EN

Şprexen zi doyiç? İmir Məmmədli yazır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmir MƏMMƏDLİ

Bir dəfə Tayqanın sıx meşələrində yolu itirdim. Tayqada nə itim azmışdı, mən orda nə gəzirdim, soruşmayın. Maraqlı olmayacaq deyə, orasını danışmayacağam.

Xülasə, nağılarda deyildiyi kimi, az getdim, uz getdim... Bir azdan adam səsi eşitdim. Səsə tərəf yönəldim. Bir az getmişdim, qənşərimə yan-yana düzülmüş altı alaçıq çıxdı. Alaçıqlardan o yanda köhnə yük maşını da görünürdü. Heyrətimdən gözlərimi ovuşduranda dəyələrdən birindən gözəl bir qadın çıxdı. Sonra başqa alaçığın önündə də şux bir xanım peyda oldu.

Alaçıqlara yaxınlaşmaq istədim, amma cürət etmədim, düşündüm, meşənin bu yerində qadın-madın nə gəzir, gördüklərim meşə halları ola birlər, yaxınlaşsam, məni alaçığa çəkib başıma min bir oyun açarlar.

Bu cür götür-qoyda idim ki, birinci dəyədən bir nəfər qarayanız, lopabığ kişi çıxdı. Kişi gərnəşərək ətrafa boylanıb çöldəki qadınların üzlərinə gülümsündü. Xanımlar da kişinin üzünə gülümsündülər. Kişi bığlarını eşə-eşə qadınlardan əvvəlcə birini, sonra digərini başdan ayağa süzdü.

Düşündüm, yanlarında kişi varsa, bunlar cin yox, cinsləri məlum adi adamlardır, yaxınlaşıb yolu soruşa bilərəm.

Düşündüyüm kimi elədim.

Kişi də qadınlar da əvvəlcə  ayaq səslərimi eşidib diksindilər, sonra məni görüb təəccübləndilər. Mən deyərdim ki, xanımlar bir az qorxdular da. Kişi mənə zilləndi, gördü, əməlli-başlı yaxınlaşıram, dönüb qadınlara tərəf baxdı. Qadınlar çıxdıqları alaçıqlara daldalandılar. Kişi yerindən tərpənmədi. Odur ki yaxınlaşıb:

- Salam! – dedim.

Salamımı salamla qarşıladı.

Bu ara gözucu gördüm ki, dəyələrin qamış pərdələri aralandı və oradan bayaqkı xanımlar kimi sarışın xanımlar boylandılar. Pərdələr ehmalca açıldığı kimi ehmalca da bağlandı.

- Kimsən, buralarda nə gəzirsən? - Lopabığ mənim sualımı gözləmədi, öz sualını irəli saldı.

- Yolçuyam, meşədə yolu azdım...

- Tayqanın belə dərinliyinə hələ adam ayağı dəyməyib. Qayıtmağın çətin olacaq.

- Siz mənə yolu göstərə bilərsinizmi?

- Burda yol yoxdur. Hansı səmtə gedəcəyini deyə bilərəm. - Kişi duruxsunub əlavə etdi, - bir halda ki, fələk gətirib səni bura çıxarıb, gəl qonağımız ol, bir istakan çayımızı iç.

Təklifi məmnuniyyətlə qəbul etdim, işarə etdiyi kötükdə oturdum.

- Bəs siz Tayqanın belə dərinliyində... - o sualın quyruğunu gözləmədi, sözümü kəsib:

- Uzun söhbətdir, - deyə, yarımçıq sualımı cavablandırdı. Sonra dərindən bir köks ötürüb dedi, - on iki ildir, bu qadınlardan başqa adam üzü görməmişəm, həvəsin varsa, danışaram.

Başımı tərpədərək təsdiqləyib diqqət kəsildim.

Kişi bir də köks ötürüb alaçıqlara tərəf səsləndi:

- Qrethen, çay-çörək gətir!

Birinci alaçığın qamış pərdəsi çəkildi, oradan sarışın bir xanım çıxdı. O, əlində ətrafı hisli çaydan yüngülcə təzim edərək məni salamladı. Sonra hər alaçıqdan bir qadın çıxıb süfrəmizi müxtəlif nemətlərlə zənginləşdirdilər.

Deyim ki, aralarındakı yaşlı qadını çıxmaqla, xanımların biri digərindən gözəl idi. Amma Qrethen hamısından kiçik, hamısından suyuşirin idi.

