EN

Həbib Ağayev: "Avropa çempionatının seçmə mərhələsində çox çətin qrupa düşmüşük"

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda çox çətin qrupa düşüb.

Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Həbib Ağayev deyib.

O, aprelin 5-dən Mərdəkanda keçirilən hazırlıq prosesinin əsas istiqamətlərindən danışıb:

"Aprelin 9-dək Mərdəkanda toplanışdayıq. Əsas məqsədimiz komandanın həm müdafiə, həm də hücum fazasında birlikdə hərəkət etməsini mükəmməlləşdirməkdir. Daha çox taktiki və texniki elementlər, müdafiədən çıxış, presinqin qurulması, topa sahibolma zamanı gediş yolları və hücuma keçidlər üzərində çalışmışıq. Ümumiyyətlə, komandanın kompaktlığı və oyun intizamı əsas prioritetlərimiz olub".

H.Ağayev seçmə mərhələdəki rəqibləri dəyərləndirib:

"Bu qrup ümumilikdə kifayət qədər çətindir. Xorvatiya həm fiziki, həm də taktiki cəhətdən çox güclü komandadır və meydan sahibi olduqları üçün favorit sayılırlar. Çexiya intizamlı və aqressiv futbol oynayır, oyun boyunca tempi yüksək saxlayırlar. Gürcüstan son illər çox inkişaf edib, sürətli hücumlarla təhlükəli ola bilirlər. Favorit kimi əsasən Xorvatiyanı görürük, amma hər rəqibə qarşı öz planımız var".

Komandanın durumuna toxunan mütəxəssis bəzi problemlərin olduğunu gizlətməyib:

"Hazırkı vəziyyəti tam ideal adlandırmaq olmaz. Heyətdə həm zəif çıxış edən, həm də tam bərpa olunmayan futbolçular var. Bu, təbii ki, hazırlıq prosesində müəyyən çətinliklər yaradır. Amma bütün bunlara baxmayaraq, qızların məşqlərdə göstərdiyi əzm və istək bizi qane edir. Hər biri üzərinə düşəni maksimum yerinə yetirməyə çalışır və bu da komanda daxilində müsbət atmosfer yaradır. Ümumilikdə vəziyyət mükəmməl olmasa da, beynəlxalq oyunlar üçün kifayət qədər hazırlıqlı olduğumuzu deyə bilərəm. Əsas üstünlüyümüz futbolçuların motivasiyası və dözümlülüyüdür".

O, sıx oyun qrafiki və bərpa prosesi haqqında danışıb:

"8 gün ərzində üç ağır oyun keçirmək, təbii ki, müəyyən çətinliklər yarada bilər. Amma bunun üçün bütün bərpa prosesi tam nəzarətdə olacaq. Həkim və məşqçi heyəti futbolçuların optimal şəkildə bərpa olunması üçün əlindən gələni edəcək. Düzdür, oyunlar ağır olacaq, amma biz hər qarşılaşmada mübarizə aparacağıq və maksimum nəticə üçün çalışacağıq".

Həbib Ağayev turnirdəki hədəfləri də açıqlayıb:

"Minimum hədəfimiz öz oyunumuzu göstərmək, komandanın inkişafını nümayiş etdirmək və mümkün qədər çox xal toplamaqdır. Maksimum hədəf isə qrupdan növbəti mərhələyə çıxmaqdır".

Qeyd edək ki, Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq. Bu qrupun oyunları aprelin 11-dən 17-dək Xorvatiyada keçiriləcək.

Chosen
14
1
far.az

2Sources