EN

Vens: İsrail Livanda daha təmkinli davranmağa hazır olduğunu bildirib

BAKI, 9 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin daha əvvəl Livanda daha təmkinli addımlar atmağa hazır olduğunu bəyan etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə danışıb.

Vensin sözlərinə görə, İsrail tərəfi ABŞ ilə İran arasında aparılan danışıqların uğurla nəticələnməsi üçün Livanda fəaliyyətini müəyyən qədər məhdudlaşdırmağı təklif edib. O qeyd edib ki, bu yanaşma Livanın atəşkəs razılaşmasının bir hissəsi olması ilə bağlı deyil, daha çox danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədi daşıyıb.

ABŞ vitse-prezidenti bildirib ki, Vaşinqton heç vaxt İranla əldə olunması nəzərdə tutulan atəşkəsin Livana da aid olduğunu deməyib. Onun sözlərinə görə, əgər İran Livan məsələsinə görə danışıqların pozulmasını istəyirsə, bu, Tehranın seçimidir.

“Biz bunu ağılsız addım hesab edirik, amma qərarı onlar verirlər”, - deyə Vens əlavə edib.

Məlumata görə, daha əvvəl İran İsrailin Livana hücumları səbəbindən Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti dayandırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər əsas mübahisəli məsələlərin əksəriyyətində razılığa gəlib və Vaşinqton Tehranın 10 maddəlik təkliflərini danışıqlar üçün əsas kimi nəzərdən keçirir.

Bildirilir ki, İran zərbələr dayandırılacağı təqdirdə müdafiə xarakterli hücumları dayandırmağa razılaşıb. Tərəflər arasında vasitəçi qismində çıxış edən Pakistanın baş naziri Şahbaz Şərif isə onları aprelin 10-da keçiriləcək danışıqlara dəvət edib.

Chosen
35
teleqraf.com

1Sources