Qadınlar dəyələrə çəkildikdən sonra mən yeməyə, kişi sözə başladı:

- Adım Mirdaməddir.

- Mənim adım Tapdıqdır, buralarda Tolya deyirlər! – dedim.

- Lap yaxşı, - Mirdaməd sözünə davam etdi. - Xoşbəxt gəncliyim var idi, ikinci dünya müharibəsi başlayanda xalamqızına nişanlandım. Bütün həddibuluğuna çatmış gənclər kimi mən də könüllü-könülsüz cəbhəyə getdim. Gedən kimi bir dənə yük maşını verdilər, 41-dən 45-ə qədər, gördüyün o maşını, - dəyələrdən bir az aralıda duran maşına işarə etdi, - demək olar ki, mühərriki söndürmədən Kişinyovdan Rayxstaqa qədər sürdüm. Silah-sursat daşıdım. Deyim ki, bu sürha-sürdə xalaqızını bir an belə unutmadım. İrəli gedəndə də fikrim dalda idi.

Mayın əvvəlləri idi, Berlinə təzəcə çatmışdım ki, dedilər, müharibə bitdi. “Ölməyə adam qalmadı deyə bitdi... Yaxşı ki mən ölmədim”, - deyə düşünərək maşının ağzını döndərdim vətənə doğru.

Bir az getmişdim ki, qarşıma yarıuçuq bir ev çıxdı. Gözucu gördüm evin sınıq pəncərəsindən kimsə boylandı. Həmin adam daxmaya tərəf gələn maşını görüb tez geri çəkildi. Boylanan məxluq deyəsən qadındı, bunu sezəndə maraq məni bürüdü. Maşını düz daxmanın yanına sürdüm. Kabinadan düşüb əlimdə silah ehmalca daxmanın qapısını araladım. Aralı qapıdan gördüm donunun ətəyi yellənərək kimsə küncə tərəf qaçdı. Tətiyi çəkib silahı qabağa tutaraq içəri keçdim. Girib nə görsəm yaxşıdır?

- Nə? - qeyri-ixtiyari soruşdum

- Altı nəfər qadın küncə sıxılıb tir-tir əsir.

- Aralarında kişi yox idi?

- Yox altısı da qadın idi, biri ortayaşlı, beşi gənc, beşindən biri – Qrethen, lap gənc idi, 18-19 yaşlarında olardı.  Qretheni görən kimi heyran oldum. Onlar məndən qorxsalar da, mən bu qeyri-adi gözəlliyin əsirinə çevrildim. Yerdə qalanlar yox imiş kimi gözümü Qrethendən çəkə bilmirdim.

- Biz tibb bacılarıyıq... Bizi öldürmə... Biz sizin yaralarınıza da kömək etmişik... – rusca sözləri təhrif edə-edə danışan ortayaşlı qadın dedi.

- Sən niyə titrəyirsən? Üşüyürsən? – qadının cavabında nəsə demək əvəzinə özümdən asılı olmayaraq Qrethendən soruşdum. Beş il ərzində onların dilini az-çox öyrənmişdim.

- Hamı titrəyir, mən də titrəyirəm, - Qrethen cavabımda dedi.

Mən gülümsünüb silahı aşağı saldım. Qadınların titrəməsi də azaldı. Məlum oldu ki, Qrethen də rusca başa düşür, amma danışa bilmir.

Düşündüm, bunları burda qoyub getmək insafdan deyil. Bir azdan bizimkilər gəlib bu zavallıları ya yerlərindəcə gülləbaran eləyəcəklər, ya da əsir götürəcəklər. Həm də ürəyimin dərinliyində hiss etdim ki, dünya da dağılsa Qrethendən keçə bilməyəcəm. Odur ki:

- Maşının bortuna dırmanın! – bir növ əmranə səslə dedim.

- Bizi hara aparırsan, öldürməyəmi? – Rusca danışa bilən qadın soruşdu.

- Mən öldürmək fikrində olsam, elə burdaca öldürərdim, – dedim, - sizi xilas etmək istəyirəm.

Bu sözlərimin cavabında Qrethen yenə almanca:

- Bu ki, düşmən əsgəridir, bizi niyə xilas eləyir? – dedi.

