EN

Bahalaşma iqtisadi sabitliyə belə təsir göstərəcək KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Qlobal tədarük zəncirindəki pozuntular və dünya bazarında neftin qiymətinin artması fonunda enerji ixrac edən ölkələr, o cümlədən Azərbaycan əlavə gəlirlər əldə edir. Lakin bu müsbət tendensiya ilə yanaşı, artan logistika xərcləri, geosiyasi gərginliklər və idxal qiymətlərinin yüksəlməsi daxili bazarda yeni iqtisadi təzyiqlər yaradır.

Bəs neftin bahalaşması Azərbaycan üçün qazanc gətirsə də, bu proses ölkə daxilində qiymətlərin artmasına və iqtisadi sabitliyə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, dünya bazarında neftin bahalaşması Azərbaycanın proqnozlaşdırılmış gəlirlərinin artmasına səbəb olub.

“Bu artım həm Dövlət Neft Fondunun, həm də neft ixracından formalaşan dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərir. Xüsusilə, cari il üçün nəzərdə tutulmuş baza qiymətdən daha yüksək neft qiymətləri ümumi gəlirlərin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr, uzun müddətdir davam edən Rusiya–Ukrayna müharibəsi və ABŞ–İran arasında gərginlik qlobal ticarət zəncirinə ciddi təsir göstərir. Bu faktorlar logistika marşrutlarının uzanmasına, daşınma xərclərinin artmasına və ümumilikdə dünya ticarətində aktivliyin zəifləməsinə səbəb olur”.

R.Abbasbəylinin sözlərinə görə, neftin bahalaşması yalnız enerji sektoruna deyil, aqrar, sənaye və metallurgiya sahələri də daxil olmaqla, demək olar ki, bütün istiqamətlər üzrə qiymət artımını stimullaşdırır.

“Bu isə qeyri-neft məhsullarının idxalından asılı olan Azərbaycan kimi ölkələr üçün əlavə çətinliklər yaradır və nəticədə daxili bazarda bahalaşma təzyiqlərini artırır.

Hazırda Azərbaycanda kəskin qiymət artımı müşahidə olunmur. Bunun əsas səbəbi əvvəlcədən idxal edilərək ehtiyat kimi saxlanılan məhsulların mövcudluğudur. Bu amil qısa müddətdə bazarda qiymət sabitliyini qorumağa imkan verir”.

Lakin ekspert xəbərdarlıq edib ki, mövcud geosiyasi gərginliklərin davam etməsi və ya daha da dərinləşməsi halında vəziyyət dəyişə bilər.

“Münaqişələrin uzanması, logistika problemlərinin artması və tədarük zəncirindəki fasilələrin davam etməsi yaxın aylarda Azərbaycanda ərzaq və sənaye məhsullarının qiymətlərində yeni bahalaşma dalğasına səbəb ola bilər”.

Beləliklə, neft gəlirlərinin artması qısa müddətdə iqtisadi sabitliyə dəstək versə də, qlobal risklər fonunda idxaldan asılılıq Azərbaycanın daxili bazarında qiymət artımı ehtimalını gündəmdə saxlayır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
konkret.az

2Sources