var, təki ürəklər geniş olsun. Üstəlik, Natiq sanballı bir şirkətdə çalışır, yüksək maaş alır, yəni mənzil sahibi olmaq şansı da istisna deyil. Əslində, özü bu barədə düşünməyə gecikib. Çünki sosial vəziyyəti onunla eyni olan dostları Azad və Elman məsələni xeyli vaxtdır müsbət həll ediblər. Biri dövlətin gənc ailələrə güzəştlərindən istifadə edərək ipoteka krediti götürüb və artıq təzə mənzilə köçüb. Digəri isə yaşadığı Bakı yaxınlığındakı kənddə salınan yeni massivdə torpaq sahəsi alaraq xudmani bir ev tikdirir.
Yaşıdları artıq ailə qurmuş Saleh də hələ evlənməyə tərəddüd edir. Evi olduğu halda... O, kiçik bizneslə məşğuldur və qazancının ailəni dolandırmağa yetməyəcəyini düşünür. Valideynləri ona deyir ki, indi gənc qızların əksəriyyəti müəyyən peşə, sənət sahibidir, iş yerləri var. Odur ki, Saleh də gələcək həyat yoldaşı ilə birlikdə əl-ələ verib dolana bilərlər. Bir də ki, zəhmətlə, səbirlə, hətta çətinliklə əldə olunan nemətlər daha şirin olur. Ev-eşiyin, pul-paranın, lap elə həyatın özü də!
Son aylara aid bir məsələdən də yan keçmək istəməzdik. Oğlunun gözaltısı olan, lakin toyu ləngidən üç xanımdan bunun səbəbini soruşdum. Ərk etdim, çünki onlardan biri əziz rəfiqəm, digəri yaxın qohumum, üçüncüsü qapıbir qonşumdur. Üçündən də aldığım eyni cavabdan təəccübləndim. Dedilər ki, bəs gəlinin qır-qızılını düzəldə bilmirik, bunun üçün ən azı 10 min manat pul lazımdır.
Bu, nə vaxtdan ailə qurmağın başlıca şərti olub?! Ailə quran qızlarımız həmişə qarşı tərəfin imkanları ilə hesablaşıblar axı. Bir sıra hallarda oğul anaları gələcək gəlinləri üçün öz mücrülərindən bəxşişlər ediblər. Zinət əşyaları zaman-zaman nəsildən-nəsilə hədiyyə olunub və onlar həm əziz yadigar, həm də əntiq əşya, antikvar kimi qorunub. Deyirlər, indiki qızlar bunları bəyənmir. Demə, qızılın da dəbi olarmış... Bəzən isə elə oğlan evi özü deyilənləri prestij sayır, necə deyərlər, "layiqincə" üzə çıxmaq istəyir.
Yeri gəlmişkən, deyək ki, ailə qurmaq yaşına çatmış qızların da çoxu bir sıra səbəblərdən tərəddüd edirlər. Görək bu barədə dünyagörmüş ağbirçəyimiz Kifayət xanım nə deyir: "İndiki gəlinlər qayınanalı-qayınatalı evdə yaşamaq istəmirlər. Qızlar birinci şərt kimi oğlanın özünün ayrıca evi olması tələbini irəli sürürlər. Üzümü onlara tutub demək istərdım ki, qızlarım, heç olmasa bir müddət, ayrıca ev-eşik düzəldincə böyüklərlə bir yerdə yaşamağın özü də müsbət haldır. Belədə düşdüyünüz ailəyə, qohum olduğunuz insanlara daha tez isinişərsiniz. İşləyən, karyera sahibi olan qızlar üçün bu həm də bir köməkdir. Çünki ailənin digər üzvləri ona ev işlərində, uşaqların qeydinə qalmaqda köməkçi olurlar".