- Əvvəlcə insanam, sonra - əsgər. Mənim də anam-bacım var, zənən xeylaqlarını ölümlə üzbə-üz qoyub getmək kişiyə yaraşmaz. Tələsin, yubanmaq baha başa gələ bilər. – deyib onun şübhələrini dağıtdım.

Onlar təslim olmuş kimi daxmadan çıxıb maşına dırmaşmağa başladılar. Qrethen də borta yaxınlaşdı.

- Sən gəl yanımda, kabinada otur! – deyə onu səslədim.

- Mən? – Qrethen heyrətlə geriyə qanrıldı.

- Bəli, sən!

O gəlib kabinada yanımda oturdu.

Tərpəndik. Bilmirəm, neçə gün, neçə gecə yol getdik. Çalışırdım onları təhlükədən lap uzaqlaşdırıb unanmaz bir yerə çıxarım. Yolda bir neçə dəfə “zapravka” elədim, hərbi maşınlar üçün yanacaq pulsuz idi. Orasını da deyim ki, bu uzaq yolda Qrethenlə aramızda bir şey baş verməsə də, bir-birimizə çox isinişdik. Elə bilirdim, bu qızcığazsız bir günüm belə olmayıb, dünyaya gələndən bir yerdə olmuşuq. Yorucu yolda o mürgüyə gedəndə başını çiynimə söykəyirdi. Maşını sıx meşəliklərdə bir-iki saat saxlayıb mən də çimir alanda köksümə sığınıb halal-hümbət arvadım kimi yatırdı.

- Bəs xalaqızı? – soruşdum.

- Qrethen, ilk andaca xalaqızını itələyib qəlbimdə onun yerini tutdu. – bu yerdə Mirdaməd gülümsünüb əlavə etdi, -amma xalaqızı da ürəyimdən tam çıxmadı, bir az kənarda qərar turdu. – o, alaçıqlara ötəri bir nəzər salaraq dərindən nəfəs alıb sözünə davam etdi, - xülasə, gəlib gördüyün bu yerə çadtıq, düşündüm, burdan o yana getsək dünya qurtaracaq, elə burda da məskən saldıq. Alaçıqların arxasında altı dənə yeraltı daxmamız da var, qışda həmin “zemlyankalara” köçürük, yayda sanki yaylağa çıxırıqmış kimi, alaçıqlarımıza qayıdırıq.

- Bəs niyə altı alaçıq, altı daxma? Qadınlar hamısı bir yerdə, səninlə Qrethen də ayrıca yaşaya bilməzdinizmi? Belə olduqda cəmi iki alaçıq, iki daxma kifayət edərdi.

- Başdan biz də elə düşündük, bir müddət belə də yaşadıq. Amma bu uzun sürmədi. Gördüm, qadınların arasında narazılıq var. Axşam düşən kimi gözlərini bizim dəyəyə zilləyib ehtirasqarışıq həsədlə baxırlar. Düşündüm, belə getsə bu qadın paxıllığı Qretheni öldürəcək. Həm də başa düşdüm ki, qadın kişisiz ola bilməz, yazıqdır. Odur ki, bir axşam üzümü Qrethenə tutub:

- Belə haqsızlıq olur, dedim.

- Nə haqsızlıq? –deyə soruşdu.

- Sənin kişin var, amma onlar kişisiz qalıb...

- Biz nə edə bilərik? – deyə alman səmimiyyəti ilə dedi.

- Biz yox, mən...

- Sən? Sən ki, mənim ərimsən.

- Nolsun, mən dörd qadınla evlənə bilərəm, - dedim.

Qrethen fikrə getdi, uzun sürən gərgin sükutdan sonra:

- Beş qadınla evlənə bilməzsən?

- Yox, dörd son həddir.

- Tutalım mən razı oldum, onlardan üçünü aldın, bəs yerdə qalan iki nəfər?

- Onlardan biri, yəni Meri, yaşlıdır, qaynana olsun, digəri isə - baldızım, - deyə qadınları an içində bölüşdürdüm.

- Olar, - Qrethen yenə uzun sürən sükutdan sonra dedi.

- Bu ən ədalətli bölüm olar, - deyə sözümü yekunlaşdırdım.

Mən yekunlaşdırsam da, Qrethen yekunlaşdırmadı:

- Növbə ilə yanımıza gələrsən, - dedi.

- Əlbəttə, - dedim.

- Amma növbə məndən başlayacaq, haa! Başda mənim alaçığım durur! – deyə xəbərdarlıq etdi.

