Nadir torpaq metallarına tələbat sürətlə artır, lakin istehsal və tədarük bu artımı tam təmin edə bilmir.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (BEA) “Nadir torpaq elementləri: təhlükəsiz və diversifikasiya olunmuş tədarük zəncirlərinə yollar” hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 17 nadir torpaq metallı gələcəyin texnologiyaları üçün çox önəmlidir. Bu elementlər elektrik avtomobillərinin istehsalı və süni intellekt məlumat mərkəzlərindən robototexnika və müdafiə sənayesinə qədər sahələrdə istifadə olunur. Xüsusilə daimi maqnitlər üçün lazım olan neodim, praseodim, disprozium və terbium elementlərinə tələbat çox sürətlə artır. Belə ki, sözügedən elementlərə 2015-ci ildən bəri tələbat iki dəfə yüksəlib və 2030-cu ilə qədər təxminən 30%-dən çox artacaq.
Əsas problem ondan ibarətdir ki, nadir torpaq elementlərinin böyük hissəsi Çində hasil olunur, mədən və emal edilir. Belə ki, qeyd olunan elementlərin dünya istehsalının 60%-i, emalın isə 90%-dən çoxu Çinin payına aiddir. Bununla yanaşı, qlobal daimi maqnitlərin istehsalının təxminən 95%-i də bu ölkənin payına düşür. Bütün bunlar isə qlobal tədarük zəncirlərini çox həssas edir.
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Çin tərəfindən tətbiq olunan ixrac məhdudiyyətləri qısa müddətli ciddi pozuntulara səbəb olub və Çindən kənardakı bəzi istehsalçılar əsas komponentləri təmin etməkdə çətinliklərlə üzləşiblər, bəzi hallarda isə istehsalı azaltmaq məcburiyyətində qalıblar. Hesabat göstərir ki, belə məhdudiyyətlər tam həyata keçirilərsə, hər il Çindən kənarda təxminən 6,5 trilyon ABŞ dolları dəyərində iqtisadi fəaliyyət risk altında ola bilər və ən çox təsir avtomobil, elektronika və nəqliyyat sektorlarında hiss olunacaq.
“Diversifikasiya olunmuş tədarük zəncirlərinin inkişaf etdirilməsi üçün növbəti on il ərzində təxminən 60 milyard dollar investisiya tələb olunacaq. Bu əhəmiyyətli məbləğ olsa da, tədarük pozuntuları nəticəsində potensial iqtisadi itkilərin miqyasına nisbətən kiçikdir”, - hesabatda vurğulanır.
Hesabatda diversifikasiyanı dəstəkləmək üçün tədbirlərin sırasına fövqəladə hallara hazırlığın gücləndirilməsi, dəyər zəncirinin əsas mərhələlərində investisiyaların artırılması, həm təklif, həm də tələb tərəfli innovasiyanın sürətləndirilməsi və qiymət şəffaflığının yaxşılaşdırılması daxildir.
Qeyd edək ki, nadir torpaq metalları (NTM) dövri cədvəlin 17 elementindən (skandium, itrium və 15 lantanid) ibarət, müasir yüksək texnologiyalar, müdafiə sənayesi, elektrikli avtomobillər və bərpa olunan enerji üçün kritik əhəmiyyətli xammaldır.