“İki dəvə əlləşəndə otluq xarab olar”
(Azərbaycan ata sözü)
1967-ci ilin 5-10 iyununda tarixə “6 günlük savaş” adıyla keçmiş bir dava var. İsraillə 5 ərəb dövləti bir-birinə girişiblər, İsrail qalib gəlib. Suriya Colan təpələrini, Misir Sinay yarımadasını və Qəzza sektorunu, İordaniya isə İordan çayının Qərb sahilini itirib. İordaniya və Misir, demək olar, bütün hərbi hava qüvvələrindən – təyyarələrdən məhrum edilib, tank qoşunları da həmçinin, məhv olub.
İnsan itkilərinin müqayisəsində də böyük fərqlər var: İsraildən 600-800 arası adam ölüb, ərəblərdən isə 15 mindən çox. Bəzi tarixçilərin rəyinə görə ərəb ordularının böyük hissəsi Sinay qumluqlarında ac-susuz qalıb qırılıb. İsrail onları həmin bölgədə sözün əsl mənasında qabağına qatıb qovurmuş.
Ancaq həmin savaşın ən tragikomik epizodlarından biri Misir dövlət televiziyasının davranışları olub. Yəhudi qoşunları Qahirənin altına gəlib çıxanda Misir TV-nin efirində... ərəblərin qalib gəldiyi barədə verilişlər, xəbərlər yayılırmış. Deyirmişlər, az qalıb, İsraili tamamilə yerlə-yeksan etməkdəyik.
İşin daha bir komediyası isə camaatın buna inanmağı imiş! Hətta cəbhə xəttindəki real vəziyyətdən məlumatlı olan Misir lideri, baş nazir Camal Əbdül Nasir istefa vermək qərarını açıqlayır, xalq küçələrə tökülüşür, deyirlər, a kişi, hara gedirsən, bu cür fısqırıq qələbə qazanmaq üzrəyik. Ondan sonra Nasir müəllim “inəyin quyruğundan yapışıb” geri dönür, ta istefa vermir.
2003-cü ildə Buşun başçılığı ilə ABŞ qoşunları İraqı şumlayanda Səddam Hüseynin təbliğat və informasiya naziri Məhəmməd əs-Səhhaf da dünya mediasının əsas komik obrazlarından birinə çevrilmişdi. Mənim yaxşı yadımdadır, hətta biz Azərbaycan qəzetçiləri də hər gün Səhhaf müəllimin səhih xəbər bülletenlərini həsrətlə gözləyirdik, oxuyub, pis çıxmasın, qarnımızı tutub gülürdük. Çün, Buşun ordusu az Tiqrit dərələrində gizlənən Səddamı axtaranda belə Səhhaf müəllim açıqlama verirdi: “Bağdadda hər şey sakitçilikdir, az qalıb, cəsur İraq ordusu Texasa yaxınlaşmaq üzrədir”.
Şimali Koreya futbol millisinin 2010-cu il dünya çempionatında iştirakı barədə də oxşar rəvayətlər danışılır. Birinci oyunda Braziliyaya 2:1, ikinci oyunda Portuqaliyaya 7:0, üçüncüdə isə Fil Dişi Sahilinə 3:0 uduzanda Şimali Koreya televiziyası, yalan olmasın, bütün oyunları udduqları barədə xəbər yayırmış. Deyəsən, axırda dünya çempionu olduqlarını söyləmişdilər.
Bunları niyə xatırladım? Hazırda ABŞ-İran arasında müvəqqəti atəşkəs imzalanıb, bütün dünyanı düşündürən əsas suallardan biri isə “kim qalib gəldi” sualıdır. Məsələn, deyirlər, İranda rejim dəyişməyib, deməli, ABŞ uduzub. Əks fikir isə budur ki, İranın az qala bütün rəhbərliyi öldürülübsə, elə bu rejim dəyişikliyidir, yəni, ABŞ-İsrail cütlüyü davanı udub. O cümlədən, İranın hərbi-iqtisadi potensialına da ağır, bəlkə sağalmaz zərbələr vurulub. Mənim şəxsi fikrim sizə maraqlıdırsa, İranın uduzduğunu deyənlər tərəfdəyəm.
Ancaq dini rejim, bu dünyanı fani sayan fanatik radikallar üçün məğlubiyyət anlayışı, əlbəttə, fərqlidir. Onlar o biri tərəfdəki hurilərlə görüşə hazırlaşırlar, belə sistemləri dünyəvi üsullarla udmaq çətindir, hətta mümkün deyil. Ona görə də bu xəmir, daha dəqiqi, qazon çox su aparacaq.
“Qazon” sözünün mənası var. İsrailin hərbi-siyasi planlaşdırmasında bu termindən istifadə edilir: “Qazonu biçmək”. Məsələn, hərdən girirlər Livana, Suriyaya-filana, terror qruplaşmalarını “qırxırlar”, çıxırlar. İndi yazıq, bədbəxt İran da bir müddət özünə gəlməyə çalışacaq, mollalar əmmamələrinin cırığını sarıyacaq, ondan sonra görəcəyik təzədən ABŞ-İsrail uçaqları göydədir.
ABŞ-İsrail-İran davasında atəşkəsin uzunömürlü olmasını istəyirlərsə, bu işi ATƏT-in Minsk qrupuna tapşırsınlar. Kasprşik də Hörmüz boğazında dəvə ... yağlamağa getsin. Nəhayət, axırda boğaza Trampın adı verilməlidir.