- Sözsüz ki, növbə səndən başlayacaq. – deyə ona təskinlik verdim.

- Sıranı başa vurub yenə birinciyə, yəni bura qayıdacaqsan! – dedi.

- Arxayın ola bilərsən, qayıdacam, - dedim.

Beləcə razılaşdıq. Odur ki, həmin gündən etibarən qadınlardan, Qrethen başda olmaqla dördü, daha gənci arvadım, biri, (nisbətən gənc olmayanı, yəni Liza) baldızım, ortayaşlı Meri isə qaynanam oldu.

Mən də başladım sıra üzrə hərəkətə: bir, iki, üç, dörd... bir, iki, üç, dörd... bir, iki, üç, dörd... Lizanın alaçığına çatanda nəfsimi cilovlayıb geri qayıdırdım ki, hər şeyi yenidən başlayım. Alaçıqlar arasındakı bu yolun adını sonsuz sevgi yolu qoydum.

- Çox ədalətli bölüm eləmisiniz. Əminəm, sevgi yolunuz həmişə uğurlu olacaq. – Mən təbəssümümü gizlədə bilmədim.

- Mən də elə bilirdim, amma...

- Amma nə? Maraq məni bürüdü.

- Bir müddət beləcə şad-xürrəm yaşadıq. Təxminən altı-yeddi aydan sonra baldız təyin etdiyimiz Liza qaş-qabaq sallayıb narazılığını bildirdi.

- Bildirib nə dedi?

- Gözümün içinə baxa-baxa dedi, ta baldız olmaq istəmirəm, bu mənasız qohumluqdan bezdim!

- Bəs nə olmaq istəyirəm dedi?

- Dedi, ya mən də arvadın olum, ya sevgilin.

- Dedim, dörd arvaddan artıq rəva deyil, sevgili də ki, nəməhramdır, bizdə kənar qadınla yatmaq haram buyrulub.

İki ayağını bir başmağa dirəyib inadından dönmədi, sözünü göyərdib dedi, bu gündən məni baldız saymaya bilərsən!

- Dedim, ay zalım qızı, mən neynim, həndəvərimizdə bir başqa kişi də yoxdur ki, səni ərə verək.

Dedi:

- Başqa kişi yoxdur, sən ki burdasan! Tayqanın ortasında nə şəriət?! o yan, bu yanı yoxdur, ta baldız söhbəti bitdi, ya beşinci arvadınam, ya da sevgilin.

Dedim:

- Mən yazıq onsuz da dörd arvadın öhdəsindən güc-bəla ilə gəlirəm.

- Qayınana da Lizanı dilə tutdu, dedi:

- Bizi biabır eləmə, baldızsan, otur baldız yerində! Elə bilirsən qaynana olmaq mənim ürəyimcədir!? Gör heç səsimi çıxarıram? Aqibətimlə barışıb çəkilmişəm alaçığıma...

Amma mümkün olmadı, Liza dediyindən dönmədi ki, dönməədi.

Gördüm, zalım qızının faşistliyi tutub. Dedim:

- Ta keçib, dediyindən əl çəkmirsən, gəl səni siğə eləyək.

Dedi:

- Siğə nədir?

Dedim:

- O da sevgilidir, lap belə cariyədir, amma qanunidir.

Dedi:

- Lap yaxşı, sığa eləyək, qanuni olmağım lap yaxşıdır, o zaman sevgililər kimi oğrun-oğrun görüşməli olmarıq, mənim alaçığım da durar dördüncü alaçığın yanında, sən də yolunu bir alaçıqlıq uzadarsan...

Dedim:

- Arvadlarımın alaçıqlarının sırasına cariyənin alaçığını qoymaq düz olmaz, gəl sənin alaçığını qayınanamın alaçığından sonra qoyaq, bu daha düzgün olar. Arvadlarımla gənizimin alaçığının arasında heç olmasa bir alaçıq olar. Necə deyərlər, gözdən iraq, xudmani bir yer...

- Əla, bizim görüş yerimiz daha xəlvət olar, -dedi.

Bu minvalla keçmiş baldızın alaçığını keçirdik qayınananın alaçığından o yana. Bu qərardan arvadlarım da razı qaldı, kənizim da. Odur ki, o gündən bu günə firavan, qəm-qüssədən uzaq yaşayırıq. Nə Stalinin əli bizə çatır, nə də itin-qurdun. Fəqət bu vaxt ərzində beş qadın dünyaya bir uşaq gətirə bilmədi... Görünür, səbəb məndədir.

