EN

Aydın Hüseynov: Azərbaycan–Gürcüstan əməkdaşlığı Orta Dəhlizin qlobal ticarətdə rolunu gücləndirir

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər regionda dayanıqlı inkişafın, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın mühüm sütunlarından biri kimi çıxış edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında formalaşmış etibarlı siyasi dialoq və qarşılıqlı iqtisadi əməkdaşlıq xüsusilə nəqliyyat-logistika sahəsində mühüm nəticələr verməklə Orta Dəhlizin dünya ticarətində rolunun artmasına ciddi töhfə verir.

“Hazırkı qlobal geosiyasi və iqtisadi şəraitdə beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi xüsusi aktuallıq kəsb edir. Ənənəvi nəqliyyat dəhlizlərində müşahidə olunan məhdudiyyətlər, geosiyasi risklər və artan yük həcmləri Avropa ilə Asiyanı birləşdirən alternativ marşrutlara marağı daha da artırıb. Bu kontekstdə Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz qlobal ticarət zəncirinin mühüm və etibarlı hissəsinə çevrilməkdədir. Azərbaycanın son illərdə nəqliyyat infrastrukturuna yönəltdiyi irihəcmli investisiyalar Orta Dəhlizin funksionallığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Xəzər dənizi hövzəsində yaradılmış müasir logistika imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, eləcə də ölkə ərazisindən keçən dəmir yolu və avtomobil magistrallarının modernləşdirilməsi yükdaşımaların sürətini və səmərəliliyini artırır”, - deyə Aydın Hüseynov vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan ilə Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin əsas sütunlarından biri olmaqla Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz bağlantılardan birini təmin edir: “Gürcüstanın Qara dəniz limanları ilə Azərbaycanın Xəzər üzərindən qurduğu inteqrasiya olunmuş nəqliyyat şəbəkəsi yüklərin fasiləsiz daşınmasına, multimodal daşımaların inkişafına və tranzit potensialının tam reallaşdırılmasına şərait yaradır. Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr yalnız tranzit imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda, region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə, ticarət dövriyyəsinin artmasına və yeni investisiya imkanlarının formalaşmasına təkan verir. Bu marşrut vasitəsilə Çin, Mərkəzi Asiya ölkələri və Avropa arasında yükdaşımaların müddəti əhəmiyyətli dərəcədə azalır ki, bu da onu digər alternativ marşrutlarla müqayisədə daha cəlbedici edir”.

Aydın Hüseynov əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq da nəqliyyat layihələri ilə paralel şəkildə inkişaf edir və bu, regionun ümumi iqtisadi dayanıqlığını gücləndirir. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr iki ölkə arasında tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Deputat vurğulayıb ki, rəqəmsallaşma və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində atılan addımlar Orta Dəhlizin effektivliyini daha da artırır. “Bir pəncərə” prinsipi, elektron sənəd dövriyyəsi və sürətli sərhəd keçid mexanizmləri yükdaşımaların vaxtını minimuma endirərək biznes üçün əlverişli mühit yaradır. Onun fikrincə, Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı etimad bu layihələrin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Dövlət başçıları arasında müntəzəm təmaslar, imzalanan sənədlər və həyata keçirilən birgə təşəbbüslər Orta Dəhlizin davamlı inkişafını təmin edən əsas amillər sırasındadır.

Deputat qeyd edib ki, mövcud əməkdaşlıq modeli gələcəkdə daha geniş coğrafiyanı əhatə etməklə Orta Dəhlizin qlobal ticarətin əsas arteriyalarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır. Bu isə həm region ölkələrinin iqtisadi inkişafına, həm də beynəlxalq ticarət sisteminin daha dayanıqlı və şaxələndirilmiş şəkildə fəaliyyət göstərməsinə xidmət edir.

Müxbir - Vüqar Qurbanoğlu

Chosen
9
1
azertag.az

2Sources