Kifayət nənə özü vaxtilə uzun illər uşaq bağçasında tərbiyəçi işləyib. Odur ki, cavan qadınların işləməsini, karyera qurmasını alqışlayır. Onun fikrincə, qızların bir qismini ərə gedəndən sonra ailənin tələbi ilə sevimli işlərindən, kollektivdən, yəni cəmiyyətdən ayrı düşəcəkləri qorxudur. Ağbirçəyin bu məsələyə aid də məsləhəti var: "Həkim, müəllim, alim, yaxud sadə və gərəkli peşə sahibi olan qızlarımız çoxdur. Ailə qurandan sonra bəzi hallarda ər evinin onu işindən ayırmasının qəti əleyhinəyəm. Qoy işləsinlər, cəmiyyətə də xeyir versinlər, ailə büdcəsinə də bunun köməyi var". Nənə gülür: "Qədimdə deyərmişlər ki, halvaçı qızı bir az da şirin..."
İxtiyar yaşlı Bakı sakini Nazim Tağıyev isə internetin, sosial şəbəkələrin gənclərin çox vaxtını almasından, fikrini həddindən artıq məşğul etməsindən narahatdır. Ağsaqqal deyir ki, kompüterdən və mobil telefonlardan faydalı işlər üçün istifadə etmək lazımdır. Boş-boş yazışmalara, lazımsız oyunlara, yerli-yersiz şəkillər paylaşmağa yox! Bütün bunlar gəncləri gələcək barədə düşünməkdən, məqsədyönlü qərarlar qəbul etməkdən yayındırır.
Ailə qurmağa tələsməyən hər kəsin öz səbəbi var. Odur ki, bu barədə fikirlər, mülahizələr də müxtəlifdir. Dəqiq bilinən isə yalnız odur ki, bu cavanlara kömək etmək lazımdır. Doğmaları, dostları onlara yol göstərməli, birgə çalışdıqları kollektiv çətinliklərini aradan qaldırmaqda bacardığı dəstəyi əsirgəməməlidir. Onlar ailə qurmalı, bir ocaq başında birləşib xoşbəxt yaşamalıdırlar. Burada söhbət həm də xalqımızın genofondundan gedir. Prezident İlham Əliyevin təbirincə desək, artan əhali artan gücümüzdür. Həkim-genetik Eldəniz Bayramov vaxtında ailə qurmağın tibbi baxımdan çox vacib olduğunu deyir: "Ailə şəraitində insanların, xüsusilə kişilərin qidalanması, istirahəti düzgün tənzimlənir, bu da onların səhhətinin yaxşı, iş qabiliyyətinin yüksək olmasına, sağlam həyat tərzi keçirməsinə xidmət edir. Vaxtında qurulmuş ailələrdə həm də sağlam uşaqlar dünyaya gəlir. Belə ki, insanlar yaşa dolduqca onların həm genetik və həm də sonradan qazanılmış xəstəlikləri daha bariz şəkildə üzə çıxır və bu, özünü doğulan uşaqlarda göstərir".
Təcrübəli mama-ginekoloq Elmira Əfəndiyevanın sözü isə qızlaradır: "Erkən nikah kimi, gec evliliyin də mənfi cəhətləri var. Vaxtında ailə qurmaq lazımdır. Qadınların yaşı artdıqca onların dünyaya uşaq gətirmək şansları da azalır. Bu, mümkün olduqda belə ananın və gələcək körpənin həyatı üçün risklər yaranır. Gec ailə quran qızlar özlərini də, hətta biz həkimləri də çətinlik qarşısında qoyurlar. Bəzən dünyaya gətirdikləri körpələr tam sağlam olmur".
Odur ki, sevib-sevilməyə, ömür-gün yoldaşı seçməyə gecikməyin, əziz gənclər. Gecikənlər isə tələsin. Tələsin ki, sizə şirin-şəkər körpələr "ata", "ana" desinlər. Tələsin ki, sonra bir mahnıda olduğu kimi, peşiman-peşiman "ay gecikən məhəbbətim" deyə səslənərək qaçaq saldığınız xoşbəxtliyinizi axtarmayasınız.
Flora SADIQLI,
"Azərbaycan"