Mirdaməd köks ötürdü. Mən araya çökən sükutdan istifadə eyləyib:

- Stalin nə gəzir, o çoxdan ölüb! - Dedim.

Mirdaməd yerindən atıldı:

- Nə danışırsan? Stalin öldü?

- Bir ildir.

- Stalin də ölərmiş!

Mirdaməd qalxıb dəyələrə tərəf qaçdı:

- Stalin ölüb! Stalin ölüb! – deyə qışqırmağa başladı.

Qayınana içiqarışıq onun xanımları qıy vura-vura bayıra çıxıb yallı tuturlarmış kimi qol-qola verib mahnı deyə-deyə rəqs eləməyə başladılar.

Mən də yerimdən durub sevincindən gözyaşlarını saxlaya bilməyən Mirdamədə yaxınlaşdım:

- Stalin ölüb. Daha nə sənin arvadlarına, nə də qayınanana heç bir qorxu, təhlükə yoxdur. Bunları da götür, qayıt vətənə. Bu meşədə haçana qədər bir qarın ac, bir qarın tox yaşayacaqsınız? Yəqin xalaqızı da sənin yolunu gözləyir.

Mirdaməd bir müddət gözlərimin içinə zilləndi, sonra göz yaşını silib:

- Sözün düzü, yurd-yuva üçün burnumun ucu göynəyir... Amma xalaqızı məni gözləməzdi, yəqin indi əri də var, uşaqları da...  – deyə dərindən bir köks ötürdü.

- Gözləyərdi, - dedim.

- Lap belə gözləsə də,  mən onu ala bilmərəm, artıq dörd arvadım var... - sonra qəmqarışıq gülümsünərək əlavə etdi, - artıq limitim qurtarıb.

- O sənin ilk nişanlın olub, bunlardan birinə üç dəfə təlaq deyərsən, dönüb olar cariyən, beləliklə xala qızı üçün yer boşaldıb onu özünə arvad alarsan.

Mirdaməd fikrə getdi, sonra arvadlarından daha yaşlısının gərdəninə zilənib:

- Olar... – dedi.

Bu minvalla Mirdamədin köhnə yük maşınına doluşduq. Bu dəfə Qrethen də maşının bortuna qalxmalı oldu, çünki, kişi məni xanımlarının yanına buraxmaq istəmədi, kabinada yanında oturtdu.

Biz tərəfə çıxan qatar axşam saat on birdə yola düşürdü. Biz də maşından düşüb bilet kassasına cumduq, Mirdamdin bəxtindən üstümdə pul götürmüşdüm. Mən onları düz 23:55-də qatara mindirib vətənə yola saldım.

Xeyli vaxtdan sonra Mirdaməddən bir məktub aldım. Yazırdı ki, xalaqızı ərə getməyib, xalaoğlunun nə ölüm xəbərinə, nə də itkin düşmə xəbərinə inanıb, düz on yeddi il nişanlısının yolunu gözləyib. Belə olduqda Mirdaməd məcburiyyət qarşısında qalıb dördüncü arvadını, yəni İzoldanı arvadlıqdan çıxarıb cariyə eləyib. Onun yerinə isə xalaqızını alıb.

Aradan illər keçdi. Mirdamədlə əlaqəmiz kəsilmədi. Bu yaxınlarda məni oğlunun toyuna dəvət etdi. Toyda bildim ki, xalaqızı ona bir oğul doğub. Elə bil, tale də bunu gözləyirmiş. Bundan sonra gəlhagəl başlayıb: Qrethen ard-arda üç qız, yerdə qalan arvadları da hərəsi bir qız, bir oğul dünyaya gətirib, hələ kənizlərdən olanları demirəm. Xalaqızı da alman qadınları ilə bəhsə giribmiş kimi, beş uşaq yenə doğub. Bu minvalla uzun illər uşaq üzünə həsrəti qalan Miordaməd 15, cariyələrinkiylə birlikdə 18 övlad atası olur. Qudalar da ki, Meri ilə Mirdamadın anası Gülüzar nəvələrə baxıb sevinə-sevinə qarıyıblar. Deyilənə görə, Meri lap qocalanda yaddaşını bir az itirib, Mirdaməddən hər gün soruşarmış: Şprexen zi doyiç?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
525.az

1Sources