EN

Axios: İranla atəşkəs ziddiyyətli açıqlamalar fonunda qeyri-müəyyən qalır...

ABŞ, İsrail və İran razılaşmanın qüvvədə olduğunu desə də, şərtlər və gələcək addımlar barədə fikir ayrılığı davam edir…

Poliqon xəbər verir ki, Axios portalının məlumatına əsasən, İranla bağlı elan olunan atəşkəs ciddi qarışıqlıq və ziddiyyətli bəyanatlarla müşayiət olunur. ABŞ, İsrail və İran rəsmiləri atəşkəs rejiminin artıq qüvvədə olduğunu bildirsələr də, razılaşmanın konkret şərtləri və növbəti mərhələlər barədə onların açıqlamaları bir-birinə uyğun gəlmir və bəzən hətta öz daxilində ziddiyyət təşkil edir.

Məlumata görə, bütün tərəflər bir məsələni açıq şəkildə etiraf edir, müharibənin tam başa çatdığına dair heç bir zəmanət yoxdur. Döyüşlərin intensivliyi müəyyən qədər azalsa da, tam dayandırıldığı demək mümkün deyil.

İran tərəfi bəyan edib ki, atəşkəs elan edildikdən sonra İsrailə, həmçinin BƏƏ, Küveyt və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə yönəlmiş raket və pilotsuz uçuş aparatları ilə zərbələr ABŞ və İsrailin İran ərazisinə, o cümlədən neft emalı zavoduna endirdiyi hücumlara cavab xarakteri daşıyıb. Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, həmin neft emalı zavoduna nə ABŞ, nə də İsrail tərəfindən zərbə endirilməyib.

ABŞ-nin müdafiə naziri Pit Heqset davam edən hücumları İranda idarəetmə və rabitə problemləri ilə izah edib. Onun sözlərinə görə, atəşkəsin tam işlək vəziyyətə gəlməsi üçün zaman tələb olunur və Vaşinqton bu prosesin mərhələli şəkildə qüvvəyə minəcəyini gözləyir.

Hörmüz boğazı ətrafında vəziyyət də qeyri-müəyyən olaraq qalır. ABŞ Prezidenti Donald Tramp boğazın açıldığını bəyan etsə də, İranın xarici işlər naziri daha ehtiyatlı mövqe sərgiləyərək bildirib ki, gəmilər keçid üçün İran hərbçiləri ilə koordinasiya aparmalı olacaq və keçidlərə say baxımından məhdudiyyətlər tətbiq edilə bilər. Bundan əlavə, İran mediası bəzi rəsmilərə istinadən keçid üçün ödəniş tətbiq oluna biləcəyini yazıb ki, bu da qlobal bazarlarda narahatlıq doğurur.

ABŞ tərəfi isə boğazın açılması ilə bağlı razılaşmanın əldə olunduğunu iddia edir. Tramp isə əlavə olaraq ABŞ və İranın bu keçidlərdən əldə olunan rüsumların idarə olunmasında birgə iştirak edə biləcəyini qeyd edib ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirib.

Bu arada Livanda hərbi əməliyyatlar davam edir. İsrailin Baş naziri Binyamin Netanyahu İran və Pakistanın atəşkəsin Livana da şamil olunması ilə bağlı iddialarını rədd edib. Livan Qırmızı Xaçının məlumatına görə, son toqquşmalarda 80-dən çox insan həlak olub, 200-ə yaxın şəxs yaralanıb. İran isə xəbərdarlıq edib ki, Livandakı döyüşlərin davam etməsi atəşkəsin pozulmasına və Hörmüz boğazının yenidən bağlanmasına səbəb ola bilər.

ABŞ isə bu məsələ ilə bağlı mövqeyini hələ də tam şəkildə açıqlamayıb. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn atəşkəsi “pauza” kimi xarakterizə edərək, Amerika hərbçilərinin döyüş əməliyyatlarının yenidən başlanmasına hazır olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ qüvvələri İranın razılaşmalara əməl edib-etmədiyini izləmək üçün hazır vəziyyətdə saxlanılır.

Eyni mövqe İran tərəfindən də səsləndirilib. İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, onlar istənilən anda əməliyyatları bərpa etməyə hazırdır və vəziyyətə tam nəzarət edirlər.

Hazırda diqqətlər İslamabad şəhərində keçiriləcək danışıqlara yönəlib. Gözlənilir ki, ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. Analitiklər hesab edir ki, bu görüş atəşkəsin taleyini müəyyənləşdirə biləcək əsas mərhələlərdən biri olacaq.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources