EN

DTX Vüqar Tofiqoğlunun istintaqını yekunlaşdırdı SƏNƏDLƏR PROKURORLUĞA TƏQDİM OLUNDU

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlu) istintaqı yekunlaşıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə saytımıza baş redaktorun qardaşı Cəsur Məmmədov məlumat verib. Onun sözlərinə görə, cinayət işinin materialları artıq Baş Prokurorluğa təqdim olunub və sənədlərə qarşıdakı 5 gün ərzində baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluq ittiham aktını əsassız hesab edərsə, iddia rədd oluna bilər. Əks halda cinayət işi məhkəməyə yönləndiriləcək.

C.Məmmədov onu da bildirir ki, DTX-nın ittiham aktında Cinayət Məcəlləsinin 193-1.3.2, 274 və 278.1-ci maddələri yer almır. Bu isə bir daha onu təsdiq edir ki, Vüqar Tofiqoğlunun “Ramiz Mehdiyev işi” ilə bağlı ittiham olunması, dəfələrlə qeyd etdiyimiz kimi, absurd, kimlərinsə xəyal məhsulundan başqa bir şey olmayıb.

O ki qaldı konkret ittiham olunan maddələrə, qeyd edək ki, burada da hər hansı faktlar mövcud deyil və istintaqın gedişində ortaya heç bir ciddi sübut qoyulmayıb.

Xatırladaq ki, V.Tofiqoğlu Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 -cü maddələri ilə ittiham edilir. DTX-nın əlində olan yeganə “sübut” budur ki, guya Vüqar Tofiqoğlu “Veysəloğlu” şirkətini şantaj edərək, hər ay nə az, nə çox, düz 200 manat vəsaitin “Hürriyyət” qəzetinin hesabına köçürülməsinə nail olub. Halbuki, söhbət qarşı tərəfin müraciəti əsasında bağlanılan rəsmi reklam müqaviləsindən gedir və bunun qarşılığında saytımızda hər ay şirkətə məxsus ən azı 4-5 material dərc olunub. Üstəlik, “Veysəloğlu” bu müqaviləni yalnız “Hürriyyət”lə deyil, ölkədə nəşr olunan əksər qəzet və saytlarla bağlayıb. Bu faktın özü də ittihamın qondarma olduğunu ortaya qoyur.

 Bütün bunlar haqqda sabah Hurriyyet.az saytında daha ətraflı məlumat verəcəyik.

Onu da xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində öncə 3 ay 13 gün, 9 fevral tarixində isə əlavə olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. "Hürriyyət" qəzetinin kollektivi baş redaktor barəsində irəli sürülən bütün ittihamları əsassız və sifarişli hesab edir.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
hurriyyet.az

1Sources